Hərbi ekspertdən xəbərdarlıq: "Ermənistan üzərinə götürdüyü öhdəlikləri ən qısa zamanda yerinə yetirməsə…"

SİYASƏT 11 sentyabr 2024, 17:01
"44 günlük Vətən müharibəsində məğlub olan Ermənistan üç tərəfli birgə bəyanatı imzalamaqla bir çox öhdəlikləri, o cümlədən də Zəngəzur dəhlizinin açılmasını üzərinə götürüb. Ancaq Ermənistan tərəfinin üzərinə götürdüyü öhdəliyi 4 ildir ki, yerinə yetirməməsi Azərbaycan tərəfinin səbr kasasını daşırmağa hesablanıb". 

Bu sözləri Demokrat.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. 

O bildirib ki, Azərbaycan tərəfinin səsləndirdiyi bəyanatlara baxmayaraq, Ermənistan rəhbərliyi, xüsusilə də baş nazir Nikol Paşinyan mövcud vəziyyəti yəni Zəngəzur dəhlizinin açılmadan sülh sazişi istiqamətində prosesləri ləngitməyə davam etdirməklə, ən azından öz hakimiyyət dövründə Zəngəzur dəhlizini açmamağa çalışır:

“Görünən odur ki, həm atəşkəsin intensiv şəkildə pozulması, həm Ermənistanın reallıqlara tam əks olan bəyanatlar səsləndirməsi, Azərbaycan tərəfindən daha təsirli və adekvat addımlar atılması ilə nəticələnə bilər. İranın bu məsələdə Ermənistanın mövqeyini dəstəkləməsi, yəni sərhədlərin toxunulmaması, beynəlxalq hüquq və s. kimi məsələlər əldə bayraq edilməsi Azərbaycanı bir o qədər də maraqlandıra bilməz. Çünki 30 illik işğal dövründə nə Ermənistandan, nə İrandan, nə də Ermənistanın digər havadarlarından beynəlxalq hüquqa, ərazi bütövlüyünə, suverenliyinə dair bəyanatlar eşitmirdik. Amma indi məsələ Ermənistana aid olunca, bir çoxlarının beynəlxalq hüquq, ərazi bütövlüyü və suverenliyi kimi məsələlər yada düşür. 

Xatırlatmaq lazımdır ki, Naxçıvanla Azərbaycanın ikitərəfli maneəsiz əlaqəsini nəzərdə tutan dəhliz Mehri istiqamətindən açılmayacaqsa, o zaman Azərbaycan Naxçıvanla əlaqəsini qurmaq üçün ərazini özü seçməli olacaq. Bu isə heç də Ermənistanın İranla sərhədindən keçməyəcək. Ona görə də Ermənistan tərəfi üzərinə götürdüyü öhdəlikləri ən qısa müddətdə yerinə yetirməlidir. Əks halda Ermənistan ağır cəzalanacaq”.


Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top