Gəncədə ər və arvad qonşularının evinə hücum çəkdi — TƏFƏRRÜAT

KRİMİNAL 31 yan 2023, 17:10
Gəncə şəhərində 1959-cu il təvəllüdlü Rauf qonşusu Arifə xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin sentyabrın 27-də baş verib. Rauf həmin gün saat 15 radələrində yaşadığı Gəncə şəhəri, Fərhad Əliyev küçəsində Ariflə şəxsi münasibətlər zəminində mübahisə edib. 

Aralarında yaranmış mübahisə zamanı əlində olan istintaqa məlum olmayan alət ilə Arifə xəsarət yetirib. 

İstintaq orqanı tərəfindən Raufun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rauf bildirib ki, Gəncə şəhər MKTB-də çilingər vəzifəsində işləyir:

“Mənimlə qonşuluqda yaşayan Mətanət və əri Ariflə münasibətim yaxşı olmayıb. Arif və arvadı Mətanət dəfələrlə mənimlə heç bir səbəb olmadan mübahisə ediblər”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü, 16 radələrində yaşadığı mənzildə olan zaman qonşuluqda yaşan Mətanət və Arif adlı şəxslər yaşadığı mənzilə gəlib, ona məxsus dəmir darvazanı daşlayıblar: “Arif və Mətanətdən bunun səbəbini soruşdum. Mətanət və əri Arif mənə məxsus itin onların oğlu Qafarın ayağını dişlədiyini, xəsarət aldığını bildirdirdilər. Nalayiq ifadələrlə məni təhqir etdilər. Daha sonra hər ikisi, yəni Mətanət və Arif yaşadığım mənzilə daxil olaraq dava etməyə başladılar. Həmin vaxt Arif yumruq və təpiklə, Mətanət isə şillə ilə məni vuraraq xəsarət yetirdilər”.

Rauf bildirib ki, daha sonra Mətanət və digər tanımadığı şəxslər Arifi ondan ayıraraq aparıblar: “Təxminən 3-4 dəqiqədən sonra Arif yenidən əlində küt alətlə yaşadığım mənzilə gəldi. Həmin alətlə mənə məxsus mənzildə olan əşyalara, yəni evimin şüşələrini, 1 ədəd “Shivaki” və 1 ədəd “Panasonic” markalı televizorları, evdə olan xalçanı, paltarları, paltar üçün asılqan kəndirlər, stol və stulları, qab-qacaqlarını və darvazanı sındırdı. Mənə təxminən 3000 manat dəyərində maddi ziyan dəyib”. 

Rauf bildirib ki, bundan sonra onunla qonşuluqda yaşayan Çərkəz, İlham, Elman və digər tanımadığı şəxslər Arifi ondan ayıraraq aparıb: “Bu barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng etdim və məlumat verdim”. 

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Arifin sözlərinə görə, ailəsi ilə birlikdə yaşayır və rəsmi olaraq heç bir yerdə işləmir: “Mənimlə qonşuluqda yaşayan Rauf adlı şəxs ilə münasibətim yaxşı olmayıb. Rauf dəfələrlə mənimlə heç bir səbəb olmadan mübahisə edib. Hadisə günü, günorta saatlarında oğlum Qafarı çörək alması üçün mağazaya göndərdim. Az müddət sonra Qafar qaçaraq evə gəldi. Həmin zaman Qafarın ayağının qanadığını gördüm. Qafar Raufun saxladığı itlərin ayağını dişlədiyini bildirdi”. 

Zərərçəkmiş qeyd edib ki, bundan sonra Raufun yaşadığı mənzilə gedib və öz iradını bildirib: “Oğlum Qafarı müalicə etdirməsi üçün mənimlə birlikdə xəstəxanaya gəlməsini tələb etdim. Lakin Rauf mənimlə mübahisə edərək heç bir köməklik etməyəcəyini bildirdi. Yenidən təkidlə Raufa mənimlə gəlməsini dedim. Rauf məni və ailəmi i təhqir edərək həyətində olan yaba ilə üz nahiyyəmə, sağ əlinə zərbə vuraraq xəsarət yetirdi. Yaşadığım mənzilə qayıtdım və mənzilin qapısını bağladım. Həmin vaxt arvadım Mətanət oğlu Qafarın yıxıldığını dedi. Dərhal oğlumu özünə məxsus “VAZ 2106” markal avtomobilə əyləşdirərək Təcili Tibbi Yardım Xəstəxanasına apardım. Orada oğlum Qafara tibbi yardım göstərildi. Daha sonra Qafarı yaşadığımız evə gətirdim”. 

Bu cinayət işinə Gəncə şəhər Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. 

Bu səbəbdən Raufun barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top