“Fransa rəsmi Bakının icazəsi olmadan Xankəndidə heç vaxt hər hansı ofis aça bilməz” — AÇIQLAMA

GÜNDƏM 18 noy 2022, 14:43
“Fransa Senatının Azərbaycan əleyhinə qəbul etdiyi qətnamənin heç bir real əhəmiyyəti yoxdur. Bu sənədin hüquqi statusu Fransa hökumətinə tövsiyə xarakteri daşıyır. Yəni, müəyyən mənada, kağız parçasından başqa bir şey deyil”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. 

Analitikin sözlərinə görə, həmin bədnam sənəddə yer alan və Azərbaycanın Xankəndi şəhərində Fransanın "humanitar ofis" inin açılması ilə bağlı çağırış da heç bir hüquqi əhəmiyyət daşımır. 

“Çünki, Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti dislokasiya olunduğu Xankəndi və ətraf bölgə beynəlxalq hüquq normalarına görə, Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Ona görə də, Fransa rəsmi Bakının icazəsi olmadan Azərbaycanın Xankəndi şəhərində heç vaxt hər hansı ofis aça bilməz. Yəni, Fransa Senatının məlum bədnam qətnaməsi siyasi və hüquqi məntiqdən həm uzaqdır, həm də əhəmiyyətsizdir”.

E.Xalidbəyli qeyd edib ki, Fransa Senatı bununla yalnız Ermənistanın və erməni diasporunun istəklərini yerinə yetirib. Eyni zamanda, bu sənəd Fransanın dövlət maraqlarına ciddi problemlər yarada bilər.

“Məsələ ondadır ki, rəsmi Bakı Fransanı Azərbaycan və Ermənistan arasındakı sülh prosesindən kənarda saxlayacaq. Böyük ehtimalla yaxın vaxtlarda Fransanın Azərbaycandakı biznes fəaliyyətinə də yenidən baxılacaq. Eyni zamanda, rəsmi Bakı Fransanın törətdiyi bəşəri cinayətləri - Afrika ölkələrindəki müstəmləkəçilik fəaliyyətini, həmin ölkələrin əhalisinə qarşı qətliamları və soyqırımları beynəlxalq səviyyədə gündəmə gətirməyə başlayacaq. Yəni, Fransa Senatı erməni diasporunu ucbatından Azərbaycan kimi önəmli regional güc mərkəzi ilə münasibətlərini korlamış oldu”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top