“İranla münasibətlər daha da inkişaf edəcək” — Politoloq

GÜNDƏM 09 iyul 2024, 14:27
“İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkian hər zaman ölkədə islahatların keçirilməsini dəstəkləyib. Dövlət səviyyəsində yeniliklər edilməsinin, İranın xarici ölkələrlə münasibətinin inkişaf etdirilməsinin vacibliyini ifadə edib. Pezeşkianın prezident seçkilərində qalibiyyətini türk xalqının qələbəsi kimi də dəyərləndirmək olar”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında “World Panorama” Strateji Araşdırmalar Mərkəzinin sədri Ramiyə Məmmədova deyib.

Politoloq qeyd edib ki, SEPAH-la Pezeşkianın münasibətləri yaxşı olmasa da Xamneyinin verdiyi dəstək onun seçkilərdə qalib gəlməsində rol oynadı:

“Azərbaycan-Ermənistan münasibətlərində də Pezeşkian Azərbaycanı dəstəkləyib. Düşünürəm ki, bu, Azərbaycanla gələcək münasibətlərə müsbət təsir edəcək. Azərbaycanla yaxşı münasibətlərin olması bu gün İranın daha çox xeyrinədir. İran başa düşür ki, Azərbaycan və Ermənistan arasında gedən proseslərə yanaşmanı dəyişməlidir. Ermənistan artıq İranın hər zamankı kimi tərəfdaşı ola və onu dəstəkləyə bilməz. İranda 40 milyona yaxın azərbaycanlı yaşayır, yəni İran indi daha çox Azərbaycanla münasibətlərin inkişaf etdirilməsi barədə düşünməlidir, nəinki Ermənistanı dəstəkləmək. Pezeşkianın hakimiyyətə gəlişindən sonra İranın xarici siyasətində Azərbaycana qarşı münasibətin dəyişdiyini görəcəyik. Prezident İlham Əliyev Pezeşkianı Azərbaycana dövlət səfərinə dəvət edib. Azərbaycana səfərindən sonra İran liderinin Türkiyəyə səfər etməsi gözlənilir. Bu dəvət onu göstərir ki, türklər birləşməlidir və Azərbaycan bunun üçün səy göstərir. 

Hesab edirəm ki, İranla münasibətlərdə əvvəlki dövrlərlə müqayisədə daha çox irəliləyiş əldə olunacaq. İran geosiyasi vəziyyəti nəzərə alıb Azərbaycan və Türkiyə ilə münasibətləri qaydasına salacaq”. 

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top