Mövlud Çavuşoğlu: "Ermənistanla sərhədlərin açılması ilə bağlı hazırda heç bir müzakirə aparılmır" — MÜSAHİBƏ

MÜSAHİBƏ 23 may 2023, 17:19
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Report"un Türkiyəyə ezam olunmuş əməkdaşına müsahibə verib.

Müsahibəni təqdim edirik:

- Rəcəb Tayyib Ərdoğan yenidən Prezident seçiləcəyi təqdirdə, Türkiyə-Azərbaycan əlaqələrinin daha da inkişafı üçün hansı yeni addımlar atıla bilər? Ümumiyyətlə Türkiyə-Azərbaycan əlaqələrinin gələcək inkişafını necə görürsünüz?

- Türkiyə Azərbaycan münasibətləri dünyada bir nümunədir. Bu münasibətlərin bu yerə gəlib çatmasında Prezident İlham Əliyevlə və Rəcəb Tayyib Ərdoğanın birlikdə atdığı addımların payı böyükdür. Əlbəttə, təbii bağlar da var. Keçmişdə münasibətlərə dəstək olan hər kəsi hörmətlə yad etməmiz gərəklidir. Heydər Əliyev də eyni şəkildə "Bir millət iki dövlət" deyib. İki ölkə arasındakı əlaqələrin güclənməsi üçün bir tərəfdən çox önəmli addımlar atılıb, digər tərəfdən də yol göstərib. Hazırda həmin yolda irəliləyirik. Atatürkün dediyi kimi Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir. Bu gün həmin sözlərlə liderlər səviyyəsində önəmli addımlar atdıq. Qardaşlığımız möhkəm, siyasi əlaqələrimiz mükəmməldir. Artıq tək şəxsiyyət vəsiqəsi ilə vətəndaşlar rahat şəkildə gediş-gəliş edə bilirlər. İqtisadi baxımdan tərəfdaşlığımız daha da artır. Qarabağ azad ediləndən sonra Azərbaycanın hər tərəfli inkişafına dəstək olmağa çalışırıq. Azad edilən ərazilərdə hava limanlarının rəsmi açılışlarında qatıldıq. Əlaqələrimiz mükəmməldir. Seçkilərdə qələbə qazansaq, iki ölkə arasındakı əlaqələri daha da genişləndirmək üçün önəmli addımlar atacağıq. Hədəfimiz təkcə Azərbaycanla əlaqələrin gücləndirilməsi deyil, eləcə də türk dünyasının bağlarının gücləndirilməsidir. Bu gün dünyada enerji, qida böhranı hökm sürür. Bu cür təhdid və risklərə qarşı həm öz mənfəətlərimizi qorumaq, həm də strateji həmlələrlə bundan istifadə etməyimiz lazımdır. Bu dəqiqə Avropanın Azərbaycan qazına ehtiyacı var. Keçmişdə Azərbaycanın yerini bilməyənlər bu gün Bakıya tez-tez gələrək "bizə qaz verin" deməyə başladılar. Keçmişdə Azərbaycanın üzünə baxmayanlar bu gün "Azərbaycan çox yaxşı ölkə, İlham Əliyev də yaxşı liderdir" deməyə başlayıblar. Amma bu, mənfəət dünyasıdır. Bizim üçün önəmli olan Türkiyə və Azərbaycan xalqının rifahı üçün nə addımlar ata bilərik deyə düşüncəsində olmaqdır. Ona görə TANAP boru xəttinin həcmini artırmaq lazımdır. Bu gün tək özümüz üçün deyil, Avropa da başda olmaqla dünyanın ehtiyacını qarşılamaq üçün işbirliyi edirik.

- Rəcəb Tayyib Ərdoğan yenidən Prezident seçildikdən sonra ilk səfərini hansı ölkəyə edəcək?

- Bu mövzunu müzakirə etməyə dəyməz (gülümsəyir). Təbii ki, hər zaman ilk ziyarət Azərbaycan və Şimali Kipr Respublikası olur. Həmişə belə olub.

- Türkiyə-Ermənistan münasibətlərinin normallaşması üzrə danışıqlar neçə gedir? İrəvanın mövqeyində müsbət dəyişiklik varmı? İki ölkənin əlaqələrinin normallaşdırılması üzrə xüsusi nümayəndələrinin yaxın vaxtlarda görüşməsi gözlənilirmi?

- Azərbaycanın torpaqları beynəlxalq səviyyədə tanınıb. İşğal edilən ərazilər azad olunub, Qarabağ Azərbaycanındır. Keçmişdə status-kvo danışılırdı. Amma indi buna ehtiyac yoxdur. Orada yaşayan bütün ermənilər Prezident İlham Əliyevin dediyi kimi Azərbaycanın idarəçiliyində güvən və barış içində bütün hüquqlarından istifadə edərək yaşaya bilərlər. Azərbaycan buna hazırdır. Azərbaycan sülhə hazırdır. Azərbaycan Ermənistana hərtərəfli sülh təklifi də edilib. Tez bir zamanda bu anlaşma mətni müzakirə edilib imzalanmalıdır. Biz Cənubi Qafqazda qalıcı sülh istəyirik. Azərbaycanın bu istiqamətdə atdığı addımları dəstəkləyirik. Azərbaycanla Ermənistan arasında bu istiqamətdə atılacaq müsbətyönlü addımları da dəstəkləyirik. Biz də bu vaxtı dəstəkləmək üçün Ermənistanla bəzi addımlar atdıq, görüşmələrə başladıq. Xüsusilə də özəl təmsilçiləri göndərdik. Hava sərhədlərimizi üçüncü ölkələrə gedəcək təyyarələr, eləcə də Türkiyəyə gələcək uçuşlar üçün də açdıq. Digər tərəfdən karqo ticarəti başlayıb. Bütün bu addımları can Azərbaycan, başda xarici işlər naziri Ceyhun Bayramovla məsləhətləşmələr edərək atdıq. Təbii ki, Azərbaycanın mənfəətləri bizim üçün hər yerdə, sadəcə bu bölgədə deyil bütün dünyada birinci öncəlikdir. Bizim mənfəətlərimiz də Azərbaycan üçün ilk sırada gəlir. "Bir millət, iki dövlət" deyimi də məhz belə olmalıdır. İrəvanda keçmişdə Osmanlı dönəmində azərbaycanlı qardaşlarımızı və bizim əsgərlərimizi, ardınca bizim diplomatlarımızı şəhid edən terrorçu üçün heykəl ucaltması təbii ki, qəbuledilməzdir. Biz də bəzi tədbirlər gördük. Türkiyə üzərindən üçüncü ölkələrə tətbiq edilən uçuşlara hava sərhədimizi bağladıq. Bu gün Ermənistandan bu xətanı düzəltməsini gözləyirik. Biz Ermənistana hər hansı ön şərt qoymadıq. "Qondarma soyqırımı iddialarından əl çəkəcəksiniz, biz də addım atarıq" demədik. Onlar da bizə şərt qoya bilməzlər. Çünki iddiaları əsassızdır. Lakin terrorçuların heykəlini ucaltmaq qəbuledilməzdir. Əgər səhvlərini düzəltməsələr yenə də başqa qarşı tədbirlər görərik.

Qalıcı sülh üçün Ermənistanın da səmimi olması lazımdır. Laçın yolunda təxribatlardan əl çəkmək lazımdır. Qarabağa qaçaq yolla əsgər və ya silah göndərmək kimi fəaliyyətlərdən uzaq durmaq lazımdır. Azərbaycanın təbii sərvətləri olan mədənlərinin talan edilərək başqa yerlərə satılmasına icazə verilməməlidir. Bütün dünya da bilir ki, bütün bu məsələlərdə can Azərbaycanın yanındayıq. Azərbaycan heç vaxt yalnız deyil və olmayacaq da. Zəngəzurla bağlı anlaşmalar olsa da, hələ həyata keçməyib. Bu, Ermənistanın da xeyrinədir. Artıq ortaq dəhliz önəm qazanır. Ermənistan da bundan istifadə etmək istəyirsə tez bir zamanda bu addımları atmalı, öhdəlikləri yerinə yetirməlidir.

- Türkiyənin Ermənistanla sərhədlərini açması üçün əsas tələbi, şərti nədir?

- Ermənistanla sərhədlərin açılması ilə bağlı hazırda heç bir müzakirə mövzusu yoxdur. İki tərəfdə gələcəkdə sərhədlər açılarsa deyə hazırlıqların olması, yolların düzəlməsi var. Tarixi İpək yolunun restavrasiyası da var. Ayrı-ayrı görüləcək işlər, körpülərin nəzərdən keçirilməsi də var. Amma bu heykəl məsələsi davam etdiyi müddətdə sərhədlərin açılması mümkün deyil və bunu da açıq demiş olum.

- Türkiyənin Suriya rəhbəri Bəşşar Əsədlə birbaşa danışıqlara getməsi mümkündürmü?

- Hazırda dördlü formatda bunu müzakirə edirik. Moskvadakı görüşdə belə bir qərar verildi ki, daxili işlər nazirinin müavinləri səviyyəsində komitə yaradılacaq. Digər aidiyyəti qurumlar da işin içində olacaq. Görüşdə müzakirə edilən məsələlər üzərində yol xəritəsi - Suriyada terrorun təmizlənməsi, miqrantların təhlükəsiz şəkildə Suriyaya geri göndərilməsi, siyasi müddətin canlandırılması və Suriyada qalıcı sülhün və təhlükəsizliyin təmin edilməsi kimi önəmli məsələlər var. Bu mövzuda əməkdaşlıq və ortaq işlər davam edəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top