“Bilim Bakı” mərkəzi bir yaşında

SOSİAL 10 iyn 2023, 16:45
İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin təşkilatçılığı ilə “Bilim Bakı” mərkəzinin bir illiyinə həsr olunan tədbir keçirilib.

Demokrat.az xəbər verir ki, agentliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, əvvəlcə “Bilim Bakı” mərkəzinin rəhbəri Yusuf Polat tərəfindən bir illik fəaliyyətə dair təqdimat edilib və videoçarx nümayiş olunub.

Diqqətə çatdırılıb ki, laboratoriya təlimlərində fərdi olaraq 5 min 400-ə yaxın uşaq, 30-a yaxın məktəbdən isə 8 min 500-ə yaxın şagird iştirak edib.

Eyni zamanda, mərkəzdə bir çox layihə və tədbirlər həyata keçirilir. “Bilim Talk”, “Valideyn uşaq günü, şənliklər və bu kimi digər layihələrdə 2800-ə yaxın şagird və valideyn iştirak edib.

Tədbirin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı təbrik nitqi ilə çıxış ediblər.

Eyni zamanda, “İnnovasiyalar Mərkəzi” və “Bilişim Vadisi Bakı” arasında, həmçinin “Bilim Bakı” mərkəzi və Türkiyə Maarif Fondunun Azərbaycan üzrə nümayəndəliyi arasında əməkdaşlıq memorandumları imzalanıb. Məqsəd texnoloji bacarıqların birgə inkişaf etdirilməsi, birgə təlimlərin keçirilməsi, həmçinin mədəni və sosial fəaliyyətlərin təmin olunmasıdır.

Dövlət Agentliyi ilə Türkiyə Texnologiya Komandası Fondu (T3) arasında imzalanmış memoranduma əsasən yaradılan "Bilim Bakı" mərkəzinin açılışı ötən il mayın 28-də Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Türkiyənin "Nobel" mükafatçısı Əziz Sancarın iştirakı ilə baş tutub.

Mərkəzin məqsədi 6-14 yaşlı şagirdlərin texnologiya, innovasiya, elm və sahibkarlıq sahəsində bilik və bacarıqlarını inkişaf etdirmək, onlara məktəbdə öyrədilən anlayışları tətbiqi təlimlər vasitəsilə əyani nümayiş etdirməkdir. Eyni zamanda, gündəlik həyatda elm və texnologiyanın ekvivalentini göstərmək və nəzəriyyəsi məlum olan elmi hadisələrin praktikada necə işlədiyini müşahidə etmək imkanlarını yaratmaq əsas prioritetlərdir.//Azertag.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top