"Naxçıvanın bərpa olunan enerji resursu işğaldan azad olunmuş ərazilərə yönləndirilə bilər "— Ekspert

GÜNDƏM 29 sentyabr 2023, 19:10
“Zəngəzur dəhlizinin açılması perspektivində Naxçıvanın enerji potensialından səmərəli istifadə və muxtar respublikanın yaşıl enerji zonasına çevrilməsi sahəsində nəzərdə tutulan layihələr mühüm əhəmiyyət daşıyır”.

Demokrat.az xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Naxçıvanda keçirilən Azərbaycan-Türkiyə III Enerji Forumu və "Naxçıvan – yaşıl enerji zonası" Beynəlxalq Konfransı zamanı bildirib. 

O qeyd edib ki, Naxçıvanın yaşıl enerji zonasına çevrilməsi və ixrac potensialının yaradılması istiqamətində yeni yol xəritəsi müəyyənləşəcək. Nəticədə Azərbaycan regional və Avropa miqyasında təhlükəsiz və dayanıqlı enerji təchizatçısına çevriləcək. 

İqtisadçı ekspert Eldəniz Əmirov Demokrat.az-a açıqlamasında Naxçıvanın bərpa olunan enerji potensialını yüksək qiymətləndirib:

“Muxtar Respublikanın reallaşdırılması mümkün bərpaolunan enerji potensialı 1500 meqavatdır. Texniki olaraqsa bu göstərici daha çox – 4-5 min meqavata yaxındır. Daxili tələbatın 60 meqavat olduğunu nəzərə alsaq, deyə bilərik ki, kifayət qədər böyük enerji resursu qalır. Bunun da 66,6 faizi ixrac üçün nəzərdə tutulur. Geriyə 440 meqavatlıq enerji qalır ki, bunu işğaldan azad olunmuş ərazilərə yönəltmək mümkündür. Eyni zamanda “Nobel” və “Total” enerji şirkətləri ilə toplam 650 meqavatlıq günəş elektrik stansiyasının inşası və istehsal olunacaq enerjinin Türkiyəyə nəqli planlaşdırılır. 

Hesab edirəm ki, bu proseslərin uğurlu tamamlanması üçün bütün imkanlar var. İstənilən layihəni üç parametr xarakterizə edir – zaman, büdcə, keyfiyyət. Bir neçə il vaxt var. Büdcə üçün investisiyalar olacaq. Keyfiyyətə gəlincə isə düşünürəm ki, təsərrüfat subyeklərinin məsuliyyətli davranışı ciddi keyfiyyət fərqi yarada bilər”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
11 may 2025, 10:40
Top