"Azərbaycanlıların dəyəri 1 milyon dollardan artıq olan startap layihələri dünya bazarına çıxıb" — Yeni mərkəzlər yaradılır

SOSİAL 11 sentyabr 2024, 16:48
Azərbaycanda innovasiya mərkəzləri yaradılacaq. Nəqliyyat və Rəqəmsal İnkişaf Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri İnara Vəliyeva "Chain Reaction 2024" forumu çərçivəsində keçirilən "Mədəniyyət olaraq innovasiyalar" adlı panel müzakirəsində bu barədə məlumat verib. 

Onun sözlərinə görə, ilk innovasiya mərkəzləri oktyabr ayında Bakı və Sumqayıt şəhərlərində istifadəyə veriləcək. 


Bundan başqa ilin sonuna kimi Gəncədə, gələn il isə Bakıda daha bir neçə innovasiya mərkəzlərinin yaradılacaq. İnnovasiya mərkəzlərinin yaradılmasında məqsəd təqaüd, təhsil, inkubasiya proqramlarını cəmləşdirməklə, regionlarda şahibkarlıq düşüncəsinin, xüsusən texniki sahədə startapların ərsəyə gətirilməsini stumullaşdırmaqdır. 

İnnovasiya mərkəzlərinin innovasiya mədəniyyətinin formalaşmasında əhəmiyyət kəsb etdiyini deyən İ.Vəliyeva vurğulayıb ki, bu, son nəticədə yeni ideyaların formalaşması üçün münbit şərait yaradır: 

“Böyük şirkətlərdə bu cür ideyalara çox tələbat var. Startapçılar öz növbəsində məhsullarını satmaq üçün imkan əldə edəcəklər. Biznes sektoru bu sahənin inkişafında əsas rol oyanayacaq”.

Təhsil eksperti Elçin Süleymanov Demokrat.az-a açıqlamasında qeyd edib ki, innovasiyalar, startaplar son illərdə dünyada aktuallıq qazanıb. E.Süleymanov bunun arxasında eko-sistem, süni zəka və iqtisadiyyatın dayandığını deyib:

“Startaplar nəticəsində ortaya çıxan fikirlər layihələrə çevrilir, bu layihələr də həm ideya müəllifinə, həm də ölkəyə dəyər qazandırır. ABŞ, Cənubi Koreya, Yaponiya kimi inkişaf etmiş ölkələrdə və bəzi Avropa ölkələrində startaplar dövlət büdcəsinə gəlir gətirir”. 
 
Azərbaycanda da son illərdə startap layihələrinin həyata keçirildiyini diqqətə çatdıran ekspeet əlavə edib ki, Bakı şəhəri və Abşeron rayonu ölkənin beyin mərkəzidir:

“Aparıcı universitetlər də paytaxtda yerləşir, innovasiyalar, startaplar üçün texnoparklar bu ərazilərdə yaradıla bilər. Bakı və Sumqayıt şəhərlərində innovasiya mərkəzlərinin yaradılması təqdirəlayiq haldır. Bu mərkəzlər neft-qaz industriyasının inkişafına dəstək ola bilər, eyni zamanda ekologiyanın yaxşılaşdırılması üçün “yaşıl iqtisadiyyat”ın genişləndirilməsinə təkan verə bilər. Düşünürəm ki, yeni ideyalar ölkə iqtisadiyyatına mənfəət qazandırır. 

Son illərdə ölkədə müxtəlif dövlət qurumları startap layihələrinə dəstək olur. Artıq azərbaycanlıların dəyəri 1 milyon dollardan artıq olan startap layihələri dünya bazarına çıxıb. İnnovasiya-inkubasiya mərkəzlərində yeni layihələrin maliyyə istiqamətləri müzakirə oluna bilər. Müxtəlif problemlərin həllinə yönəlik startaplar ərsəyə gətirilərsə, ölkəyə dəyər qatacağını düşünürəm”.


Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 yanvar 2025, 08:27
Top