Talıbovun işdən çıxarılan qohumları — SİYAHI

DAXİLİ SİYASƏT 12 yan 2023, 13:40
Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov vəzifədən gedəndən sonra onun ailə üzvləri, yaxın qohumları da işsiz qalıb. 

Xatırladaq ki, Naxçıvan “xan”ı ötən il dekabr ayının  21-də  rəsmi şəkildə tutduğu postdan imtina edib, amma Talıbovların “qara günləri” daha əvvəldən başlayıb.  Noyabr ayının ikinci yarısından etibarən DTX-nın  Naxçıvanda ard-arda əməliyyatlar keçirməsi,  ayın 24-də Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi Mənsur Əsgərovun və noyabrın 26-da maliyyə naziri Rafael Əliyevin saxlanılması Talıbovlar üçün ciddi siqnal sayıla bilərdi. 

Bu həbslərin Talıbovların sonunu gətirəcəyi ilə bağlı  ehtimalların özünü doğrultması üçün çox gözləmək lazım gəlmədi. DTX-nın Naxçıvanda 2 yüksək rütbəli məmuru saxlamasından cəmi 4 gün sonra – noyabrın 30-da “yarpaq tökümü” başladı. Belə ki, Vasif Talıbovun Naxçıvan Dövlət Universitetində beynəlxalq əlaqələr üzrə prorector vəzifəsində çalışan oğlu Seymur Talıbov könüllü şəkildə tutduğu postdan imtina etdi.  

Seymur Talıbovlar ailəsinin vəzifəsini itirən ilk üzvü olsa da, sonuncu olmadı. Dekabrın 29-da isə Vasif Talıbovun Naxçıvan Muxtar Respublikası prokurorunun müavini vəzifəsində çalışan qardaşı Məhərrəm Talıbov öz ərizəsi ilə işdən çıxdı. Aradan 2 gün keçəndən sonra V.Talıbovun böyük oğlu – Dövlət Miqrasiya Xidmətində idarə rəisi vəzifəsində çalışan general Rza Talıbovun uzunmüddətli məzuniyyətə çıxdığına dair xəbərlər yayıldı. Yeni ilin ilk günlərində isə R.Talıbovun sərəncama göndərildiyi bildirildi. 

Bu gün isə V.Talıbovun qızı Baharxanım Talıbovanın vəzifədən azad edildiyinə dair rəsmi məlumat yayılıb. “Naxçıvan Bank” ASC-nin müşahidə şurasının üzvü olan B.Talıbova bu gün MŞ üzvlüyündən çıxarılıb. 

Xatırladaq ki, bir neçə gün əvvəl Vasif Talıbovun Naxçıvan Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı idarəsinin müdiri olan qayınanası Sənufər Sultanovanın da işdən çıxarıldığına dair məlumatlar yayılıb. (yenisabah.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top