“Qadınların seçkilərdə iştirakı həssas məsələdir” — QHT sədri

DAXİLİ SİYASƏT 31 yan 2024, 16:41
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbəri Bahar Muradova qadınların ictimai-siyasi proseslərdə aktiv iştirakının vacib olduğunu deyib. O bildirib ki, hər bir vətəndaş həm də seçicidir: "Vətəndaş hüquqlarından istifadə edərək hər kəsin seçkidə iştirakına dəstək verməyi hədəfləyirik. Ona görə hamı öz öhdəliyini yerinə yetirməlidir. Biz qadınların ictimai-siyasi proseslərdə aktiv iştirakını istəyirik. Qadınların seçkidə iştirakını təşviq etmək, onlara yardımçı olmaq bizim öhdəliyimizdir. Qadın ailədə böyük rol oynayır. Ona görə siyasi-ictimai proseslərdə iştirakın təşviqi məsələsində də qadınların rolu danılmazdır".

“İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” ictimai birliyinin sədri Cəsarət Hüseynzadənin sözlərinə görə, müasir demokratik dövlətlərdə qadınlar bərabərhüquqlu vətəndaşlardır və dövlət siyasətinin hazırlanmasında kişilərlə bərabər iştirak etməlidirlər. 

O, Demokrat.az-a açıqlamasında qeyd edib ki, qadınların demokratik prosesdə iştirakının artması onların həm ictimai, həm də özəl həyatında bərabər hüquq və imkanlardan istifadə etməsi ilə nəticələnir:

“Əlbəttə, bütün ölkələrdə qadınların ictimai proseslərdə, o cümlədən, seçkilərdə aktiv təmsil olunması istiqamətində müəyyən problemlər mövcuddur. Bu maneələrin aradan qaldırılması üçün beynəlxalq miqyasda iş aparılmaqdadır. Azərbaycan da fəal formada beynəlxalq öhdəlikləri  yerinə yetirir və bu istiqamətdə beynəlxalq təşkilatlarla əməkdaşlıq edir”.

Ekspertin fikrincə, qadınların seçki fəallığının artırılmasına xüsusilə diqqət edilməlidir:

“Həm seçkidə, həm də ictimai-siyasi həyatda qadınların iştirakı həssas məsələdir. Deməli bölgələrdə bu həssaslıq daha da çoxdur. Bölgələrdə qadınların fəal olduğu əsas sahələr əsasən təhsil, mədəniyyət və səhiyyə sahələridir. Bütün ölkələrdə qadınların ictimai fəallığının artırılması aktual mövzudur. Bu baxımdan qeyd etmək lazımdır ki,  BMT-nin Qadınlara Qarşı Ayrıseçkiliyin Ləğv Edilməsi üzrə Komitəsinin "Qadınların ictimai-siyasi həyatda iştirakı haqqında" 23 (1997) nömrəli ümumi tövsiyəsi var və bu tövsiyə ətrafında Azərbaycan tərəfi də müəyyən tədbirlər həyata keçirir”. 

C.Hüseynzadə vurğulayıb ki, bu tədbirlərin bir qədər də sürətləndirilməsinə ehtiyac var:

“İlk növbədə siyasi partiyalarda gender siyasəti ilə bağlı müəyyən layihələrin icrasına ehtiyac var. Yeni Azərbaycan Partiyasını çıxmaq şərti ilə digər siyasi partiyalarda gender siyasəti ilə bağlı vəziyyət heç də ürəkaçan deyil. Bundan başqa  qadınlar üçün davamlı olaraq mentorluq, liderlik və təlim proqramları keçirilməlidir. Xüsusən bu proqramların regionlarda təşkil edilməsinə xüsusi diqqət yetirilməlidir. Regionlarda olan ali və peşə təhsil müəssisləri ilə əməkdaşlıq çərçivəsində bu fəaliyyətləri icra etmək olar. 

Hazırda  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 17 rayonda Qadın Resurs Mərkəzi fəaliyyət göstərir. Bu resurs mərkəzlərində psixoloji və digər xidmətlər göstərilir.  İl ərzində həmin mərkəzlərdə xeyli saylarda görüşlər, dəyirmi masalar və təlimlər təşkil olunur. Həmin resurs mərkəzlərini gücləndiməklə və eyni zamanda  potensialından düzgün istifadə etməklə bölgələrdə qadınların səlahiyyələndirilməsi istiqamətində uğurlu nəticələr əldə etmək olar. Xüsusən bu fəaliyyətlərə QHT-lərin cəlb olunması və icmaların formalaşdırılması daha yaxşı olardı”.


Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top