"Universitetlərdə məzunların assosiasiyası yaradılmalıdır" — TƏKLİF

GÜNDƏM 10 iyul 2024, 13:46
Universiteti bitirən məzunların iş tapmaqda çətinlik çəkməsi günümüzdə hələ də aktuallığını saxlayan problemdir. İş yerləri, şirkətlər işə götürərkən namizəddən təcrübə tələb edir. Yenicə məzun olmuş gənclərdə isə haqlı olaraq sual yaranır - Təcrübəni harada qazanmaq olar? Ölkədə gənclər üçün təcrübə proqramları isə azdır. 

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı Elmin Nuri Demokrat.az-a açıqlamasında deyib ki, gənclər üçüb təcrübə proqramlarının az olmasının səbəbi universitetlərin daxilindəki karyera mərkəzlərinin formal fəaliyyət göstərməsidir: 

"Yalnız bir neçə universitet var ki, orada karyera mərkəzləri aktiv fəaliyyət göstərir, dövlət qurumları ilə əməkdaşlıq edir, tələbələri özünə cəlb edir. Karyera mərkəzləri tərəfindən tələbələr üçün təlimlər, seminarlar keçirilir, əmək yarmarkaları təşkil olunur. Bunlar tələbələrin gələcək iş həyatları üçün atılan addımlardır. Təcrübə proqramlarının olmaması və ya formal fəaliyyət göstərməsi, məzunların əmək bazarının, istehsalat dünyasının tələblərinə cavab verə bilməməsi onu göstərir ki, tələbələr düzgün istiqamətləndirilmir". 

Ekspertin fikrincə universitetin işi yalnız müəyyən ixtisaslar üzrə tələbələrə bilik ötürmək olmamalıdır:

"Tələbə təkcə ixtisasa yiyələnməli deyil. Burada karyera bələdçiliyi, iş mühitinə adaptasiya, hədəflər paketinin hazırlanması, tələbə üçüb fərdi inkişaf proqramlarının qurulması kimi məsələlərə də önəm verilməlidir. Bizim universitetlər yalnız bir istiqamətdə inkişaf edib. Sadaladığım istiqamətlər təəssüf ki bizdə yoxdur, universitetlər düzgün strategiya qurmur. Niyə universitetlərdə məzunların assosiasiyası yoxdur. Məzunlarla motivasiya xarakterli görüşlər keçirmək, kommunikasiyalar qurmaq olar. Bəlkə məzunlar arasında elələri var ki tələbələr üçün yaşıl işıq rolunu oynayacaqlar. 

Son vaxtlar tələbələr üçün universitet daxilində əmək yarmarkaları çox nadirən keçirilir. Bu, mənfi haldır. Əvvəllər bəzi universitetlər ildə 1-2 dəfə bunu təşkil edirdi, hətta bu yolla iş tapan tələbələr də olurdu. İndi bu, azalıb. Təcrübə proqramları ilk öncə universitetlərdən başlamalıdır. Belə olarsa, tələbələr özlərini iş dünyasına hazır hiss edərlər".

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 oktyabr 2024, 22:36
Top