Xəbər verdiyimiz kimi, Xəzər dənizində naməlum bir varlıq görünüb və bu qeyri-adi hadisə geniş marağa səbəb olub.
Ətrafda olan şahidlər məxluqun nəhəng ölçüdə olduğunu və suyun səthində bir müddət üzərək yoxa çıxdığını bildiriblər. Sosial şəbəkələrdə paylaşılan videolar və görüntülər izləyicilər arasında maraqla qarşılanıb, müxtəlif müzakirələrə yol açıb. Çoxları bu məxluqun balina olduğunu ehtimal etsə də, bəziləri isə videonun quraşdırma olduğuna inanıb.
Xəzərin sularında tək-tük belə bir hadisənin yaşanması hər kəsdə suallar doğurub və bunun nadir bir təbiət hadisəsi olub-olmadığı maraqla gözlənilir.
Demokrat.az xəbər verir ki, məsələ ilə bağlı Ajans.az-a açıqlama verən AMEA-nın Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev bildirib ki, bəzən bu cür hadisələr quraşdırılma olur:
"Xəzər dənizində balinalar yaşaya bilməz. Bəzi hallarda delfinlərin buraya qədər gəldiyi bilinir. Xüsusilə, nəhəng ölçülərdə görünən dəniz canlısının balina ola biləcəyi ehtimalı daha çox irəli sürülür. Xəzər dənizində nərə balığı kimi nəhəng ölçülü balıqlar yaşayır. Lakin bəzi şahidlərin dediyinə görə, görünən varlıq çox böyük olduğundan bu canlı adi balıqlardan fərqlənir. Elə bir heyvan ola bilməz axı... Mən indi onunla bağlı nəsə deyə bilmərəm. Görməmişəm. Görünənlər isə nədənsə xəbər vermir. Tutaq ki, balinadır. Hardan gələ bilər ki?"
AMEA rəsmisi qeyd edib ki, iqlim dəyişikliyi səbəbindən dənizlərdə müəyyən dəyişikliklər olur və bəzi canlı növləri daha əvvəl görünmədikləri yerlərə gəlib çıxırlar:
"Bu da ola bilər ki, Xəzər dənizində ilk dəfə rast gəlinən bir canlı növüdür. Bəzi hallarda suyun səthində optik illüziyalar yaranaraq qəribə formalar yarada bilər. Əgər belədirsə, bu varlıq sadəcə işıq və suyun birləşməsindən yaranan bir optik təsir də ola bilər".