“Əhali gəlib evi elə yerdə tikir ki, orada sel də ola bilər, sürüşmə də" — AÇIQLAMA

GÜNDƏM 28 iyn 2024, 13:33
Xəbər verdiyimiz kimi, intensiv yağışlar nəticəsində Pirsaat çayının Hacıqabul rayonunun Qubalıbaloğlan kəndindən keçən hissəsinə sel gəlib, bəzi ərazilər subasmaya məruz qalıb. Ərazidə köməksiz vəziyyətdə qalan vətəndaşları Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən təxliyə edilib. Bundan başqa, çayın kənd ərazisindən keçən hissəsində bəndbərkitmə işləri həyata keçirilib. Evlərə isə ciddi zərər dəyib. 

Bu kimi təbii fəlakətlər zamanı ciddi zərərlə qarşılaşmamaq üçün əvvəlcədən hansı tədbirlər görülməlidir? 

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında ekoloq Fikrət Cəfərov bildirib ki, iqlim dəyişiliyi səbəbindən get-gedə bu cür fəlakətlər arta bilər. 

Fikrət Cəfərov  qeyd edib ki, təbii fəlakətlərə qarşı həm dövlət, həm də ictimaiyyət tərəfindən ortaq addımlar atılmalı və bunun qarşısı birlikdə alınmalıdır:

“İqlim dəyişikliyi bir başa belə hadisələrin baş verməsinə gətirib çıxaracaq. Ümumiyyətlə, 3-4 gündür leysan yağışlar yağır və çox yerlərdə daşqınlar baş verib. Bu təbii fəlakətdir. Ona hazırlıqlı olmaq lazımdır. Birinci növbədə dövlət tərəfində xüsusi briqadalar təşkil olunmalıdır ki, hadisə baş verəndə onlar insanlara təcili surətdə köməklik göstərsinlər. 

Bunlar ciddi məsələlərdir. Birbaşa dövlət tərəfindən idarə olunmalıdır. Aydırdır ki, leysan yağışları yağanda çay daşır. Dövlət həmin riskləri nəzərə alıb konkret tədbirlər görməlidir. Beləki, ya əlavə bəndlər tikilməli, ya da bu evləri köçürmək lazımdır. Çünki daşqın sürüşmə kimi hallarda insanlara həm maddi, həm də psixoloji zərər dəyir. Fikrimcə, yerli camaatın özləri də müəyyən işlər görməlidir.

Yunanıstanda kəndlərdə, kiçik şəhərlərdə əhali özü dəstə yığır və hadisə baş verərkən 1-ci növbədə özləri işlər görür. Ondan sonra artıq dövlət tərəfindən xüsusi dəstələr gəlir köməklik göstərir. 

Azərbaycanda kəndlər birbaşa çayların məcrasında tikilir. Son 25-30 il demək olar ki, əhali özü gəlib evi elə yerdə tikir ki, orda sel də ola bilər, sürüşmə də. Ev tikəndə fikirləşmək lazımdı bu ev nə qədər təhlükəsiz bir yerdə tikilib. Riskləri nəzərə almırlar”. 

Əfsanə Rəcəb
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top