Bakıdakı binalarda kütləvi yoxlama aparılacaq?

SOSİAL 08 fev 2023, 16:18
Son günlər Türkiyədə baş verən zəlzələ nəticəsində binaların dağılması ölkəmizdə də bu sahəyə diqqəti artırıb. 

Belə ki, son illər ölkəmizdə, xüsusilə də paytaxtda çox sayda yeni binalar tikilib. Həmin yeni binaların  zəlzələyə nə qədər davamlı olması ilə bağlı mütəxəssislər müxtəlif fikirlər səsləndirirlər. Hətta bəzi mütəxəssislər qeyd edir ki, yeni binaların bir qismi zəlzələyə davamlı deyil, tikintisi zamanı bütün zəruri amillər nəzərə alınmayıb. Fakt odur ki, hazırda Bakıda çox sayda yeni, hündürmərtəbəli binalar var və həmin binalarda yaşayan sakinlər  onları hansı təhlükənin gözlədiyini bilmirlər. 

Bakıda tikilən hündürmərtəbəli binalarda yenidən təftiş aparmaq, hər hansı təhlükəyə qarşı davamlılığını yoxlamaq mümkündürmü?

Tikintidə təhlükəsizlik üzrə mütəxəssis Samir Nəbiyev Cebhe.info-ya bildirib ki, ölkəmizdə binaların tikintisi ilə bağlı tələblər yüksəkdir: 

“Belə ki, sovet dövründən qalan qaydalar xarici standartlara inteqrasiya olunub. Sadəcə burada problem nəzarət və təhvil-təslim proseslərində baş verir. Bu da insan faktoruna dayanır. Bəzi tikililərlə bağlı mən özüm müşahidə etmişəm ki, ərazidə yanğın şiti var, ancaq yanğın şitinin qoşulacağı yerin su xətti yoxdur. Yəni nəinki zəlzələ, hətta yanğın olsa, rezin boru götürüb su borusuna qoşsalar, su gəlməyəcək. Çünki suya qoşulmur. Bu kimi tikililərimiz kifayət qədər çoxdur.

Orada FHN-nin müvafiq qurumları var ki, beton, armatur verilməsi məsələlərində birbaşa iştirak edirlər. Yəni bizim tələblərə uyğun olmayan tikililər var. Yaxşı olardı ki, yeni tikilən binalar yenidən təftiş olunsun. Hər hansı qəza, sürüşmə zamanı binada çatlar olur. Bunu isə həm köhnə, həm də yeni binalara aid etmək olur. Həmin təftişi də həm köhnə, həm də yeni binalara şamil etmək lazımdır. Çünki korrupsiya ilə bağlı atılan addımlar da müşahidə edirik ki, dünənə qədər məmurlar bəzi amillərdən istifadə edib. Bu da davamlı olaraq təkrarlanan haldır.

Bizdə 2000-ci ildən bu yana “tikinti bumu” başlayıb və nəticədə kifayət qədər həm yararlı, həm də yararsız tikililərin olduğunu müşahidə edirik. Bizim qanunlara, texniki tələblərə görə, binalarımız 9 ballıq “şkala”ya dözməlidir, ancaq bu, tam həqiqət deyil. Çünki hər yerdə tikinti qaydalarına eyni şəkildə əməl olunmur. Bu da onunla bağlıdır ki, tələb edən fərqli insanlar, fərqli qurumlardır”. 

Mütəxəssis deyir ki, tikildikdən sonra binanın yoxlanılması çox çətindir: 

“Çünki binalardan nümunələr götürmək olar, ancaq hər hansı yük, titrəyiş verib yoxlamaq qeyri-mümkündür. Ona görə də yaxşı olar ki, bina tikintisindən öncə həmin ərazidə buna diqqət yetirmək lazımdır. Məsələn, Abşeron zonasında “Gənclər şəhərciyi” kimi tanıdığımız ərazi ümumiyyətlə, qamışlıq, gölməçəli ərazidir. Orada beton keyfiyyətsizdirsə, o binanın çökməsi labüddür. Çünki bataqlıq üzərində ev tikilib. Bu məsələlərə həm tikintidən öncə, həm tikinti zamanı, həm sonra müvafiq icra orqanları təhvil-təslim prosesində diqqət yetirməlidir.

Hətta hər hansı yoxlama zamanı dövlət yoxlayırsa, dövlət qurumlarını da yoxlayan bir qurum olmalıdır ki, keyfiyyət yüksək səviyyədə olsun. Bir nəfərdən asılı olanda, artıq bu prosesə bir nəfər cavabdehdir və onu da yoxlayacaq bir şəxs olmadığına görə artıq problemlər onun üzərində cəmlənir. Külli miqdarda insan tələfatı olacaqsa, bu, həmin bir nəfərin üzərində qalır. Bu proseslərin qarşısını almaq üçün təftişləri daha pik səviyyəyə çatdırmalıyıq və ən azı bir neçə qurumun qərarı nəzərə alınmalıdır”. 

O da məlum olub ki, 2019-cu ildən bəri Bakıda tikinti şirkətləri tikinti ərazisinin seysmoloji xəritəsi ilə bağlı Respublika Seysmoloji Mərkəzə müraciət etmir.

Bunu Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

O vurğulayıb ki, 2019-cu ilə qədər mərkəzə müraciət olunurdu: “O vaxtdan sonra bizə müraciət etmirlər". 

Tikinti işləri aparılarkən zəruri amillərin nəzərə alınmaması sonradan bir çox problemlərin yaranmasına gətirib çıxarır.

Bu gün paytaxtda çox sayda yeni tikilmiş binalar var. Əgər 2019-cu ildən bəri tikilən binalarda tikinti ərazisinin seysmoloji xəritəsi ilə bağlı Respublika Seysmoloji Mərkəzinə müraciət edilməyibsə, bunun səbəbi tikinti şirkətlərinin özbaşınalığı, yoxsa müvafiq qurumlar tərəfindən həmin normanın ləğv edilməsidir?

Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Cebhe.info-ya bildirdi ki, bununla bağlı quruma artıq müraciət olunmur: 

“Hətta Fövqəladə Hallar Nazirliyində də soruşurdular ki, sizin adınız burada niyə yoxdur? Bunu onlar tərtib etmir. Yəni FHN, Şəhərsalma və Arxitektura Komitəsi də deyir ki, standartlara salmayıblar. Nazirlər Kabineti, yaxud hansı qurumun bunu standarta salmadığını bilmirəm. İndi biz yenidən Nazirlər Kabinetinə müraciət edəcəyik. Əvvəllər ekspertizadan keçirəndə bizim rəyimiz olmayanda icazə vermirdilər. Mən aydınlaşdırmışam. Problem tikinti şirkətləri ilə bağlı deyil, yəqin ki, standartlardan çıxarılıb”.    /Cebhe.info/

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top