Milli Məclisin deputatı Vahid Əhmədov növbəti dəfə Quba şəhərindəki ofisində seçiciləri ilə görüş keçirib.
Demokrat.az xəbər verir ki, tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandıran millət vəkili Milli Məclisdəki fəaliyyəti və gələcək planları barədədə danışıb.
Qəbul üçün qeydiyyatdan keçmiş 61 seçicinin və Xaşmaz rayonundan olan 3 nəfər sakinin xahişləri nəzərə alınaraq onlar təkbətək qəbul ediliblər. Qəbul zamanı məişət problemlərini əhatə edən məsələlər çoxluq təşkil edib.
İşədüzəlmə, təhsil, sahibkarlıq üçün şəraitin yaradılması, sosial müavinətlər, əmlakın özəlləşdirilməsi, torpaq və bu kimi digər məsələlər baxılan məsələlər sırasında olub. Əksər məsələlər yerindəcə araşdırılıb, müvafiq tapşırıqlar və tövsiyələr verilib, həlli vaxt tələb edən məsələlər köməkçi tərəfindən nəzarət üçün qeydiyyata alınıb.
Rayonun Gədikqışlaq kənd sakini Firuz Kərimov ailə üzvləri ilə birgə oğlu üçün uzun müddət həll edə bilmədiyi, lakin deputatın müdaxiləsindən sonra həllin tapan iş məsələsinin həllinə görə V.Əhmədova minnədarlıq üçün qəbula gəldiyini deyib.
Qəbuldan sonra millət vəkili Azərbaycan Prezidentinin sərəncamı əsasında yenidən qurulan Quba-Qonaqkənd-Şamaxı avtomobil yolunun tikintisi ilə bağlı aparılan işlərlə yerində tanış olub.
Çox böyük işlərin şahidi olan millət vəkili yolüstü əhali ilə söhbətləşərək camaatın görülən işlərdən nə qədər məmun olduqlarının şahidi olub. Əhali yekdilliklə cənab Prezidentə görülən işlərlə bağlı öz dərin minnətdarlığını bildirib.
Qeyd olunub ki, yolüstü 5 körpünün tikintisi ilə bərabər, uzun illərdir həllini tapa bilməyən kəndin yanından keçən Vəlvələ çayının üzərində uzunluğu 126 metr olan körpünün qurulması nəinki Qonaqkəndlilərin, həm də yolu Qonaqkəndən keçib gedən onlarla yaşayış məskənlərinin sakinlərinin sözün əsl mənasında böyük sevincinə səbəb olub. Çox yaxın vaxtda Quba-Qonaqkənd-Şamaxı yolunun Qonaqkəndə qədər olan hissəsi əhalinin istifadəsınə veriləcək.
Cimi kəndinin sakinlərinin yol ilə bağlı etdikləri müraciət əsasında Qonaqkəndlə Cimini birləşdirən yolun vəziyyəti ilə yerində maraqlanan millət vəkili görülən işlərlə tanış olub, icra olunmuş işlərlə bağlı Quba yol İdarəsinin rəhbərləri Gülağa Əliyevə və Tağı Tağıyevə öz təşəkkürünü bildirib.