"Xankəndi şəhəri uğurlu inkişaf yoluna qədəm qoyur" — Millət vəkili

GÜNDƏM 05 iyl 2024, 20:42
"Xankəndi və keçmiş Dağlıq Qarabağ ərazisində olan məskənlər Azərbaycan mühitinə qayıtdı. Azərbaycanda gedən inkişaf artıq həmin ərazilərin yenidən qurulmasında öz əksini tapır".

Bu fikirləri Demokrat.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib. Xankəndinin qədim Azərbaycan şəhəri olduğunu vurğulayan deputat bildirib ki, şəhər öz inkişafı ilə tezliklə digər Azərbaycan şəhərləri sırasında yer alacaq:

"Bu gün bu öz təsdiqini tapır. Xankəndi Azərbaycanda yeni qurulan və perspektivi ilə diqqətləri özünə cəlb edən Qarabağ Universitetinin yerləşdiyi şəhərdir. Bu o deməkdir ki, Xankəndidə vaxtaşırı beynəlxalq tədbirlər və görüşlər keçiriləcək. Bunun üçün şəhərdə geniş və müasir bir məkanın olmasına ehtiyac var idi. Həmçinin, Xankəndi zamanla qonaqların təşrif buyurduğu bölgə olacaq. Burada hotelin açılması onların rahatlığını və istirahətini yüksək səviyyədə təmin edəcək. Bundan sonra da biz Xankəndidə quruculuq işlərinin davam etdirilməsinin, şəhərin inkişaf yoluna qədəm qoymasının şahidi olacağıq".

Qeyd edək ki, Prezident İlham Əliyev iyulun 5-də Xankəndi şəhərində əsaslı təmir və bərpadan sonra “Palace” hotelinin açılışında iştirak edib. Prezidentin iştirakı ilə Xankəndi Konqres Mərkəzinin də təməli qoyulub. 

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top