Hip-hop ulduzlarının zərgərlik əşyalarının sərgisi keçiriləcək

DÜNYA 28 mar 2024, 23:25
Niki Minaj, Tyler the Creator, Erykah Badu və A$AP Rocky kimi hip-hop ulduzlarının qızıl və digər qiymətli zinət əşyaları Nyu-Yorkda nümayiş etdiriləcək. 

Demokrat.az CNN-ə istinadən xəbər verir ki, Nyu-Yorkdakı Təbiət Tarixi Muzeyində keçirilən sərgidə Slick Rickin qiymətli daşlarla bəzədilmiş tiarası, Notorious B.I.G.-nin əfsanəvi “İsa Parçası” və Niki Minajın parlaq “Barbie” boyunbağısı yer alacaq. Heyvan kolleksiyaları və dinozavr skeletləri ilə tanınan Amerika Təbiət Tarixi Muzeyi mayın 9-dan etibarən "Buz Soyuğu: Hip-Hop zərgərlik sərgisi" adlı sərgini açıq elan edəcək. 

Sərginin təşkilatçılarından olan Vicki Toback mediaya açıqlamasında deyib ki, zərgərlik hip-hop mədəniyyətinin təməl daşıdır və sərgidə hip-hopun inkişafı ilə yanaşı zərgərliyin inkişafını da görmək mümkündür: "Hip-hop musiqisi icmalarda və şəhərətrafı ərazilərdə formalaşıb və daha sonra qlobal pop mədəniyyətinə təsir etmək üçün özünə yer edib. Nyu-Yorkda yaranan və dünyanın ən populyar musiqi janrlarından birinə çevrilən hip-hop artıq 50 ildən çoxdur ki, dinlənilir”, - o bildirib.  

Qeyd edək ki, təxminən 150 il əvvəl Manhettendə Mərkəzi Parkın yaxınlığında açılan Təbiət Tarixi Muzeyi heyvanlar və bitkilər, iqlim dəyişikliyi, Yer kürəsinin formalaşması, ətraf-mühitin mühafizəsi də daxil olmaqla müxtəlif elm sahələrindəki eksponatları ilə tanınır. Muzeyin ən məşhur eksponatları nəhəng dinozavr skeletləri, eləcə də sərgi otaqlarından birində tavandan asılmış fillərin, şirlərin və mavi balinanın real ölçülü simulyasiyalarıdır.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top