Aİ-nin XİN rəhbərləri Rusiyaya qarşı yeni sanksiyaları təsdiqləyəcəklər

DÜNYA 24 iyun 2024, 09:04
Avropa İttifaqının 27 ölkəsinin xarici işlər nazirlərinin yay tətili öncəsi Lüksemburqda keçiriləcək son toplantısında Ukrayna və Yaxın Şərqdəki münaqişələr diqqət mərkəzində olacaq.

Demokrat.az xəbər verir ki, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba avropalı həmkarlarını təmas xəttindəki vəziyyət və ölkənin təcili hərbi ehtiyacları barədə məlumatlandıracaq.

Bundan sonra nazirlər Ukraynaya hərbi yardımın göstərilməsi, eləcə də Brüssel və Kiyevin iyunun 26-da imzalamaq istədiyi təhlükəsizlik zəmanətləri haqqında sazişi müzakirə edəcəklər.

Aİ-nin Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı mətnində hansı məqamların yer aldığı açıqlanmır. Ukrayna ilə bağlı müzakirələr çərçivəsində nazirlərin Rusiyaya qarşı 14-cü sanksiyalar paketini təsdiq edəcəyi gözlənilir.

Bundan əlavə, xarici işlər nazirləri Rusiya Federasiyasının dondurulmuş aktivlərindən əldə olunan gəlirin Kiyevə hərbi yardım üçün istifadəsini müzakirə edəcəklər. Söhbət Rusiya aktivlərindən əldə olunan gəlirin bir hissəsinin Ukrayna üçün hərbi təchizatın maliyyələşdirildiyi Avropa Sülh Fonduna köçürülməsi imkanından gedir.

Nazirlər həmçinin Yaxın Şərqdəki, o cümlədən Qəzza zolağında humanitar vəziyyətə diqqət yetirəcəklər. Aİ-yə üzv ölkələr Fələstinin radikal HƏMAS hərəkatı və bəzi israillilərə qarşı yeni sanksiyalar hazırlayır. Görüşün digər mövzusu Gürcüstanda xarici agentlər haqqında qanunun qəbulundan sonra yaranacaq vəziyyət olacaq. Hələlik bu iki məsələ ilə bağlı hər hansı qərar gözlənilmir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top