52 yaşlı kişi həmkəndlisinə xəsarət yetirdi

HADİSƏ 25 apr 2024, 15:25
Quba rayonunda 1972-ci il təvəllüdlü Rasim şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həmkəndlisi Ramilə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin martın 2-də Quba rayonu, Bərqov kəndi ərazisində baş verib. Rasim həmin gün saat 18 radələrində sərxoş vəziyyətdə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı həmkəndlisi Ramilin üz nahiyyəsindən yumruqla qəsdən vuraraq ona xəsarətlər yetirib. 

Hadisəni törədən Rasimin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rasim ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, martın 2-də, həmkəndlisi Ramili bağında işləmək üçün köməyə çağırıb: “Həmin gün birlikdə axşama kimi bağda işlədik. İşimizi bitirdikdən sonra bağda oturub yemək yeyən zaman spirtli içki içdik. Bundan sonra aramızda söz mübahisəsi yarandı. Mən yumruqla Ramilin üz nahiyyəsindən bir dəfə vurdum. Ramil məndən aralanıb evinə getdi”.

Bu cinayət işinə Quba Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. 
Bu səbəbdən Ramilin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top