“Arvadım dayım nəvəsinin ona qarşı xoşagəlməz hərəkətlər etməsini dedi” — Qanlı dava

HADİSƏ 27 iyn 2024, 11:21
Salyan rayonunda 1962-ci il təvəllüdlü Aslan şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı dayısı nəvəsi Bəhrama (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Aslan Bəhramın bir müddət əvvəl onun və rəsmi nikah qeydiyyatından keçmədən faktiki birgə yaşadığı arvadı Ləman haqqında kənd içərisində nalayiq, təhqiramiz ifadələr işlətdiyi üçün ondan qisas almaq qərarına gəlib.

Bu məqsədlə Aslan 26 dekabr 2023-cü ildə, saat 18:30-da yaşadığı evdə spirtli içki qəbul etdikdən sonra yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində Salyan rayonunun kəndinin ərazisində yerləşən dükanın yan tərəfində olan,
ətrafı şifer və taxta ilə hasarlanmış əraziyə gedib. Orada dayanan Bəhrama özündə olan bıçaqla bir neçə zərbə vurub. 

Hadisəni törədən Aslanın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Aslan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, beş ildir Ləman ilə evlidir: “Arvadım ilə rəsmi nikahımız yoxdur. Buna baxmayaraq Ləman və iki azyaşlı uşağım ilə birlikdə Salyan rayonunun kəndində özümə məxsus fərdi yaşayış evində yaşamışam. Rəsmi olaraq heç bir yerdə işləməmişəm. Lakin təsərrüfat işləri ilə məşğul olmuşam”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, zərərçəkmiş Bəhram hım həmkəndlisi, həm də dayısı nəvəsidir, onunla münasibətləri yaxşı olub: “Mən bir müddət əvvəl kənd sakinlərindən eşitdim ki, arvadım Ləman haqqında Bəhram nalayiq, təhqiramiz ifadələr işlədib, onun yüngül əxlaqlı qadın olduğunu danışıb. Hadisə olan günü isə arvadım Ləman Bəhramın həqiqətən də ona qarşı nalayiq sözlər danışıb, xoşagəlməz hərəkətlər etməsini dedi. Mən də Bəhramın belə hərəkət etməsindən əsəbiləşdim”.

Aslanın sözlərinə görə, dekabrın 26-da, günorta saatlarında evdə yemək yeyərkən bir qədər araq içib: “Araq içsəm də, tam sərxoş olmadım, özümü idarə edə bilmişəm. Həmin gün axşam saatlarında qərara gəldim ki, gedib Bəhramla görüşüb, onun dediklərini aydınlaşdırım. Sonra bıçaq götürüb cibimə qoydum və kəndin içərisinə getdim. Bəhramın əmisi oğlu Fəridlə birlikdə kəndin içərisində yerləşən dükanın yanında dayandığını gördüm. Bu zaman Bəhramı yanıma çağırdim. Sonra ondan nəyə görə kənd içərisində arvadım haqqında nalayiq ifadələr işlədərək onu təhqir etdiyini soruşdum. Bəhram də belə bir şeyin olmadığını bildirdi. Bəhramın bu sözündən sonra daha da əsəbiləşdim. Gödəkcəmin cibindən bıçağı çıxararaq Bəhramı vurmaq istədim. Lakin Bəhram əli ilə bıçağı tutaraq kənara çəkildi. Sonra yenidən Bəhrama yaxınlaşaraq ona bir-iki dəfə bıçaqla vurdum”. 

Aslan qeyd edib ki, daha sonra bıçağı hadisə yerə atıb və oradan uzaqlaşaraq yaşadığı evə gedib: “Az sonra polis əməkdaşları mənə zəng etdilər və harada olmağımı soruşdular. Mən də evdə olduğumu, paltarımı dəyişib hadisə olan yerə gələcəyimi dedim. Sonra paltarımı dəyişdim və Bəhramı bıçaqla vurduğum yerə - dükanın yan tərəfində olan ətrafı şifer və taxta ilə hasarlanmış həyətyanı sahəyə getdim. Yolda polis əməkdaşları ilə rastlaşdım. Onlar məni polis maşınına mindirib hadisə olan yerə apardılar. Bəhramı bıçaqla vurduğum yeri və bıçağı atdığım ərazini polislərə göstərdim. Həmin yerdə polislər tərəfindən bıçaq aşkar edilərək götürüldü”.

Aslan bildirib ki, hadisə baş verən vaxt orada Bəhramın əmisi oğlu Fərid olub: “Hadisədən sonra ora kənd sakinləri gəlib. Həmin vaxt əsəbi və həyacanlı olduğumdan hadisə yerinə kimlərin gəlməsini xatırlamıram. Bəhram ilə aramızda olan söhbət və hadisə təxminən beş dəqiqə çəkdi.  Mənim Bəhram ilə əvvəlcədən düşmənçilik və ya ədavətim olmayıb. Həmişə qohum kimi münasibətlərimiz yaxşı olub. Lakin Bəhram mənim və arvadım barədə kənd içərisində daim nalayiq, əhqiramiz ifadələr işlətdiyindən təxminən son 1 ildən bəri münasibətlərimiz pisləşib. Elə bu səbəbdən də Bəhramı cəzalandırmaq məqsədi ilə onu bıçaqla vurmuşam. Lakin onu öldürmək niyyətim olmayıb. Baş vermiş hadisədən az müddət sonra Bəhram mənimlə barışıb. Mən xəsarət yetirdiyimə görə Bəhrama üzrxahlıq edərək əməlimdən peşman olduğumu bildirmişəm. Həm də Bəhramın müalicəsi ilə bağlı ona maddi köməklik etmişəm.  Hazırda həmkəndli və qohum kimi Bəhram ilə münasibətlərim yaxşıdır. Mən Bəhrama xəsarət yetirdiyimə görə əməlimdən peşmanam”.

İş üzrə zərərçəkmiş Bəhramın sözlərinə görə, Salyan rayonun kəndində yaşayır: “Təqsirləndirilən Aslan həm həmkəndlim, həm də atamın bibisi oğludur. Aslan və onun ailəsi ilə münasibətlərim həmişə yaxşı olub. Aramızda münaqişə, ədavət və ziddiyyətlərimiz olmayıb. Dekabrın 26-da, axşam saat 18 radələrində yaşadığım kəndin içərisində olan abidənin yaxınlığında əmim oğlu Fəridlə birlikdə dayanaraq söhbət edərkən Aslan da həmin yerə gəldi. Məni yanına çağıraraq nəyə görə kənddə arvadı və özü haqqında söz-söhbət yaratdığımı soruşdu. Mən də onun və arvadının barəsində heç bir pis söhbətlər etmədiyimi, eşitdiklərimin doğru olmadığını bildirdim. Mənim dediklərimə Aslan məhəl qoymayaraq cibindən bıçaq çıxardı və məni vurmaq istədi. Həmin vaxt bıçağı əlim ilə tutdum, sonra kənara çəkildim. Aslan isə məndən əl çəkmədi, yenidən üstümə gəldi. Bıçaqla bədənimin müxtəlif nahiyələrimə bir neçə zərbə vurdu. Sonra Aslan bıçağı yerə ataraq oradan getdi. Orada olan əmimoğlu Fərid və hadisə yerinə gəlmiş kənd sakinlərinin köməkliyi ilə Salyan rayon mərkəzi xəstəxanasına aparıldım. Bir müddət xəstəxanada müalicə olunduqdan sonra evə buraxıldım”. 

Zərərçəkmiş bildirib ki, Aslan və onun arvadı Ləmanın barəsində kənddə nalayiq, təhqiramiz sözlər söyləməyib: “Mən heç vaxt Ləmana söz ataraq nalayiq ifadələr işlətməmişəm. Aslanın bu söhbətləri kimdən eşitməsini bilmirəm. Ona görə də hesab edirəm ki, Aslan kimsənin yalan sözlərini eşidərək guya mənim bu hərəkətləri etməyim qənaətinə gələrək məni bıçaqla vurub. Baş vermiş hadisədən az müddət sonra Aslanla barışmışam”.

Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Aslan 3 il azadlıqdan məhrum edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top