“İlham Əliyevin növbəti dəfə ŞƏT-ə dəvət olunması Azərbaycanın artan siyasi və iqtisadi gücündən xəbər verir”

GÜNDƏM 05 iyl 2024, 16:09
Xəbər verdiyimiz kimi, iyulun 4-də Qazaxıstanın paytaxtı Astana şəhərində "ŞƏT plyus” formatında görüş keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Azərbaycanın bu görüşə dəvət olunmasını şərh edən QHT sədri, ekspert Səbuhi Abbasov bu hadisənin ölkəmizin dünyanın siyasi mənzərəsində tutduğu mühüm yerin isbatı olduğunu dedi: 

"Son 20 ildə Prezident İlham Əliyevin  uğurlu siyasi gedişləri ölkəmizin beynəlxalq aləmdə nüfuzunun durmadan arması ilə nəticələnir. Azərbaycanın Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrinin Zirvə görüşünə ikinci dəfə dəvət olunması dövlətimizin, Prezident İlham Əliyevin beynəlxalq münasibətlər sistemindəki mühüm rolunun, dünya liderləri arasındakı böyük nüfuzunun əyani sübutudur. Görünən odur ki, digər mühüm beynəlxalq platformalar kimi, ŞƏT də geosiyasi reallıqları düzgün dəyərləndirir. Bu platformada dünyanın nüfuzlu və mötəbər qurumları təmsil olunur. Azərbaycanın artan siyasi və iqtisadi qüdrəti, strateji coğrafi mövqeyi, icra etdiyi böyük layihələr ölkəmizi dünyanın cazibə mərkəzinə çevirib. Ölkəmizin sahib olduğu tranzit və nəqliyyat-logistika imkanları, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi – Orta Dəhlizin yaradılmasına verdiyi ciddi dəstək ŞƏT-ə üzv dövlətlərin diqqətini cəlb edir və onlar Azərbaycanla əməkdaşlığa maraq göstərirlər. Təşkilatın təsisçilərindən olan Qazaxıstan prezidentinin Azərbaycanın gələcəkdə bu mötəbər quruma tamhüquqlu üzv ola biləcəyinin anonsunu verməsi isə yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilməlidir. Azərbaycan 2020-ci ildə BMT-nin icra olunmayan qətnamələrini icra etdi və bölgədə yeni reallıqlar yaratdı. Bu reallıqlar dünyanın iqtisadi, logistika siyasətini yeni mərhələyə daşımış oldu. Şanxay Əməkdaşlıq Təşkilatının sammitləri tək siyasi deyil, eyni zamanda, iqtisadi tribunadır. Xüsusi vurğulamalıyam ki, bütün dünya həm də İlham Əliyevin dünya liderləri ilə münasibətini təhlil etməkdədir. Bu münasibətlər İlham Əliyev faktorunun tək regionda deyil, bütün dünyada mühüm rol oynadığını göstərir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top