"Özəl daşıyıcılar qarşısında qoyulan bu tələb kəskinləşəcək" — AÇIQLAMA

GÜNDƏM 02 iyl 2024, 14:34
Bakının bəzi qəsəbələrinə yeni marşrutlar istifadəyə verilib. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin məlumatında bilirilir ki, Hövsan qəsəbəsini (MİDA) “28 May” metro stansiyası və “Əhmədli” metro stansiyası ilə əlaqələndirən 120 və 121E, həmçinin Şüvəlan və Mərdəkan qəsəbələrini Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi ilə əlaqələndirən 140 və 140E nömrəli marşrutlar sərnişinlərin istifadəsinə verilib.

Sürətli sərnişin daşınmasını təmin edəcək 121E və 140E nömrəli ekspres marşrutlar saat 06:30 – 21:00-dək fəaliyyət göstərəcək və yalnız marşrut üzrə əvvəlcədən müəyyən edilmiş dayanacaq məntəqələrində dayanacaq. Bu da sərnişinlərin daha qısa vaxt ərzində təyinat məntəqəsinə çatmasına şərait yaradacaq.
Marşrutlar üzrə müasir və ekoloji təmiz nəqliyyat vasitələri sərnişinlərə xidmət göstərəcək.

“28 May” metro stansiyasını Günəşli qəsəbəsi ilə əlaqələndirən 46 nömrəli müntəzəm marşrutun istismarı isə müsabiqədə qalib gələn yeni daşıyıcı tərəfindən həyata keçiriləcək.
Qeyd edilən marşrutlar üzrə müasir “Avro 6” standartına uyğun ekoloji baxımdan təmiz sıxılmış təbii qaz mühərrikli orta və böyüktutumlu avtobuslar nağdsız qaydada fəaliyyət göstərəcək.

Bundan əlavə, M.Şərifli küçəsi (Vərəm dispanseri) – Xətai rayonu Cavanşir küçəsini əlaqələndirən 12 nömrəli müntəzəm marşrutda müasir və rahat avtobuslar istifadəyə verilib.
Optimallaşdırma işləri çərçivəsində Şüvəlan – Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi istiqamətində fəaliyyət göstərən 136 nömrəli müntəzəm marşrut ləğv edilib.
Yeni marşrut şəbəkəsi xidmət səviyyəsinin yüksəlməsini təmin edəcək.

Nəqliyyat eksperti Eldəniz Cəfərovun sözlərinə görə verilən qərarlara əsasən Bakı şəhərində ictimai nəqliyyatda marşruta çıxarılan avtobuslar ekoloji cəhətdən təmiz nəqliyat vasitələri olmalıdır.

Ekspert Demokrat.az-a açıqlamasında deyib ki, dizellə işləyən avtobuslar isə ümumiyyətlə istismardan çıxarılmalıdır:

“Bu tələb özəl daşıyıcılar qarşısında qoyulub və biz artıq müşahidə edirik ki, qismən də olsa, onlar buna əməl etməyə başlayıb. İctimai nəqliyyatda qiymətlərin tənzimlənməsindən sonra özəl daşıyıcılar qarşısında qoyulan bu tələb bir qədər də kəskinləşəcək. Bütün daşıyıcılar bu ilin sonuna qədər istismara buraxdıqları nəqliyyat vasitələrini yeniləməli, avtobuslar ekoloji təmiz və təhlükəsiz olmalıdır, havaya karbon qazı buraxılmamalıdır. Söhbət xüsusilə dizel yanacağı ilə işləyən avtobuslardan gedir. 

İmkan və vəsait həmişə var. Bilirsiniz ki, bu ilin yazında İqtisadiyyat Nazirliyi ilə dünyanın tanınmış elektrobus istehsalçısı olan Çinin BYD şirkəti ilə müqavilə imzalandı. Buna əsasən payızda ölkəmizə 150 ədəd yeni elektrik mühərrikli avtobus gətiriləcək. Növbəti illərdə gözlənilir ki, elektrik mühərrikli nəqliyyat vasitələri artıq ölkəmizdə yığılacaq”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top