“Rusiya təsirli addımlar atmazsa, bölgədə hərbi eskalasiya qaçılmazdır”

REGİON 02 dek 2022, 22:41
"10 noyabr sazişi Azərbaycanın Ermənistan üzərində qələbəsinin nəticəsi olsa da bu sənədin həyata keçirilməsində əngəllərin olacağını demişdik.Rusiya sülhməramlıları sevincək olaraq tələm-tələsik bir sutka ərzində Azərbaycanın Qarabağ iqtisadi bölgəsində  yerləşməsi deməyə əsas verirdi ki, onları evə göndərmək heç də asan olmayacaq".

Bu sözləri Demokrat.az-a açıqlamasında Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndi deyib. O qeyd  edib ki, rus sülhməramlılarının bölgədə mövcudluğunun öhdəlikləri var.

"Sazişdə nəzərdə tutulan 5 il müddətinə qədər sülhməramlılar Azərbaycan ərazisində ermənilərə məxsus qanunsuz silahlı birləşmələri, terrorçuları çıxartmalı və erməni əhali arasında azərbaycanlılarla birgəyaşayış üçün inam hissləri yaradılmalı idi. Biz isə bütün bunların əksini görürük. Ərazilərimizdəki qanunsuz hərbi birləşmələr çıxarılması əvəzinə sülh və etimad dəhlizi hesab olunan Laçın yolu vasitəsilə Xankəndiyə silah və sursat daşınır. Qarabağ erməniləri müəyyən kontaklar və yaxınlıq üçün zəmin yarandığı ərəfədə Rusiya vətəndaşı yenə də qanunsuz olaraq Azərbaycana giriş edərək oyuncaq quruma "nazir" vəzifəsinə təyinat alır".

Analitik qeyd edib ki, danışıqların intesivləşdiyi və ortaya tərəfləri qane edən sənəd çıxarıldığı an isə Ermənistan və Qarabağ separatçıları tərəfindən ağlasığmaz tələblər və  iddialar irəli sürülür.

"Ən acınacaqlısı da odur ki, bölgədə sülhün təmin olunmasında əngəl törədənlər region ölkələridir. Bu istiqamətdə İran və Rusiya sanki bir ələ işləyirlər. Avropa İttifaqının sülhün təmin olunması üçün fəaliyyəti təqdirəlayiq olsa da, Fransanın əsassız, ədalətsiz və həyasız mövqeyi danışıqlara ciddi təsir göstərir. Rusiya Avropa Birliyinin fəallığına da qısqancıqla yanaşır. Hətta, Lavrov ironik şəkildə Ermənistan yetkilərinə və ictimaiyyətinə çatdırdı ki, Avropa Birliyi münaqişəni Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini istəyir. Lavrov isə ”Biz  Qarabağ erməniləri üçün gələcəkdə status verilməsini şərt olaraq irəli sürmüşük” deyib. Bəzi siyasi ekspertlərimiz isə lavrovun bu bəyanatını yanlış təhlil edirlər. Lavrovun Qarabağla bağlı bəyanatını konteskdən çıxararaq guya" “Dağlıq Qarabağ Muxtar Vilayəti” Alma-Ata bəyannaməsinə uyğun olaraq Azərbaycan torpağıdır "deməsi siyasi spekulyasiyadır”. 
“Lavrov ona ünvanlanan suala cavab verərkən Paşinyanla Əliyevin Soçidə Rusiyaya təqdim etdiyi sənədin Aİ-nın təklifi olduğunu və Alma -Ata sazişinə əsaslandığını deyib.Rusiyanın isə mövqeyi 5 rayonun qaytarılması şərtilə Kəlbəcər və Laçıının qaytarılmasını Qarabağa status verilməsi ilə paralel həlli təklifi idi.Müharibədən sonra isə Rusiya Qarabağa statusun verilməsini gələcəyə saxlanması şərti ilə qoşunlarına status istəyir.Durum həyacanlı olsa da ABŞ,İngiltərə və Avropa birliyi kifayət qədər sağlam təkliflərlə çıxış edirlər. Hazırda diplomatiyamız bütün istiqamətlərdə fəal çalışır. İlin sonuna qədər Rusiya təsirli addımlar atmazsa, bölgədə hərbi eskalasiya qaçılmazdır. İndiki şəraitdə isə stabilliyin pozulması ən çox Rusiyanın əleyhinə işləyəcək. Ona görə də, Putinlə görüşlərimiz intensivləşməlidir"- deyə V.Əfəndi fikirlərini yekunlaşdırıb.

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top