“Zəlzələnin Türkiyənin turizm sektoruna o qədər də mənfi təsir göstərəcəyini düşünmürəm”

TURİZM 14 fev 2023, 17:11
Qardaş Türkiyə bir həftədən çoxdur ki, böyük  fəlakətlə üz-üzə  qalıb. Mərkəzi Kahramanmaraş olmaqla 10 vilayətdə  baş  verən  zəlzələlər  nəticəsində  31 mindən  artıq  insan  həyatını itirib,on minlərlə  insan  dağıntılar  altında  qalıb  və  onların  axtarışı  hələ  də  davam  etməkdədir. Bundan başqa, zəlzələ  bölgəsini  əhatə  edən  10  əyalətdə  fövqəladə  vəziyyət  elan  edilib.Baş verən zəlzələnin Türkiyə  tarixində  qeydə  alınan ən  böyük  təbii  fəlakətlərdən  biri  olmasını nəzərə  alaraq, zəlzələnin Türkiyəyə vurduğu iqtisadi və sosial ziyanının böyüklüyünü təsəvvür etmək elə də çətin  deyil.

Qeydə  alınan  zəlzələ  qardaş ölkənin iqtisadiyyatına 84 milyard dollar  zərər vurmuşdur ki, bu da Türkiyənin ÜDM-in  təxminən 10  faizini təşkil  edir. Bu ziyanın 70,8  milyard dolları yaşayış  binalarına dəyən  zərər  nəticəsində  ortaya  çıxıb. Ölkə  büdcəsinin  gəlirləri  10,4  milyard  azalıb. Əmək  itkilərinin qardaş  ölkəyə  vurduğu  ziyan  isə  2.9  milyard  dollar  təşkil  edib.Təbii fəlakətin  sosial  ziyanının  böyüklüyü  isə  göz  qabağındadır. Ailəsi  məhv  olan, əlil  qalan, ağır  fiziki  və  mənəvi  travma  alan  insanların  sayı 10  minlərlə  ölçülür.
   
 Sevindirici  haldır  ki, belə  böyük  miqyaslı  fəlakət  ilə  mübarizədə bir  çox  dövlət  Türkiyəni  tək  buraxmadı. “Bir millət, iki dövlət” şüarına  daima  sadiq  qalan  Azərbaycan  bu  çətin  vaxtda  da  Türkiyəyə  yardım  edən  ilk  dövlət  oldu. Fevralın  6-da, Prezident  İlham  Əliyevin  tapşırığına  əsasən,   güclü  zəlzələnin  fəsadlarının  aradan  qaldırılması  və  axtarış-xilasetmə  əməliyyatlarına  dəstək  məqsədilə  Fövqəladə  Hallar  Nazirliyinin  ilkin  olaraq  420  nəfərdən  ibarət  çevik  xilasetmə  qüvvələri  qardaş  ölkəyə  yola  düşüb.Cənab  Prezidentin  göstərişi  ilə, qardaş  ölkəyə  yardım  aparan  7  təyyarə  və 1  avtomobil  karvanı  göndərilib. Azərbaycan  qardaş  ölkəyə hər  cür  tibbi  ləvazimatlarla  təchiz  olunmuş  səhra  hospitalı, dağıntılardan  ziyan  çəkmiş  vətəndaşların  yerləşdirilməsi  üçün  çadırlar,yataq  dəstləri  və  qızdırıcılar  yola  salıb. Heydər  Əliyev  Fondunun  prezidenti  Mehriban  Əliyevanın  da  göstərişinə  əsasən, fond  tərəfindən  qardaş  ölkəyə  humanitar  yardım  göndərilib. Fondun  yardımı  sayəsində  zərərçəkmiş  şəxslər  müxtəlif  dərman  preparatları,  oksigen  maskaları,sarğı  materialları,tibbi  ləvazimat  və avadanlıqlarla  təmin  ediliblər.Ölkəmizdə  fəaliyyət  və  müxtəlif  şirkətlər  də  qardaş  ölkəyə  maddi  yardımlar  göstəriblər. Bundan  başqa, Azərbaycan  xalqı  da  səfərbər  olaraq  yardım  toplama  məntəqələrinə  yardımlar  göndərərək  bu  dar  gündə  Türkiyəyə  dəstəyini  bildirib. Sadə  vətəndaşların  səfərbərliyi  nəinki  Bakıda, hətta  bölgələrdə  də  müşahidə  edilib. Mənim  deputat  seçildiyim  Quba  rayonunda  da, sadə  vətəndaşlar  yardım  məntəqələrinə  axın  edərək  qardaş  ölkənin zərərçəkmiş  vətəndaşlarının ehtiyaclı  olduğu  ləvazimatları  təmin  edərək  Türkiyəyə  göndəriblər. Bundan  başqa, Böyük  Britaniya, ABŞ, Rusiya, Çin, İsrail, İsveçrə, Avstriya, Fransa, Macarıstan, Bolqarıstan, Hindistan və Pakistan  kimi  dövlətlər  də  zəlzələ  bölgəsinə  axtarış-xilasetmə  qrupları, tibbi  briqadalar  və  humanitar  yardımlar  göndəriblər.
     
 Mən  burada  bir  önəmli  faktı  qeyd  etmək  istərdim. Ölkəmizin  və  digər  dövlətlərin  zəlzələ  ilə  bağlı  Türkiyəyə  göstərmiş  olduğu  yardımlara  baxmayaraq, təbii  fəlakətin  nəticələrin  aradan  qaldırılmasında  ən  əsas  rolu  Türkiyə özü oynayır. Mən,Türkiyənin  bu  çətin  sınağın  öhdəsindən  gələcəyini  düşünürəm. Zəlzələ  bölgəsi  Türkiyə  ixracatının 8,5  faizini, idxalının  isə  6,7  faizini  təşkil  edir. Bunu  nəzərə  alaraq, zəlzələnin  ölkə  ixracatında  bir  neçə  milyard  dollar  azalmaya  səbəb  olacağını  demək olar. Buna baxmayaraq, idxalın  da  azalması  öz  növbəsində  xarici  ticarət  kəsirində artımının  qarşısını  alacaq.Həmçinin, zəlzələnin  baş  verdiyi  ərazinin  Türkiyənin  iqtisadiyyatının  10%-nin cəmləşdiyi  zonada  olduğunu  və  daha  az  sənayeləşmiş  bölgədə  olduğunu  nəzərə  alaraq, Türkiyənin  ötən  illərdə  möhkəmlənmiş  iqtisadiyyatı  ilə  birgə  bu  çətin  sınaqdan  çıxacağını  düşünürəm.Türkiyə  prezidenti  Rəcəb  Tayyib  Ərdoğan  da  çıxışında  bütün  dağılan  binaların  bir  il  ərzində  tikiləcəyini  və  bu  məqsədlə  dövlət  büdcəsindən  100  milyard  lirə  ayrıldığını  bildirib.Türkiyənin  turizm  ölkəsi  olduğunu  və  Türkiyəyə  gələn  xarici  turistlərin  cəmi  1  faizinin  zəlzələdən  zərər  görmüş   10  vilayətə  baş  çəkdiyini  nəzərə  alaraq, zəlzələnin  turizm  sektoruna  o  qədər  də  mənfi  təsir  göstərəcəyini  düşünmürəm.
     
 Bəziləri  zəlzələnin  süni  olaraq  törədildiyini  iddia  edir. Mən, bu  məsələ  barədə  yerli  və  xarici  alimlərin  rəylərini  dinləməyi  və  insanları  mütəxəssislər  tərəfindən  təsdiq  olunmayan  fikirləri  qəbul  etməməyə çağırıram. Alimlərin  də  qeyd  etdiyi  kimi, süni  zəlzələni  törətmək  üçün  lazım  olan  çox  böyük  həcmli  enerjini  yer  səthində  əldə  etmək  və  onu  ən  azı  10 km  dərinliyə  ötürmək  heç  bir  vasitə  ilə  mümkün  deyil. Buna  görə  də, uydurulmuş  məlumatlara  inanmaq  lazım  deyil.
     
 Son  olaraq, Türkiyədə  baş  verən  təbii  fəlakətin  siyasi  məqsədlərdə  istifadə  olunması  barədə  öz  fikrimi  bildirmək  istəyirəm. Ümumiyyətlə, zəlzələ  təbii  fəlakətdir  və  bundan  heç  kim  sığortalanmayıb. Zəlzələnin  nəticələrinin  aradan  qaldırılması  üçün  iqtidara  beynəlxalq  səviyyədə  çox  böyük  dəstək  var. Buna  görə  də, zəlzələnin  ağır  nəticələrinin  siyasi  mübarizədə  istifadə  olunmasının  qəti  əleyhinəyəm.
     
Bildiyimiz  kimi, Türkiyədə  may  ayında  prezident  və  parlament  seçkiləri  keçiriləcək. Demokratik  dəyərlərin  qoruyucusu  olan  Türkiyədə  seçkilər azad, ədalətli  və  şəffaf  keçirilir. Hazırda, Azərbaycan  və  Türkiyə  arasında  münasibətlər  ən  yüksək  səviyyədədir.İki  ölkə  bir-birinə  siyasi, iqtisadi, mənəvi  və  mədəni  baxımdan  bağlıdır.Ona  görə  də, bizə  güclü, stabil  və  inkişaf  etmiş  Türkiyə  lazımdır.Mən, bunun  təminatçısı  kimi  Türkiyə prezidenti  Rəcəb  Tayyib  Ərdoğanı  görürəm.Əlbəttə, bunun  bir  sıra  səbəbləri  var. İlk  olaraq, “AKP”nin Azərbaycan siyasəti  ölkəmizi  tam  qane  edir. Türkiyə  qardaş  ölkə  kimi  öz  dəstəyini  Vətən  müharibəsində  yetərincə göstərib. Buna  görə  də, Ərdoğan  hakimiyyətinin  may  ayında  keçiriləcək  seçkilərdə  qalib  gəlməsi  ölkəmizin  siyasi  maraqları  baxımından  da  çox   böyük  əhəmiyyət  kəsb  edir.
     
 Bundan  başqa, Rəcəb  Tayyib  Erdoğanın  may  ayında  seçkilərdə  qalib  gəlməsi  regionun  stabilliyi  və  inkişafı  baxımından  da  böyük  önəm  kəsb  edir.Ərdoğan  həm  Türkiyədə, həm  də  bölgədə  söz  sahibidir. İlham  Əliyev  və  Rəcəb  Tayyib  Ərdoğanın  təşəbbüsü  ilə  Türk  Dövlətləri  Təşkilatının  yaranması  bunun  bariz  göstəricisidir.TDT-yə  üzv  olan  ölkələrin  ÜDM-i ,bu  təşkilatda  müşahidəçi  statusu  olan  iki  ölkə  ilə  birgə  1,25  trilyon  dollardan  çoxdur. Təşkilata  üzv  olan  ölkələrin  təbii  resurslarını, əlverişli  coğrafiyalarını  nəzərə  alsaq, bu  təşkilat  gələcəkdə  qlobal  geosiyasət  və  iqtisadiyyatda  önəmli  rola  malik  olacaq. Türkdilli  ölkələrin  dünya  miqyasında  böyük  gücə  çevrilməyi  üçün  bu  təşkilatın  varlığı  və  gələcək  inkişafı  zəruridir. Bunun üçün  də,Rəcəb  Tayyib  Ərdoğan  kimi  böyük  təcrübəyə  malik  və  bacarıqlı  siyasətçinin  hakimiyyətdə  olması  təşkilatın  və  regionun  inkişafı  baxımından  önəmlidir. Bu faktorları  nəzərə  alaraq, mən,  Türkiyə  xalqının  dəstəyi  ilə  Rəcəb  Tayyib  Ərdoğanın  may  ayında  keçiriləcək  seçkilərdə  yenidən  qalib  gələcəyinə inanıram.
     
 Türkiyənin  kədəri  bizim  də  kədərimizdir. Mən, Türkiyədə  baş  verən  zəlzələdə  həlak  olanların  ailəsinə  başsağlığımı  çatdırır, yaralananların  tezliklə  şəfa  tapmasını  diləyirəm. Azərbaycan  dövləti  həmişə  olduğu  kimi, bu  çətin  gündə də, qardaş  Türkiyənin  yanındadır. 
 
Tanrı Türkiyəni qorusun!
 
Vahid  Əhmədov
Millət vəkili

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top