“Şəhid ailəsi üzvlərinə, kimsəsizlərə dövlət dəstəyi sonsuz olmalıdır” — Pulsuz təhsil üçün yaş məhdudiyyəti ləğv edilir?

GÜNDƏM 29 mar 2024, 15:28
Milli Məclisdə şəhid ailəsi üzvləri və valideyn himayəsindən məhrum olmuş şəxslərin dövlət hesabına təhsil almaları üçün yaş məhdudiyyətinin aradan qaldırılması təklif edilib. Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev çıxışında qeyd edib ki, bu kateqoriyadan olan şəxslər istənilən yaşda dövlət hesabına təhsil ala bilməlidirlər: “Çox yaxşı haldır ki, müharibə veteranı olmuş şəxslərə bununla bağlı heç bir yaş məhdudiyyəti yoxdur. İstər 30 yaşında universitetə girsinlər dövlət onların təminatını verəcək. Təklif edirəm ki, şəhid ailəsi üzvləri və valideyn himayəsindən məhrum olmuş şəxslər üçün də bu məhdudiyyət aradan qaldırılsın”, - deyə deputat bildirib.

Qeyd edək ki, hazırda şəhid ailəsi üzvləri və valideyn himayəsindən məhrum olmuş uşaqların dövlət hesabına təhsil almaları üçün son yaş həddi 23-dür. 

Sosioloq Lalə Mehralı da Demokrat.az-a açıqlamasında yaş məhdudiyyətinin olmasını düzgün hesab etmədiyini deyib:

“İnsan müxtəlif səbəblərdən təhsilini yarımçıq qoya və ya müəyyən yaşa qədər oxumaya bilər. Oğlanlarda əsgərlik, qızlarda ailə qurmaq, ana olmaq kimi məsələlər var. Düşünürəm ki, istənilən yaşda dövlət hesabına təhsil almaq üçün imkanlar olmalıdır. 

Şəhid ailəsi üzvləri və valideyn himayəsindən məhrum olmuş uşaqların dövlət qayğısına xüsusi ehtiyacı var. Onlar bu qayğını neçə yaşında olurlarsa, olsunlar yenə də gözləyirlər. Necə ki, bizlər hər yaşda valideynlərimizdən qayğı, sevgi umuruq. Valideynini bu vətən, dövlət uğrunda itirən və ya hansısa səbəblərdən kimsəsiz qalan şəxslərə dövlət valideynlik etməli, qayğı ilə əhatə etməlidir. Çünki valideynlərimiz bizə hər yaşda qayğı göstərir, dövlət də bu prinsiplə işləməlidir. Düşünürəm ki, şəhid ailəsi üzvlərinə, kimsəsizlərə dəstək sonsuz olmalıdır. Ona görə də yaş məhdudiyyəti ləğv edilsə, yaxşıdır. Xüsusilə əsgərlik borcunu yerinə yetirib qayıdan oğlanlar, övladını müəyyən yaşdan sonra bağçaya qoyan qadınlar üçün bu, optimal variant olardı”.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top