"Turizmdə süni intellektdən istifadə oluna bilər"

SOSİAL 25 apr 2024, 13:17
 Azərbaycan Hotellər Assosiasiyasının İdarə Heyətinin sədri Eldar Əlimuradov deyib ki turizm sektorunun inkişafı üçün təhsildə süni intellektdən istifadə haqqında düşünmək lazımdır. O, Bakıda keçirilən Dövlət Turizm Agentliyinin və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) təşkilatçılığı ilə "QDİƏT-ə üzv dövlətlərin turizm üzrə ixtisaslaşmış təhsil müəssisələrinin birinci görüşü"ndə bildirib ki, süni intellekt optimallaşdırma və avtomatlaşdırma proseslərində yeni üfüqlər açır: “Əgər dünyada təkrar pandemiya və ya qlobal qapanmaya səbəb başqa bir hadisə baş verərsə turizm sahəsi üzrə təhsil alan gənclərin dərslərini davam etdirməsi üçün imkanlar var. COVID-19 pandemiyası zamanı rəqəmsal məkanın imkanları yenidən kəşf edildi, onlayn resurslardan istifadə əhəmiyyətli dərəcədə artdı, distant təhsillə bağlı təcrübəmiz olub".

Mövzuya Demokrat.az-a açıqlamasında münasibət bildirən təhsil eksperti Qoşqar Məhərrəmovun sözlərinə görə, turizm sektorunun inkişafı üçün əvvəlcə turizmdə süni intellektdən istifadə etmək lazımdır:

“Turizm sahəsinin tədrisində peşə liseylərində, texniki kolleclərdəki ixtisaslarda və eyni zamanda universitetlərdəki ixtisaslarda süni intellektdən istifadə etmək lazımdır. Çünki süni intellekt bir “Google” öyrənmə məlumat bazasının hamısını əhatə edən bir alətdir. Bu alətlə bir çox məsələni öyrənmək olar. Bunların hamısında isə fiziki əməyin payı azalır, əqli əməyin payı isə yüksəlir. Beləcə bu yolla turizm sahəsində daha effektiv və səmərəli xidmətlər təqdim etmək mümkün olur”.

Ekspert əlavə edib ki, turizm sahəsində süni intellektin istifadəsinə zərurət var, sadəcə bunun üçün zaman lazımdır:

“Süni intellektdən turizm sahəsində geniş istifadə etmək olar.  Süni intellekt hələ  təzə yaranıb. Süni intellekt barədə Azərbaycanda informasiya və kommunikasiya texnologiyaları sahəsində işləyən insanlar daha çox məlumatlıdırlar. Ölkəmizdə süni intellekt müxtəlif sahələrdə tətbiq etmək üçün çox yenidir, kifayət qədər istifadə olunmur. Əvvəlcə İT mütəxəssisləri bunu öyrənəcək, sonradan müxtəlif sahələrə tətbiq edəcəklər. Bunun üçün də zamana ehtiyac var”.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top