"Bəzi attraksionlar texniki standartlara cavab vermir" — FHN nəzarəti gücləndirir

GÜNDƏM 25 iyun 2024, 20:41
 Fövqəladə Hallar Nazirliyi (FHN) yay fəsli ilə əlaqədar attraksionlara nəzarəti gücləndirib.

FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində, o cümlədən attraksionların istismarı ilə əlaqədar təhlükəsizliyin təmin edilməsi istiqamətində fəaliyyətini davam etdirir.

Agentlik yay fəsli ilə əlaqədar insanların kütləvi şəkildə istifadə etdiyi ölkənin şəhər və rayonlarındakı müxtəlif məkanlarda yerləşən attraksionların təhlükəsiz istismarının təmin olunması məqsədilə texniki təhlükəsizlik tələbləri ilə bağlı nəzarət-yoxlama tədbirlərini gücləndirib.

Tədbirlərdə Agentliyin əməkdaşları tərəfindən vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə attraksionlarda qanunvericiliyin tələblərinə əməl olunmasının vəziyyəti araşdırılır və müəyyən edilən nöqsanların aradan qaldırılması üçün attraksionların məsul şəxslərinə zəruri göstərişlər, habelə tövsiyələr verilir.

Diqqətə çatdırılır ki, attraksionlar təhlükə potensiallı qurğular olduğu üçün onların istismarına cavabdeh şəxslər təyin olunmalı, operatorlar attraksionların təhlükəsiz istismar qaydaları üzrə müvafiq biliklərə malik olmalı, attraksionlarda qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə sınaq işləri aparılmalı və gündəlik baxış keçirilməlidir.

Həyata keçirilən nəzarət-yoxlama tədbirləri zamanı insanların həyat və sağlamlığı hər şeydən vacib olduğu üçün attraksionların istismarı zamanı təhlükəsizlik qaydalarına daha ciddi yanaşılması və nəzarətin gücləndirilməsi

attraksionlara cavabdeh olan fiziki və hüquqi şəxslərdən tələb olunur.

Həmçinin, həyata keçirilən tədbirlər çərçivəsində attraksionların təhlükəsiz istismar olunmasında üzərlərinə düşən vəzifələr, o cümlədən baş verə biləcək arzuolunmaz hadisələr zamanı həyata keçirilməli olan operativ tədbirlər barədə
attraksion işçilərinə ətraflı məlumat verilir.

Təhlükəsizlik məsələləri üzrə ekspert Orxan Musayev “Demokrat.az”a açıqlamasında bildirdi ki, attraksionlar istər daha çox istifadədə olduqları yay aylarında, istərsə də nisbətən az istifadə edildikləri payız-qış aylarında təhlükəsizlik məsələləri ciddi nəzarətdə olmalıdır: 



“Attraksionlardan istifadə edənlər azyaşlılar və onların valideynləri olur. Baş verən hər hansı bir nasazalıq və yaxud təhlükə insanların həyatı və sağlamlığı üçün böyük riskdir. Attraksionların istismarı ilə bağlı riayət olunması vacib təhlükəsizlik qaydaları və normalar mövcuddur. Attraksionların istismarına FHN tərəfindən icazə verlməldiir. Hər bir attraksionun pasportu, texniki qulluq sənədi olmalıdır, hər istifadədən öncə yoxlanışdan keçirilməlidir və bu xüsusi jurnalda qeyd edlməlidir. İxtisaslaşmış qurumlar tərəfindən texniki müayinəıər təşkil olunmalı, hər hansı texniki qüsur, nöqsan, texniki şərtlərə uyğunsuzluq aşkarlanarsa istismar dayandırılmalı, nöqsanlar aradan qaldırıldıqdan sonra təkrar istismarı davam etdirilməlidir. Attraksiondan istifadə etmək istəyənlər təhlükəsizlik tədbirləri barədə məlumatlandırılmalıdırlar . Attraksionlara minməzdən öncə yasaq olan təhlükəli davranışlar, qadağan olunan hərəkətlər barədə insanlara məlumat verilməlidir. Ola bilər ki, kimsə attraksiondan istifadə zamanı qorxu, həyəcan keçirsin. Belə olduğu təqdirdə attraksion operatorunu necə məlumatlandırmaq lazımdır, öncədən insanlara bildirilməlidir. Ümumiyyətlə attraksion hərəkətə gətirilmədən 10-15 dəqiqə öncə vətəndaşlara təlimatlar verilməlidir. Bununla bağlı xüsusi təhlükəsizlik jurnallarında qeydiyyat aparılmalıdır. Operatorlar da ixtisaslara yiyələnmiş şəxslər olmalıdır, təsadüfi adamlar yox. Attrakisonun təhlükəsiz istismarına, texniki sazlığına cavabdeh şəxs olmalıdır. Təhlükəli hallara görə attraksion sahibi məsuliyyət daşıyır. Bəzi attraksionlar kustar üsulla düzəldiyinə görə pasportarı yoxdur. Bu o deməkdir ki, onlar qanunsuz istismar olunur, tələblər texniki standartlara cavab vermir. Müvafiq sənədləri olmayan kustar attraksionların istismarı dayandırılmalıdır. Attraksionlarla bağlı sovet dövründənqalma qərarlar ləğv edilməli, müasir standartlara cavab verən qaydalar təsdiqlənməlidir”.
 
Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 sentyabr 2024, 22:21
Top