Bəzi partiya sədrləri seçkiyə gedir, Hafiz Hacıyevlə Fəzail Ağamalı isə namizəd olmayacaq

DAXİLİ SİYASƏT 17 iyul 2024, 19:56
Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa deputatlığa namizəd olacaq.

Demokrat. az APA-ya istinadən xeber verir ki fazil Mustafa özü ilə birlikdə rəhbərlik etdiyi partiyanın ümumilikdə 35 namizədi sənədlərini müvafiq qaydada dairə seçki komissiyalarına təqdim edib: “Mən budəfəki seçkidə 26 saylı Sabunçu I seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin deputatlığına namizəd olaraq iştirak edəcəyəm. Artıq müvafiq sənədləri dairə seçki komissiyasına təqdim etmişəm. Partiyamız bu dəfə seçkiyə müxtəlif dairələrdən 35 namizədlə qatılacaq”.

Qeyd edək ki, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı budəfəki seçkilərdə iştirak etməyəcəyini bildirsə də, VI çağırış Milli Məclisin deputatı, parlament sədrinin müavini, Fəzail İbrahimli APA-ya açıqlamasında bu dəfə də seçki marafonuna VHP-nin namizədi qismində qatılacağını deyib.

O, 73 saylı Masallı-Cəlilabad seçki dairəsindən deputatlığa namizədliyini irəli sürəcəyini bildirib.

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı isə APA-ya açıqlamasında budəfəki parlament seçkisinə qatılmamaq qərarı verdiyini deyib: "Mən bu dəfə növbədənkənar parlament seçkilərinə qatılmamaqla bağlı qərar vermişəm. Mənim əvəzimə seçkidə 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsindən Ana Vətən Partiyasının sədrinin Humanitar və Kommunikasiya Məsələləri üzrə müşaviri Günay Ağamalı namizədliyini irəli sürüb".

Qeyd edək ki, Günay Ağamalı Fəzail Ağamalının qızıdır.

Fəzail Ağamalıdan fərqli olaraq, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev seçkiyə qatılacaq. Onun sözlərinə görə, rəhbərlik etdiyi siyasi təşkilat hələlik 11 nəfərin namizədliyini irəli sürüb: “Növbədənkənar parlament seçkilərində həm mən, həm də partiyamız fəal iştirak etməyi planlaşdırır. Hələlik siyahı üzrə 11 nəfərin namizədliyi müəyyən olunub. Özüm də seçkilərə qatılmaqla bağlı qərar vermişəm”.

Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə də budəfəki seçkidə həm özünün, həm də partiyanın iştirak qərarını açıqlayıb. O, APA-ya bildirib ki, AMİP seçkiyə 14 namizədlə qatılacaq: “Partiyadan 12 namizəd dairələrə müraciət edib. Onlardan imza vərəqələri alanlar var. İki nəfər isə öz təşəbbüsü ilə namizədliyini irəli sürüb. Faktiki olaraq 14 namizədimiz var. Özüm isə 27 saylı Sabunçu II seçki dairəsindən namizədliyimi irəli sürmüşəm”.

Ədalət, Hüquq və Demokratiya Partiyasından APA-ya deyilib ki, partiyanın sədri Qüdrət Həsənquliyev də növbədənkənar parlament seçkilərində iştirak edəcək.

“Artıq iki gündür ki, Ədalət, Hüquq və Demokratiya Partiyası olaraq namizədlərimizin sənədləri dairə seçki komissiyalarına təqdim olunur və bildirişlər alınır. Dünəndən başlayan proses çərçivəsində 20-yə yaxın namizəd təqdim edilib. Partiyamızın sədri Qüdrət Həsənquliyevin də namizədliyi 36 saylı Xətai-Suraxanı seçki dairəsindən irəli sürülüb və dünən sənədlər təqdim olunub”, - deyə partiyadan bildirilib.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev isə APA-ya açıqlamasında sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək niyyətində olmadığını vurğulayıb: “Seçkiyə hazırlıq çərçivəsində partiyadan 11 nəfərin namizədliyi irəli sürülüb. Onlardan bir neçəsinin sənədləri hazırlanaraq, müvafiq qaydada dairə seçki komissiyalarına təqdim olunub. Mən özüm isə seçkidə iştirak etmək niyyətində deyiləm”.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
07 sentyabr 2024, 22:54
Top