Ölkəmizdə mərc oyunları epidemiyaya çevrilib

SOSİAL 21 noyabr 2024, 16:48
Dünyanın aparıcı səhiyyə ekspertlərinin fikrincə, qumar qlobal ictimai sağlamlıq üçün artan təhlükəyə çevrilib və bu problem alkoqol və tütünlə eyni qaydada tənzimlənməklə təcili şəkildə həll edilməlidir.

 Lancet Xalq Sağlamlığı Komissiyası tərəfindən dərc edilən hesabatda, cib telefonlarının və internetin geniş istifadəsi ilə, mərc oyunları nisbətlərinin sürətlə artdığı və bu vəziyyətin düşünüləndən çox insana mənfi təsir etdiyi vurğulanıb.

Hesabata görə, dünyada təxminən 450 milyon insan bu cür oyunlarla bağlı davranış problemi və ya zərərli şəxsi, sosial və ya sağlamlıq problemləri ilə üzləşir.

Bu insanların ən azı 80 milyonu həyatlarında mənfi nəticələrə baxmayaraq, davamlı və təkrarlanan mərc oyunlarından əziyyət çəkir. Alimlər bunu "qumar pozğunluğu" adlı psixi sağlamlıq problemi adlandırır.

Demokrat.az problem ilə bağlı araşdırma aparıb:

Ölkəmizdə də qumar aludəçisi olan insanların sayı az deyil. Bunların böyük hissəsini kişilər təşkil edir. Ailə, həyat tərzlərinin dəyişməsi, istəklərin artması səbəbindən insanlar oturduqları yerdən pul qazanmaq həvəsi ilə mərc oyunlarına müraciət edirlər.

Həmin məşhur mərc oyunları sosial şəbəkələr üzərindən elə şəffaf bir şəkildə reklam edilir ki, gənclər rahatlıqla tələyə düşə bilirlər.

Mütəxəssislər texnologiya və internet vasitəsilə verilən qumar reklamlarının gənclərə və uşaqlara böyük təsir etdiyini və bunun da qumar asılılığı riskini artırdığını bildirib. Xüsusilə onlayn kazinolar və idman mərc oyunları qumar oyunlarının sürətlə artdığı sahələr kimi seçilir.

Hesabatda qumarın təkcə maddi itkilərə deyil, həm də fiziki və ruhi sağlamlıq problemlərinə səbəb olduğu bildirilir.  Bunun məişət zorakılığı, intihar riski, cinayət nisbətlərinin artması kimi ciddi nəticələrə səbəb olduğu da bildirilib.

Həmçinin müəyyən qrupların, xüsusən də yeniyetmə və uşaqların qumar reklamlarına daha çox məruz qaldığı və bu qrupların qumar oyunlarının zərərlərinə daha həssas olduğu bildirilib.
 Mütəxəssislər bu təhlükənin sürətlə artdığını və qumarın qlobal problemə çevrilməmişdən əvvəl daha güclü tənzimləmələrə ehtiyac olduğunu vurğulayırlar.

Bir çox başqa ölkələr kimi ölkəmizdə də sosial şəbəkələrdə olan mənfi kampaniyalara qarşı nəzarətedici sistem yoxdur. Bütün bunlardan qorunmaq insanların öz iradəsinin öhdəliyinə buraxılıb. Dalğa getdikcə yüksəlib ətrafında olanlara zərər verməyə davam edir.

Bu barədə mətbuat və mütəxəssislər tərəfindən maarifləndirmə işlərinin aparılması artıq zərurətə çevrilib.

Əfsanə Kamal
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 noyabr 2024, 21:47
Top