"Qərbin Bakıdakı "çocuk"ları necə tərkisilah edildi? — Deputatdan SENSASİON YAZI

TƏHLİL 24 mar 2024, 17:03
Makronun Baş Naziri Qabriel Attal “Fransanın (?) Erməni Təşkilatlarının Əlaqələndirmə Şurası”nın illik tədbirində Azərbaycanla bağlı növbəti dəfə cəfəng fikirlər söyləyib və ölkəmizə qarşı sərgilənən hücumun davamını gətirib.

Lütfən, öncə təşkilatın adındakı girişə diqqət edin: Fransanın erməni təşkilatlarının...

Bəli. Eynən yazılan kimidir. Bunlar artıq gizlənməyə, prosesi diplomatiya, humanitar sfera, beynəlxalq hüquq-filan üzərindən yürütməyə ehtiyac görmürlər. Elə açıqca deyirlər ki, bizim təşkilatdır.

Qərbin Avropadakı vassalı olan Fransanın təxribatçı gedişləri heç şübhəsiz, ümumilikdə Qafqaz siyasətinə təsir məqsədi daşıyır. Və Gürcüstan, Ermənistan məlum kontekstdə çoxdan neytrallaşdırıldığına görə hədəfdə yalnız Azərbaycandır. Üstəlik, Qarabağ ermənilərinin son mitinq şousu da (Fransada qeydiyyatdan keçən 4 QHT tərəfindən maliyyələşdirilib) ,“söyüş müxalifəti” adlandırdığımız qüvvələrin planlı strategiya üzrə hərəkətliliyi də (bloqer adı ilə fəaliyyət göstərən anti-milli ünsürlərə yalnız Fransanın xüsusi xidmət orqanları tərəfindən ayda 220 min avro  ödənilir), Elşad Abdullayevdən ta Qubad İbadoğluna qədər qət edilən provokativ xətt də (xüsusi “yetişdirilmiş” kadrların siyasi camiəyə professor, alim adı ilə sırınmasını nəzərdə tutub) məlum qəbildəndir.

Köhnə üsulllar isə artıq keçmir. Məsələn, Arif və Leyla Yunusların “priyom”ları! Xatırlayırsınızsa, Fransa bu iki nanəcibə ölkədən qaçmaq üçün 3 saat ərzində viza düzüb-qoşmuşdu. (Halbuki, xaricə səfər edənlər yaxşı bilir: Azərbaycanda tarix boyunca ən çətin viza Fransa səfirliyindən alınıb və bu, minimum 1 ay çəkib) Daha sonra isə Parisdən gələn tezislər əsasında ər-arvadın səhhət mövzusu ön plana çıxarıldı və deyilənlərə inansaydıq, Arifin təzyiqi onun yalnız 2-3 gün yaşamasına imkan tanıyırdı. Fəqət, həbsdən çıxandan, ölkədən qaçandan sonra həmin Arif dönüb oldu turp. Təzyiq-filan da yadına düşmədi. Və anındaca başladı, məskunlaşdığı Fransadan Azərbaycana qarşı hədyanlar yağdırmağa.

İndi də İbadoğlu ilə bağlı eyni plan işə salınıb. Ki, guya səhhətində ciddi problemlər var. Qarşına hansı avropalı çıxır, birinci onu soruşur. Baxmayaraq, heç adını belə düzgün tələffüz edə bilmirlər. Amma təlimatdır! İcra olunmalıdır. Tapşırıq belədir. “FETÖ”-dən “Azad söz”ə qədər cilalanan terror şəbəkəsinin, “Abzas Media” və “Toplum TV”-dən “OCCRP”ə qədər uzanan təxribatçı quyruğun, Monpelyedən Londona, Rustavidən Pensilvaniyaya qədər böyük coğrafiyanı əhatə edən şəbəkənin koordinatoru olarkən şəkər, təzyiq, səhhət-filan yada düşmədi, amma həbsə atılan kimi adamın bütün xəstəlikləri anidən, ressidiv formada üzə çıxdı...

Qəribədir, deyilmi?

Bu arada. Xüsusən prezidenti, onun ailəsini, ölkənin siyasi elitasını hədəf alan “youtuber” qiyafəli cinayətkarların 90 faizi Fransada qərarlaşıb. Elə pul bölgüsü də Parisdə aparılır, oradan dağıdılır və Gürcüstanın 3 bankı üzərindən Bakıya ötürülür.

Növbəti fakt: FETÖ-nün Pensilvaniya-London-İstanbul tranziti fiaskoya uğrayandan sonra şəbəkə özünə yeni marşrut seçmişdi: Pensilvaniya-Nitsa-Hamburq-Bakı. Amma 2019-cu ildən dövriyyəyə buraxılan bu qatarın da “sərnişinləri” onlara göstərilən “etimad”ı doğrulda bilmədi və Parlament seçkilərinə qatılan, hətta ən kiçik həcmli görüşləri barədə belə bəlli dairələrə faksla məruzələr edən (niyəsə telefonla, sms-lə, digər üsullarla deyil, məhz faksla!) missionerlər – hansı ki, ən az 60 dairədə namizəd kimi qeydiyyatdan keçmişdilər - acınacaqlı məğlubiyyətlə qarşılaşdılar.

Ardınca isə “araşdırmaçı” mafiyasının izinə düşüldü və Xədicənin “çocukları” tərkisilah edildi. Niyə tərkisilah deyirəm? Çünki onların qələmindən süzülən dezolar, iftiralar, yalanlar ən ağır terrorçunun əlindəki silahdan daha təhlükəlidir. Çünki Qərbin, Avropanın pulları ilə Azərbaycana qarşı tuşlanan güllənin ən qorxulusu “özümüzünkü” tərəfindən şərəfsizcə atılandır. Çünki kamikadze ruhlu zavallıların, beyni yuyulmuşların itirəcəkləri heç nə olmur və onların üzərinə bağlanan bombalar – ha “media” bəzəkli olsun, ha “araşdırmaçı”, fərq etməz – bütün hallarda zərərsizləşdirilməlidir!

Və inanın. Bu sadəcə başlanğıcdır. Qarşıda nələr var, nələr. Hələ İstanbulda həbs olunaraq Bakıya gətirilən və son vaxtlar gözdən itən adamın ifadələri, söyləyəcəkləri var...Hələ “abzasçılar”dan, “toplumçular”dan sonra məlum qüvvələrə çalışan və media adı altında fəaliyyət göstərən digərlərinin “qələt elədim” mərasimi var.... Hələ hər xəyanət daşının altından boylanan Qərbin, Avropanın, Fransanın təkzibedilməz sübutlarla ifşası var...

***

Əlqərəz. Günümüz bax budur.

Bir yanda sapı özümüzdən olan baltalarla vuruşmalıyıq.

Digər yanda isə...dövlətimizə dil uzadan, qələbəmizi və gücümüzü heç cür həzm edə bilməyən namərd ordusu ilə!

Tanrı Azərbaycanımızı qorusun...  

Elşən Musayev, Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top