“e-Culture” rəqəmsal idarəetmə modeli ilə bağlı təqdimat keçirildi — FOTOLAR

MƏDƏNİYYƏT 31 oktyabr 2024, 17:11

Bu gün Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyi tərəfindən “e-Culture” rəqəmsal idarəetmə modeli çərçivəsində görülmüş işlərlə bağlı təqdimat keçirilib.

Demokrat.az xəbər verir ki, mədəniyyət nazirinin müavini Səadət Yusifova tədbirdə çıxış edərək mədəniyyət sahəsində rəqəmsallaşma siyasəti haqqında məlumat verib.

“Hazırda ənənəvi mədəniyyət formatı getdikcə dəyişir. Yeni nəsil insanlar mədəniyyəti rəqəmsal formatda qəbul edirlər. Rəqəmsallaşma bütün sahələrə nüfuz edir və mədəniyyətin də ayrılmaz hissəsinə çevrilib. Buna görə də “e-Culture” rəqəmsal idarəetmə strategiyası yaradılıb. Rəqəmsal idarəetmə sahəsində fəaliyyətin təşkilinin və əlaqələndirmənin həyata keçirilməsinin xüsusi əhəmiyyətini nəzərə alaraq, Mədəniyyət Nazirliyinin müvafiq əmri ilə rəqəmsal idarəetmənin təkmilləşdirilməsi üzrə İşçi Qrup yaradılıb. İşçi Qrup tərəfindən mədəniyyət sektorunda təhlillər aparılıb, mədəniyyətin rəqəmsallaşdırılması istiqamətində yerli və beynəlxalq təcrübə öyrənilib, mövcud vəziyyətin və beynəlxalq təcrübənin təhlili ilə məqsədlər, prioritet istiqamətlər, sahə üzrə əsas klasterlər və hər bir klaster üzrə müvafiq modullar müəyyənləşdirilib. Klasterlər və modulların alqoritmik kəsişdirilməsi ilə “e-Culture” matrisi” formalaşdırılıb”,- nazir müavini bildirib.



S.Yusifova qeyd edib ki, Azərbaycan Prezidentinin 2021-ci il 6 mart tarixli 1294 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydası”na uyğun olaraq, İşçi Qrup tərəfindən “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “e-Culture” rəqəmsal inkişaf strategiyası” (2024–2026-cı illər) hazırlanaraq təsdiq edilib.

Nazir müavini, həmçinin “e-Culture” rəqəmsal strategiyasının 10 prioritetinin müəyyənləşdiyini açıqlayıb. Əlavə edib ki, strategiyanın əhatə etdiyi dövr ərzində bir çox hədəflərə nail olunub: “Strategiyanın əhatə etdiyi dövr ərzində Mədəniyyət Nazirliyində vahid “Elektron Kabinet” sisteminin tətbiqi və bütün aidiyyəti resursların bu kabinetə inteqrasiyası, mədəniyyət sahəsində bütün müvafiq klasterlər üzrə, eləcə də onlayn biletlərin təmin edilməsi, Mədəniyyət Nazirliyinin fərdi məlumatlar toplanan və işlənən bütün informasiya sistemlərinin “Fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestri”nə daxil edilməsi və s. hədəflərə nail olunması nəzərdə tutulur”.

Mədəniyyət Nazirliyinin Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad Əzizov nazirliyin “e-Culture” rəqəmsal inkişaf strategiyasının icrası haqqında danışıb.

Hazırda rəqəmsallaşma ilə bağlı bir sıra islahatların aparıldığını deyən nazirlik rəsmisi qeyd edib ki, ölkəmizdə bunun üçün münbit şərait yaradılıb: “Məqsəd və hədəflərimiz aydındır. Mədəniyyət sahəsində çalışan 10 minlərlə insanın rəqəmsal standartlarla bağlı məlumatlı olmalıdır. Biz strategiyanın icrasına başlayarkən gördük ki, bütün klasterlərdə müəyyən işlər görülüb. Hər sahənin aparıcı müəssisəsi tam şəkildə rəqəmsal daxili yol xəritəsini özü üçün hazırlamalıdır. Biz bütün sahəni rəqəmsallaşdırmaq və 2 il ərzində kağızdan tam imtina etmək istəyirik”.

O vurğulayıb ki, İT parkın və şəbəkə təhlükəsizliyinin auditi aparılıb. Şəbəkə və kibertəhlükəsizlik arxitekturası işlənilib. Müxtəlif klasterlər və modullar üzrə ümumilikdə 10 təlim keçirilib, rəqəmsal analitik təhlillərin aparılması təmin edilib.

Milli domen zonası üzrə 20 domen adı vahid inzibatlaşma siyasəti çərçivəsindən, xarici domen zonaları üzrə 7 domen nazirliyin domen hesabına keçirilib. Müxtəlif klasterlər və modullar üzrə hüquqi baza təhlil edilib. “İMES.culture.az” resursunun kodları və data bazası “Ultra” şirkətindən götürülüb. Bakı şəhəri üzrə 37 musiqi məktəbindən İMES Reyestrdə işləmək üçün məsul şəxslər (57 müəllim) müəyyənləşdirilib. Mədəniyyət Nazirliyinin 40-dan çox informasiya resursu audit olunub. Nazirliyin iki fərdi məlumatların informasiya sisteminin dövlət qeydiyyatına alınması təmin edilib. Eləcə də ölkə üzrə informasiya sistemlərinə inteqrasiya və “Hökumət Buludu”na keçid təmin olunub. Bundan əlavə, daxili idarəetmənin rəqəmsallaşması da həyata keçirilib.

Hazırda Mədəniyyət Nazirliyinin ölkə üzrə mədəniyyət obyektləri və müəssisələrinin reyestrinin təkmilləşdirilməsi üzrə işlər davam etdirilir. Bundan başqa, Bakı şəhəri üzrə 13 mədəniyyət müəssisəsi və 30 incəsənət məktəbində ödənişli tədris və dərnəklərin qeydiyyatı, ödənişlərin onlayn həyata keçirilməsi təmin edilib. 11 xidmətin biznes modeli qurulub, texniki tapşırığı hazırlanıb. 6 xidmət elektronlaşdırılıb, hazırda test mərhələsindədir. Mədəniyyət Nazirliyinin feysbuk sosial şəbəkəsindəki rəsmi hesabının tanıdılması (“Blue tick”) təmin edilib. Elektron imza sertifikatları ilə bağlı Milli Sertifikat Xidmətləri Mərkəzinə (MSXM) müraciət edilib və vahid reyestr yaradılıb. Pilot layihə olaraq Rəşid Behbudov adına 2 nömrəli 11 illik Uşaq Musiqi Məktəbində tətbiq edilib.

R. Əzizov, həmçinin bildirib ki, ötən il keçirilən uşaq festivalının analitik təhlili aparılıb və nəticələrinin alqoritmik kəsişdirilməsi həyata keçirilib: “Mədəniyyət Nazirliyi ölkə üzrə mədəniyyət obyektlərinin reyestrinin yenidən strukturlaşdırılması və yenilənməsini həyata keçirir. 2025-26-cı illərdə vahid mədəniyyət reyestrini formalaşdırmağı düşünürük. Bizim yaratdığımız “My culture”, vahid şəxsi kabineti yaratmaqla bir pəncərə prinsipi əsasında mədəniyyəti rəqəmsal prizmadan tanımaq imkanı yaradır”.

Mədəniyyət Nazirliyi Media və kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova nazirliyin rəsmi saytı (“culture.gov.az”) barədə məlumat verib: “Biz yeni formatda sayt təqdim edəcəyik. Artıq sayt test rejimində işləyir. Təhlükəsizlik sisteminin qurulması, əlçatanlıq bizim saytı izlənilən, maraqlı resursa çevirəcək”.

 






SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top