40 yaşlı kişi ondan boşanmaq istəyən arvadına xəsarət yetirdi — TƏFƏRRÜAT

HADİSƏ 22 apr 2024, 21:40
Şirvan şəhərində 1984-cü il təvəllüdlü Vüqar ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Könülə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Vüqar 26 noyabr 2023-cü ildə, saat 21.30-da yaşadığı evdə arvadı Könül ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində baş vermiş mübahisə zamanı qəsdən onu yumruq və təpik zərbələri ilə baş, bədən nahiyyəsinə vurub. 

Hadisəni törədən Vüqarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vüqar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Könülə telefonla zəng edib, lakin Könül onun zənginə cavab verməyib: “Ona görə də 26 noyabr 2023-cü ildə, gecə saat 21.00-da evdə olan zaman Könüldən telefona cavab verməməsinin səbəbini soruşdum. Könül də telefonun uşaqda olduğunu və buna görə də xəbəri olmadığını bildirdi. Bu zaman əsəbləşib bəlkə vacib bir sözüm olacağı barədə irad bildirdim. Könül də mənə kobud cavab qaytardı. Daha da əsəbləşərək Könülün üstünə qışqırdım. Könüllə aramızda sözlü mübahisə yarandı. Bu zaman Könül yataq otağına gedərək əşyalarını yığmağa başladı. Mən də dalınca otağa getdim. Orada Könüllə yenə də uca səslə mübahisəmiz yarandı. Könüldən evdən çıxıb getməsinin səbəbini soruşdum. Könül də boşanmaq istədiyini və bu səbəbdən də atasının evinə getmək istədiyini bildirdi. Bu zaman Könülün əşyalarını götürüb yerə çırpdım. Sonra Könül məni söyüb-təhqir etməyə başladı. Həmin vaxt da əsəblərimi cilovlaya bilmədim, güzgülü dolabın qarşısında olan uşaqlarının fotoşəkli olan şüşəli şəkil çərçivəni Könülün kürək nahiyyəsindən vurdum. Çərçivə sınaraq şüşə qırıqları Könülün baş və bədən nahiyyələrinə töküldü. Sonra isə Könülün baş və bədən nahiyyələrinə əlim ilə bir neçə şillə zərbələri vurdum. Könül bu zaman qaçaraq həyətə çıxdı. Könülün dalınca getsəm də, tapa bilmədim”.

Bu cinayət işinə Şirvan Şəhər Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Vüqarın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top