Xəzərdə süni torpaq sahələri yaradılır — Sahibkarlar üçün yeni imkan

GÜNDƏM 19 apr 2024, 14:21
Xəzər dənizində süni torpaq sahələri yaradılacaq. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi aparatının rəhbəri Rəşad İsmayılov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bildirib ki, Azərbaycan hökuməti Xəzərdə süni torpaq sahələri yaratmaqla ölkəyə investor cəlb etmək istəyir: “Bu torpaqlar Xəzərin həm Şimal, həm də Cənub sahillərində yaradılacaq. Bu zaman dənizin 20-50 metrlik mühafizə zolağına müdaxilə olunacağı istisna edilmir. Sahilə yaxın süni torpaq sahələri yaradılarkən mümkün deyil ki, sahil zolağına müdaxilə etməyəsən. Dəniz sailinə yaxın və yaxud bitişik ərazilərdə tikintiyə Nazirlər Kabineti icazə verəcək. Nardaran sahilində süni torpaq sahələrinin yaradılması ilə bağlı planlar var. Bu layihələr Azərbaycanın iqtisadi inkişafı ilə yanaşı, onun tanıtımına da böyük təsir edəcək və ölkəmizin yeni simasını təqdim edəcək”, – deyə o qeyd edib

Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Vüqar Bayramov Demokrat.az-a açıqlamasında qeyd edib ki, Xəzər dənizində süni torpaq sahələrinin yaradılması Azərbaycan üçün yeni iqtisadi imkanlar deməkdir:



“Süni torpaq sahələrinin yaradılmasında yalnız dövlət qurumları deyil, həm də fiziki və hüquqi şəxslər iştirak edəcəklər. Bu da sahibkarlar üçün yeni bir imkandır və onlar bu prosesdən faydalana biləcəklər. Məqsəd investisiya qoyuluşlarının, xüsusən də xarici sərmayənin cəlbinə nail olmaq, eyni zamanda Xəzərin Azərbaycana aid hissəsində infrastrukturun genişləndirilməsidir. Sinqapur, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrin təcrübəsi göstərir ki, dənizdə süni torpaq sahələrinin yaradılması ölkənin inkişafına böyük töhfə verir.  Bu həm də ölkənin iqtisadi inkişafının göstəricisidir. Gələcəkdə biznes üçün yeni imkanların yaranması ilə yanaşı qeyri-enerji sektoruna sərmayənin cəlb edilməsi Azərbaycan iqtisadiyyatında yeni mərhələnin başlanğıcı kimi xarakterizə oluna bilər”.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 may 2024, 21:48
Top