Vergi borcu ilə gündəmə gələn Pərvin: Hansı cəza gözləyir?

ŞOU-BİZNES 05 iyn 2023, 13:47
Aktrisa Pərvin Abıyevayanın ölkədən çıxışına qadağa qoyulması ilə bağlı eyhamlar var. İddialara görə, bununla bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məhkəməyə xüsusi icraat qaydasında ərizə ilə müraciət edib. Aktrisanın 9 686.03 manat vergi borcu olduğu deyilir.

Borca görə ölkədən çıxışa qadağa qoyulması özlüyündə yeni xəbər deyil. Amma məbləğin hansı həddə çatdığı halda qadağanın qüvvəyə minməsi barədə müxtəlif yozumlar və iddialar var. 

Yenisabah.az-a danışan Azərbaycan Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayev bildirib ki, Azərbaycanada bir sıra qurumların borca görə vətəndaşın ölkədən çıxışına qadağa qoymaq hüququ var:

"Bu praktikada geniş yayılıb, vergi orqanı özü də ölkədən çıxışa qadağa qoydura bilər. Hərçənd ölkədən çıxışa qadağa qoyulması məhkəmə qaydasında olmalıdır. Çünki insan hüquqlarına məhdudiyyəti yalnız məhkəmədə həyata keçirilməlidir. Azərbaycan təcrübəsində isə buna heç ehtiyac qalmır. Bir çox qurum adamın xəbəri belə olmadan ölkədən çıxışa "Stop" qoyur. Həm də bu, qanuni sayılır.

Əgər şəxs bundan narazıdırsa, məhkəməyə müraciət edə bilər. Ölkəyə giriş və ölkədən çıxış qanunlarında hansı hallarda şəxslərə ölkədən çıxışına qadağa qoyulması sadalanır. Həmin qanunda qeyd olunur ki, o cümlədən borclu şəxslərin ölkədən çıxışı qadağandır.

Bizi narahat edən məsələ isə odur ki, qadağa məhz tələbkar orqanın öz istəyi ilə həyata keçirilir və şəxsin bundan xəbəri olmur. Yəni ölkədən çıxmaq üçün biletimizi alıb hava limanına gedəndə öyrənirik ki, ölkədən çıxışımıza qadağa qoyulub.

Mən bir hüquqşünas kimi bunu düzgün saymıram. Hesab edirəm ki, istənilən məhdudiyyət məhkəmə qərarı ilə olmalıdır və şəxs bundan mütləq xəbərdar edilməlidir. Vətəndaşa bu barədə xəbər verilməməsi insan haqlarının pozulmasıdır. Gələcəkdə bu iş Avropa Məhkəməsinə gedib çıxarsa, dövlətimiz cərimə ödəməli olacaq".

Ə. Mustafatev əlavə edib: "Belə bir hadisə şəxsən öz başıma gəlib. Mənim ölkədən çıxışıma qadağa qoyulmuşdu, bu barədə şikayət etdim, lakin şikayətim təmin olunmadı. Daha sonra iş uzandı və Avropa Məhkəməsi bunu pozuntu kimi qəbul etdi, hökumət də böyük məbləğdə təzminat ödədi.

Ona görə də hər işi Avropa Məhkəməsinin standartlarına uyğun etmək lazımdır".

Hüquqşünas bildirib ki, ölkədən çıxışa "stop" qoyulması üçün müəyyən məbləğdə borc limiti hesablanmayıb. Cəmi 50 manat vergi borcu olsa belə, vətəndaşa məhdudiyyət tətbiq edilə bilər:

"Minimum və maksimum məbləğ qanunda öz əksini tapmayıb. 1000 manata görə də, 50 manata görə də ölkədən çıxışa qadağa qoyula bilər. Amma vergi borcundan danışsaqsa, iki məqam var: biri var, sənə hesablanmış vergi var, sənədi imzalayırsan, amma pulu ödəmirsən; biri də var ki, vergidən yayınırsan, məsələn, sənədləri saxtalaşdırırsan, düzgün hesabat vermirsən və s. Sonuncu əməl artıq cinayət tərkibi yaradır.

Hazırda Pərvin Abıyevaya hansı hala görə ölkədən çıxış qadağan edilib bilmirəm. Amma 9 686 manat cinayət məsuliyyəti yaratmır. Bu cür hallarda vətəndaşın bank kartlarına, bank hesabına sərəncam qoyulur. Əgər onun bank hesabında pul varsa, məbləğ vergi çərçivəsində hesablanmış faizlərlə birgə silinir. Bununla bağlı vergi idarəsi məhkəmə müraciət edə bilər ki, borclu vətəndaşdan məcburi qaydada borc tutulsun və icraat əmlakına yönəlsin.

Əgər məhkəmə bu haqa qərar çıxararsa, şəxsin maşını, evi, nəyi varsa, müsadirə oluna bilər. Hətta bu halda qərar çıxarsa, onun fəaliyyətinə də məhdudiyyət qoyula bilər. Məsələn, vergidən yayınan şəxs müğənni, yaxud aktrisadırsa, onun fəaliyyətinə vergi idarəsi məhdudiyyət qoya bilər".

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top