Diplomatik fırıldaqçılıq: Ermənistan sülhə imza atmağa hazırdır?

GÜNDƏM 28 iyn 2024, 13:01
 “Ermənistan tərəfinin bir ay ərzində verdiyi oxşar açıqlamalar manipulyasiya xarakteri daşıyır. Tərəflər arasında ziddiyyətli məqamlar var. Məsələ təkcə sərhədlərin delimitasiyası prosesi deyil və yaxud da kommunikasiyaların açılması. Ən böyük maneələrdən biri Ermənistanın mövcud konstitusiyasıdır. Konstitusiyada Azərbaycana qarşı açıq ərazi iddiaları var. Ermənistan tərəfi bunu daxili məsələsi olaraq qəbul edir və bildirir ki, bu, maneə olmamalıdır. Halbuki əgər onun hüquqi aktlarında Azərbaycana qarşı ərazi iddiaları aradan qaldırılmadan sülh müqaviləsi imzalanarsa, bu sülhün davamlı olması sual altına düşəcək”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib. Onun fikrincə, heç kim zəmanət verə bilməz ki, yaxın gələcəkdə Ermənistanda hakimiyyət dəyişməyəcək və yeni hakimiyyət konstitusiyanın tələblərini əsas götürərək sülhdən imtina etməyəcək: 

“Hakimiyyət dəyişməsə belə geosiyasi vəziyyət dəyişərsə və bunun regiona təsiri olarsa, indiki hakimiyyət də ölkə qanunvericiliyini əsas gətirib sülhü gözardı edə bilər. Ermənistan ona görə bir ay ərzində sülh sazişinin imzalanmasına çalışır ki, ilk öncə konstitusiyanın dəyişdirilməsi tələbindən xilas olunsun. Bu məsələni sül sazişindən kənarlaşdırmağa çalışır. Baş nazir Nikol Paşinyan yeni Konstitusiyanın 2026-ci ilə qədər qəbul edilməsini nəzərdə tutan qanun imzaladı. Bu da o deməkdir ki, bundan sonra azı iki il Ermənistan hakimiyyəti hansısa Konstitusiya dəyişikliyini nəzərdə tutmur. Belə olan halda sülhdən danışmaq bir qədər çətindir”. 



Ekspert diqqətə çatdırıb ki, ABŞ-nin təşəbbüsü ilə Ermənistanda müəyyən proseslər gedir, onun təqdim etdiyi gündəlik Ermənistan dövlətinin maraqlarına uyğun gəlir:

“Zəngəzur dəhlizinin açılması və Azərbaycanın Naxçıvanla maneəsiz əlaqəsi məsələsi var. Azərbaycandan Zəngəzurdan keçərək Naxçıvana gedəcək yüklər, eyni zamanda sərnişin daşınması Ermənistan tərəfindən gömrük yoxlamalarına məruz qalmamalıdır, yəni maneəsiz keçid olmalıdır. Görünür ki, ABŞ-nin təklif etdiyi gündəlikdə bu məsələ heç də Azərbaycanın xeyrinə həll olunmur. Bu da Ermənistana sərf edir. Digər tərəfdən Ermənistan Almatı sazişini sülh gündəliyinə daxil etməyə çalışır. Sərhədlərin delimitasiyasını Almatı sazişinə uyğun etmək istəyir, bu da SSRİ dağılarkən mövcud olan sərhəd xətlərini nəzərdə tutur. Bu da Azərbaycanın maraqlarına uyğun deyil, çünki belə olarsa, Ermənistan SSRİ dövründə ona verilən Azərbaycan əraziləri üzərində legitimlik qazanar”. 
A.Nərimanlı hesab edir ki, qarşı tərəf sərhədlərin delimitasiyası, kommunikasiyalar, həmçinin konstitusiyanın dəyişdirilməsi məsələlərini arxa plana keçirmək və istədiyinə nail olmaq üçün belə açıqlamalar verir:

“Amma hansı şərtlərlə buna hazırdır, bu, sual altındadır. Ermənistanın bu davranışlarını  diplomatik fırıldaqçılıq da adlandırmaq olar. Göstərmək istəyir ki, biz sülhə hazırıq, sülhü istəyirik, Azərbaycan tərəfi isə yox. Vəziyyət bu cür davam edərsə, belə yaxın vaxtda sülhün imzalanacağını real hesab etmirəm”.

Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkəsinin bir ay ərzində Azərbaycanla sülh sazişinin yekun mətnini hazırlayaraq imzalamağa hazır olduğunu bildirib. Onun dediyinə görə, Ermənistan ərazi bütövlüyünün qarşılıqlı tanınması və 1991-ci il Almatı Bəyannaməsi əsasında dövlət sərhədinin müəyyən edilməsi əsasında münasibətləri normallaşdırmağa hazırdır.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top