Qarabağa “Böyük Qayı­dış”: həyat yenidən öz axarına qayıdır...

DAXİLİ SİYASƏT 27 may 2023, 09:30
44 günlük Vətən müharibəsində qazanılan şanlı qələbə sayəsində geri qaytarılan ərazilərimizin tezliklə bərpa edilməsi üzrə işlər yüksək sürət və dinamizmlə davam edir. Hazırda qarşıda duran əsas hədəf işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərini həyata keçirmək, “Böyük Qayıdış” Dövlət Proqramının icrasını uğurla başa çatdırmaqdır. Bu baxımdan, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad olunmuş rayonlara davamlı səfərləri xalqımız tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır. Dövlətimizin başçısı İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və ailə üzvlərinin bu günlərdə Qarabağa səfərləri də mühüm məqamlarla, həmçinin işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə ciddi mesajlarla yadda qalmaqdadır. Qeyd edək ki, “Böyük Qayıdış” Dövlət Proqramına uyğun olaraq uzun illik həsrətdən sonra işğaldan azad olunmuş Laçın şəhərinə artıq ilk köç başlayıb. Belə ki, 20 laçınlı ailədən ibarət köç karvanı (97 nəfər) doğma torpaqlara yola düşüb. Həmçinin, “Böyük Qayıdış” çərçivəsində 2023-cü ildə Laçın şəhərinə 700 ailənin, Zabux və Sus kəndlərinə isə 800-dən çox sakinin köçürülməsi nəzərdə tutulub. Qeyd edək ki, bu ilin sonundan etibarən Şuşa şəhərinə ilkin olaraq 1500 sakinin köçürülməsi də nəzərdə tutulub. “Böyük qayıdış” Dövlət Proqramına əsasən, Şuşanın keçmiş sakinlərinin bu şəhərə qayıtması və onların layiqli həyat şəraitinin yaradılmasını təmin etmək üçün artıq Şuşada ötən ilin avqust-sentyabr aylarından başlayaraq 450 mənzillik 23 yaşayış binasının tikintisinə başlanılıb.



Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Anar İsgəndərov Demokrat.az-a açıqlamasında bildirib ki, bu gün ölkəmizdə “Böyük Qayıdış” Dövlət Proqramının icrası uğurla həyata keçməkdədir. Millət vəkili əlavə edib ki, Qarabağın əzablı və çətin günləri nə qədər olubsa, bundan sonra Qarabağın xoşbəxt günləri başlayacaq:



“Şuşa tarixi Azərbaycan şəhəridir. Şuşa ilə bağlı yazılan bütün əsərlərdə Şuşanın əsasının qoyulması, Şuşa əhalisi, əhalinin məşğuliyyəti, məhəllələrin adları, məhəllə insanlarının soyadları və s. bütün bunlar birmənalı  olaraq Şuşa haqqında olan fikirləri bütövləşdirir və düşmən təbliğatının, düşmən ideoloqlarının Şuşa ilə bağlı yazdıqlarının böhtan olduğunu göstərir. O da məlumdur ki, 1805-ci ilin mayında Qarabağ xanı İbrahim Xəlil xanla rus generalı Sisianov arasında bağlanmış Kürəkçay müqaviləsində də bu torpaqların tarixi Azərbaycan torpaqları olduğu sübut olunub. Əgər bu torpaqlarda erməni yaşasaydı, onda təbii ki, 11 maddədən ibarət müqavilənin bir bəndində heç olmasa ermənilərlə bağlı nəsə yazılmış olardı. Bu müqavilə bir daha göstərir ki, Qarabağ, o cümlədən Şuşa tarixi Azərbaycan torpağıdır. Tarixin sonrakı dövrlərində də Şuşada erməni əhalisinin sayı çox olmayıb. Düzdür, orada-burada erməni yaşayıb, amma erməni bu ərazinin köklü əhalisi kimi qəbul olunmayıb. Hətta, 1850-ci ildə Rusiyadan bura gələn Nikiten adlı birisi Şuşanın tarixini yazır və bu tarixdə də göstərilir ki, Şuşa əhalisi və Şuşanın hər şeyi müsəlman əhalisinə məxsusdur. Təbii ki, Şuşa 1992-ci ilin mayında düşmən tərəfindən işğal olundu. Şuşanın işğal olunmasıyla, min illər boyu burada yurd tutan insanlar bu ərazidən kütləvi şəkildə qovuldu. Onların evləri yağmalandı, əmlakları əllərindən alındı. Şuşadakı olan ibadətlərimiz, tarixi abidələrimiz məhv edildi. Bununla da, düşmən bütün dünyanı inandırmaq istəyirdi ki, guya Şuşa ermənilərə məxsusdur. Hətta, adında dəyişdilər, guya bununla dünyanı inandırmaq olar. Bunların hamısı yalan və böhtan idi. Bu böhtanların ömrü də az oldu”.



A.İsgəndərov əlavə edib ki, ümummilli lider Heydər Əliyev Qarabağ həqiqətlərini dünyaya yaymaq üçün əlindən gələni etdi:



“Ümummilli liderin bu kursunu hazırki prezidentimiz İlham Əliyev uğurla davam etdirməkdədir. Belə ki, 44 günlük Vətən müharibəsi ilə erməni işğalına, erməni qəddarlığına son qoyuldu. Tarixi Azərbaycan torpaqları işğaldan azad olundu və işğaldan azad olunan şəhərlərdən biri də Şuşa şəhəri oldu. Təsadüfi deyil ki, Ali Baş Komandan Şuşanı azad edəndən sonra da, yəni noyabrın 8-də Azərbaycan xalqına müraciətində deyirdi ki, ata vəsiyyətini yerinə yetirdi. Yəni, Heydər Əliyev də bütün çıxışlarında həmişə qeyd edirdi ki, Qarabağ torpaqları, o cümlədən Şuşa heç bir zaman düşmən işğalı altında qala bilməz!”.


Millət vəkili diqqətə çatdırıdıb ki, 44 günlük  Vətən müharibəsindən sonra Qarabağda gecə-gündüz quruculuq işləri gedir:



“Şəxsən millət vəkili olaraq 5 dəfə Şuşada olmuşam. Ümumiyyətlə, Şuşadakı olan quruculuq işləri hər bir azərbaycanlıda qürur hissi doğurur. Şuşa o şəkildə bərpa olunur ki, Azərbaycan xalqının tarix boyu arzu və istəyi Şuşanı Qarabağın incisi kimi görmək olub. Bu gün o arzu və istək yerinə yetirilir. Demək olar ki, Ali Baş Komandan mütəmadi olaraq bu ərazilərdə olub. Həm abidələrin bünövrəsinin qoyulmasında, həm də ki, açılışlarında iştirak edir. Bütün bunlar onu göstərir ki, bu ilin sonunda Şuşa ilə bağlı nəzərdə tutulan proqram uğurla yerinə yetiriləcək. Yəni, 1500 Şuşa sakini ora köçürələcək, bu da "Böyük Qayıdış" Dövlət Proqramının tərkib hissəsidir. Əminəm ki, bu gün Ağdamda, Cəbrayılda, Füzulidə, Zəngilanda, xüsusən Laçında quruculuq işləri o qədər böyük vüsət alır ki, biz tezliklə erməni vandallarının törətdiklərindən, dağıtdıqlarından fərqli olaraq dünyanın gözü olan Qarabağı ən müasir şəkildə görəcəyik. Həm şəhərlərini, həm kəndlərini, həm də bərpa olunan dini və tarixi abidələrini, xüsusilə yuxarı Gövhər Ağa və Saatlı məscidləri təmirdən sonra ən gözəl şəkildə görəcəyik. Təbii ki, bütün bunlar hər bir azərbaycanlını sevindirir. Hər biri azərbaycanlını inandırır ki, Qarabağın əzablı və çətin günləri nə qədər olubsa, bundan sonra isə Qarabağın xoşbəxt günləri başlayır. Bu xoşbəxt günlərin qurucusu Azərbaycan xalqıdır və Azərbaycan xalqını yumruq şəkildə birləşdirən Ali Baş Komandanımız İlham Əliyevdir”.



İşğaldan azad olunmuş ərazilərimizə böyük qayıdışla bağlı danışan politoloq Abutalıb Səmədov Demokrat.az-a açıqlamasında bildirib ki, “Böyük Qayıdış” Dövlət Proqramı uğurla icra edilməkdədir:



“İşğal olunmuş ərazilərimizi darmadağın edən, xarabaya çevirən ermənilərin əməllərinin hələ ki, dünya heç bir qiymət verməyib. Həmin ərazilərin bərpa olunması, minaların təmizlənməsi, yaşayış evlərinin tikilməsi, infrastrukturun qaydaya salınması istiqamətində də Azərbaycana heç kim yardım göstərmir. Baxmayaraq ki, Ukraynada müharibə hələ bitməyib. Artıq bir neçə dəfə dünyanın böyük dövlətləri toplaşaraq, Ukraynanın dağılmış ərazisini bərpa etmək planlarını müzakirə ediblər. Müxtəlif rəqəmlər müəyyənləşdiriblər ki, Ukrayna şəhər və kəndlərini yenidən tamamilə müasir və yüksək səviyyədə necə qursunlar. Məbləğ də təqribən 1 trilyon dollar hələlik müəyyənləşib. Ancaq Azərbaycana nə minaların təmizlənməsinə, nə evlərin tikilməsinə, nə infrastrukturun yenidən qurulmasına çox təəssüf ki, dünyada heç kim kömək etmək istəmir və bütün ağırlıq Azərbaycan dövlətinin üzərinə düşüb. Təbii ki, bu çox çətin bir prosesdir. Çünki ilk növbədə minalardan ərazilər təmizlənməlidir və bu iş də hakimiyyətin, xalqımızın arzuladığı sürətlə getmir. Təbiidir ki,  biz istərdik ki, insanlarımız mümkün qədər öz dədə-baba torpaqlarına tez qayıtsınlar. Ancaq həm minaların təmizlənməsi, həm də abad yaşayış məntəqələrinin salınması  vaxt və xeyli vəsait tələb edir”.



A.Səmədov qeyd edib ki,  artıq ilkin "Böyük Qayıdış" başlayıb və bir çox vətəndaşlarımız öz ata-baba yurdlarından məskunlaşmağa başlayıblar:



“Bildiyimiz kimi, artıq bir neçə yaşayış məntəqələrinə insanlar qayıtmağa başlayıblar.  Belə ki, ötən gün 20 laçınlı ailədən ibarət köç karvanı (97 nəfər) doğma torpaqlara yola düşdü. Bundan başqa, digər işğaldan azad olunmuş ərazilərimizə də insanlar köç etməkdədir.  Təbiidir ki, bütün bunlar bizim hamımızı çox sevindirir. Artıq şuşalıların da qayıtması üçün proqram tərtib olunub və vəsait ayrılıb. Bu, bizim üçün xüsusilə mühüm əhəmiyyətə malikdir. Ancaq bütün hallarda dünya bu məsələni düşünməlidir. Ümid edək ki, sülh sazişi imzalanandan sonra Azərbaycanın problemlərinə də diqqət biraz artacaq. Dünya anlayacaq ki, erməni barbarlarının darmadağın etdiyi yaşayış məntəqələri yenidən bərpa etmək Azərbaycanın imkanları xaricindədir. Və donor təşkilatları, ölkələr nəhayət hərəkətə gələrək Azərbaycana zəruri yardımı göstərəcəklər”. 



Analitik qeyd edib ki, Azərbaycan dövlətinin Şuşaya qayıdış üçün vəsait ayırması ermənilərə həddindən artıq narahat edir:

“Fikir verdinizsə, əvvəlki qayıdış proqramlarımıza ermənilər səs çıxartmırdılar. Ancaq  Şuşaya qayıdışla bağlı həm Ermənistan cəmiyyətində, həm də Qarabağ erməniləri içərisində çox ciddi narahatlıq var. Əlbəttə ki, onlar narahat olmağa haqlıdırlar. Çünki Azərbaycan öz qədim tarixi torpaqlarında möhkəmlənib. Əhalimiz öz dədə-baba yurdlarına qayıdır. Təbii ki, Şuşa bizim üçün müstəsna əhəmiyyətə malik  bir şəhərdir və bu qayıdış ermənilərin də bütün ümidlərini artıq puça çıxardacaq”.

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb

Mövzu: İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”


Aynurə Pənahqızı
Demokrat.az


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top