“Prezident İslam Kərimov çəkələyini qızına atdı” — ABŞ-nin Özbəkistandakı keçmiş səfiri

DÜNYA 30 iyn 2024, 00:29

ABŞ-nin Özbəkistandakı keçmiş səfiri Corc Krol Harvard Universitetinin Rusiya və Avrasiya tədqiqatları aparan Devis Mərkəzi üçün yazdığı xatirələrində prezident İslam Kərimov və onun böyük qızı Gülnarə Kərimova ilə tanışlığından bəhs edib.

Corc Krol 2011-ci ildən 2014-cü ilə qədər ABŞ-nin Özbəkistandakı səfiri olub.

Onun sözlərinə görə diplomat etimadnaməsini təqdim edəndən sonra İslam Kərimovla bir xeyli söhbətləşə bilib.

Krol xatırlayır ki, bir saatadək çəkən söhbət zamanı Kərimov Özbəkistana qonşu ölkələr haqqında gileyli şərhlər verib, zarafat edib: “Bundan sonra Kərimov ayağa qalxıb məni qapıyadək ötürdü. Sonralar öyrəndim ki, o bu jesti başqa qonaqlar üçün nadir hallarda edir. Başlanğıc üçün pis deyil”.

Keçmiş səfir Gülnarə Kərimova ilə görüşündən, Kərimovların ailədaxili münasibətlərinə cəlb olunmağından da söhbət açıb: “Bir dəfə, mənim səfirlik müddətimin sonlarına yaxın mən Kərimovların xeyli qəribə ailədaxili münasibətlərinə cəlb olunmalı oldum. Yeni il ərəfəsində gecə, səfirlikdə işlərimi görürdüm. Bu vaxt mühafizəçi mənə zəng edib dedi ki, məni bir qadın, o vaxt artıq ailə işlərindən uzaqlaşdırılmış Gülnarə Kərimova görmək istəyir. O ABŞ-da doğulmuş iki uşağı ilə gəlmişdi”.

Səfir daha sonra xatırlayır: “Əynində Versace və Gucci firmalarının paltarları olan Kərimova mənə öz həyatından və üzləşdiyi problemlərdən danışdı. Mən ona diqqətlə qulaq asırdım. Narahat idim ki, birdən səfirlikdə sığınacaq istəyər. Mənə bu da qəribə göründü ki, mən adətən hakimiyyətin təzyiqi altında olan özbək insan haqları fəallarını qəbul edirdim, amma indi Özbəkistan prezidentinin qızı guya təqib olunmasından danışırdı”.

Corc Krol xatirələrinə davam edir: “Onun iki saatlıq üzücü monoloqunun sonunda (əlbəttə, o atasının qızı idi) ehtiyatla məndən nə istədiyini soruşdum. O soruşdu ki, atası ilə onun görüşünü təşkil edə bilərəmmi? Onun sözlərinə görə atası ilə görüşünə onun anası, bacısı və Kərimovun əhatəsindəki başqaları mane olurdular”.

Səfir bu söhbətin ardınca prezident qızını həyətdə gözləyən cipə qədər ötürdüyünü və atası ilə görüş təşkil etməyə çalışacağını vəd etdiyini yazır: “Ertəsi gün Kərimovla əlaqə saxlaya bildim. Bundan az sonra Gülnarə mənə şad xəbər göndərdi ki, görüş təyin olunub. Amma sonra ondan öyrəndim ki, görüş heç də xoş keçməyib və söhbət onunla tamamlanıb ki, Kərimov ayağındakı çəkələkləri Gülnarəyə atıb. Bundan sonra Gülnarəni bir daha görmədim”.

Səfirin sözlərinə görə Kərimovun özü ona bu insident barəsində heç vaxt danışmayıb. (Azadlıq Radiosu)

Özbəkistanın birinci prezidenti 2016-cı ildə vəfat edib.

2013-cü ildə Özbəkistanda Gülnarə Kərimovaya mənimsəmə və vergidən yayınma ilə bağlı iki cinayət işi açılıb. Birinci iş üzrə 2015-ci ildə verilən hökmlə onun azadlığı 5 il müddətinə məhdudlaşdırılıb. 2017-ci ildə keçirilən ikinci iş üzrə Kərimova 10 il müddətinə azadlıqdan məhrum edilib.

2020-ci ilin martında Daşkənd məhkəməsi ona qəsd, pul qoparma, israfçılıq və qarət, çirkli pulların yuyulması və başqa ittihamlarla 13 il 4 ay iş kəsib. O 2019-cu ilin yazından cəzasını Daşkənd vilayətinin Zəngiyat rayonundakı 21 nömrəli koloniyada çəkirdi.

Özbəkistanda Gülnarə Kərimovaya qarşı cinayət işləri ABŞ-da və müxtəlif Avropa ölkələrində ona qarşı analoji işlərin açılmasından sonra qaldırılıb. İstintaqın versiyasına görə Kərimova əsasən xarici telekommunikasiya şirkətlərindən – MTS-dən, Vımpelkomdan, ING-dən və Telia Soneradan onlara lisenziyaların verilməsi müqabilində üst-üstə 1 milyard dollar rüşvət alıb.

Bundan sonra o və yaxınları bu vəsaiti ofşor şirkətlərə çıxararaq xaricdə onlarla villa və başqa daşınmaz mülkiyyət alıblar. Özbəkistan hakimiyyətinin məlumatına görə Gülnarə və onun cinayətkar dəstəsinin xaricdəki aktivlərinin ümumi dəyəri 1.4 milyard dollardır.

Özbəkistan hakimiyyəti bu vəsaiti ölkəyə qaytarmağa çalışır..(azpost.info)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top