Ermənistan sərhəddə səngər qazır, bunker tikir — Toqquşmaya hazırlıq görülür?

HƏRBİ 29 avqust 2024, 10:18
Ötən gün Azərbaycan Ordusunun Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub. Ermənistanın silahlanması, Baş nazir Nikol Paşinyanın Müstəqillik Bəyannaməsi ilə bağlı dediyi fikirlərdən konstitusiya dəyişikliyinə getməyəcəyi aydın olur. Yəni həm ölkəsinə ağır texnikalar, silah-sursat daşıyır, sərhəddə işlər aparır, həm də Azərbaycanın sülh müqaviləsinin imzalanması üçün irəli sürdüyü əsas şərtə müsbət yanaşmır.

Yeni eskalasiya gözləniləndir? Bakının bu addımlara cavabı nə olacaq?

Demokrat.az xəbər verir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan hərbi ekspert Səxavət Məmməd deyib ki, Ermənistan-Azərbaycan münasibətləri gərgindir:

“Bu gərginlik meydana da enməyə başlayır. Naxçıvan və Kəlbəcər istiqamətində intensiv şəkildə atəşkəsin pozulduğunun şahidi oluruq. Ermənistan Baş naziri Nikol Paşinyan və müdafiə naziri Suren Papikyan Kəlbəcər və Naxçıvan istiqamətlərinə səfərlər edərək yeni bunkerlər, müdafiə qurğuları tikdiklərini, yaranacaq hər hansı vəziyyətə hazır olduqlarını göstərdilər. Ermənistan həmişə sülhdən yayınırdı. Nikol Paşinyan açıq şəkildə bildirmişdi ki, 2026-cı ildən tez konstitusiya dəyişikliyini edə bilməyəcəklər”.

Səxavət Məmmədin sözlərinə görə, tərəflər arasında gərginliyin eskalasiya səviyyəsinə çatmasında əsas səbəblərdən biri Rusiya-Qərb rəqabətidir:

“Zəngəzur dəhlizi savaşın tərkib hissəsidir. Tərəflər geri addım atmaq istəmir. Rusiya 10 noyabr birgə bəyanatına əsasən Zəngəzur dəhlizinə yerləşmək istəyir. ABŞ və Fransa isə bundan narahatdır. Kreml həmin məsələnin üzərinə gəldikcə münasibətlər daha da gərginləşəcək. Rusiya Prezidenti Vladimir Putinin Bakıya səfəri də onun Azərbaycanın yanında olduğunu göstərməyə hesablanmışdı. Buna paralel olaraq ABŞ və Fransanın sürətlə Ermənistanı silahlandırması onların əsas marağından xəbər verir. Rəsmi Vaşinqtonun və Parisin bu addımına Ankaranın necə reaksiya verəcəyi sual doğurur. Çünki bu dövlətlər NATO-ya üzvdür. Alyans üzvü olan Türkiyə heç Ukrayna müharibəsində konkret mövqe ortaya qoymadı. Sülh danışıqlarına getməyə çalışsa da alınmadı”.

Hərbi ekspertin fikrincə, rəqiblər və onların arxasındakı güclər bəllidir:

“Bu rəqiblər – Azərbaycan və Ermənistan öz istəyi ilə müharibə etmək istəmir. Lakin bu iki ölkənin tərəfində olan qüvvələr eskalasiyada maraqlı olarsa, toqquşma qaçılmaz olacaq. Burada İranın da mövqeyi maraqlıdır. Toqquşma baş verərsə, Ermənistanın ərazisinə keçəcək və İranın prosesə qoşulub-qoşulmayacağı sual yaradır. Rəsmi Tehranın mövqeyi həlledici olacaq”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top