Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır — FOTO

DAXİLİ SİYASƏT 02 noy 2022, 17:49
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilatında partiyanın təsis olunmasının 30 illiyinə həsr olunan tədbir keçirildi

Noyabrın 2-də Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının "Məshəti 3" ünvanı üzrə ərazi partiya təşkilatında YAP-ın yaradılmasının 30 illiyinə həsr olunan “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır" mövzusunda tədbir keçirildi.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Yeni Azərbaycan Partiyasının yaradıcısı, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin və müstəqilliyimizin, ərazi bütövlüyümüzün təmin olunması yolunda canlarından keçən Vətən oğullarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı.

Cəmiyyətdə böyük nüfuza, siyasi çəkiyə malik, ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan Yeni Azərbaycan Partiyasının 30 illik fəaliyyətini özündə əks etdirən videoçarx nümayiş olundu.

Tədbiri giriş sözü ilə açan "Məshəti 3" ünvanı üzrə ərazi partiya təşkilatının sədri, Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Kifayət Bayramova bildirdi ki, bu gün ölkəmizin hər yerində ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu, hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edən Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illik yubileyi təntənə ilə qeyd edilir: “Ötən 30 il həm partiyanın, həm də ölkəmizin həyatında mühüm hadisələrlə zəngindir. Bu uğurların zirvəsində dayanan tarixi Zəfərimizi şərtləndirən amillər 30 ilin təhlili fonunda aydın şəkildə görünür. Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursa sadiqliyini atdığı hər addımında təsdiqləyən Prezident İlham Əliyevin rəhbərliyi ilə YAP yeni-yeni hədəflərə doğru inamla irəliləyir.”

YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə çıxışında ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı xidmətlərinin miqyasının böyüklüyündən, 30 illik yubileyini qeyd edən Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan, cəmiyyətdə artan nüfuzundan və mövqeyindən geniş bəhs etdi: “Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır” tezisi bütün dövrlər üçün aktuallığını qorumaqla yanaşı, özünün real həyatda təsdiqini tapıb. Ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir, qarşıya qoyduğu hədəflərə doğru inamla addımlayır.”

Xalqımızın çoxəsrlik, zəngin və şərəfli dövlətçilik tarixinin ən parlaq səhifəsinin Azərbaycanın ərazi bütövlüyünün, tarixi ədalətin bərpası olduğunu söyləyən Vüqar Rəhimzadə diqqətə çatdırdı ki, Yeni Azərbaycan Partiyası 30 illik yubileyini Zəfər ab-havasında qeyd edir: “YAP ötən illərin uğurları fonunda yeni-yeni hədəfləri müəyyənləşdirməklə Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanın dayanıqlı inkişafına, daha da qüdrətlənməsinə öz böyük töhfələrini verir. Partiyanın hər bir şəhər və rayon təşkilatı qarşıda dayanan vəzifələrin uğurlu icrası üçün səylə çalışır. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu, Müzəffər Ali Baş Komandan, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərlik etdiyi partiyada təmsil olunmaq hər bir üzv üçün böyük qürurdur.”

Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatı “Qara şəhər” ərazi partiya təşkilatının üzvü, Xətai Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov qeyd etdi ki, yarandığı gündən ümumxalq partiyası kimi nüfuz qazanan, ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan Yeni Azərbaycan Partiyası müasir çağırışlara uyğun hər bir yeniliyi, təkmilləşməni öz fəaliyyətində tətbiq edir, xalqın bütün istək və arzularının reallığa çevrilməsinə öz töhfələrini vermək üçün səylərini artırır: “Dünənin, bu günün və gələcəyin partiyası olan YAP sıralarında 800 minə yaxın üzvü birləşdirərək hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu, müstəqilliyimizin möhkəmləndirilməsi, ölkəmizin inkişafı, Azərbaycanın dünya birliyində yeri və rolunun daha da artırılması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə inamla irəliləyir. Ölkəmizin hər bir uğurunda partiyanın öz payı vardır.”

Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatı “Qara şəhər” ərazi partiya təşkilatının üzvü, Vətən müharibəsi qazisi Anar Məmmədov 30 il ərzində şərəfli və məsuliyyətli yol qət etdiyini, öz siyasi xətti və fəaliyyəti ilə xalqın partiyasına çevrildiyini vurğuladı: “Bu gün sürətlə inkişaf edən müstəqil dövlətimizi uğurlu inkişafa aparan bu yolda hər bir Azərbaycan vətəndaşı Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyir və böyük əzmlə dövlətin, xalqın, Vətənin mənafeyi naminə səy göstərir.”

Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşı, Yeni Azərbaycan Partiyasının gənc üzvü Aytac Məhərrəmova qeyd etdi ki, Yeni Azərbaycan Partiyası gəncliyin inkişafına yüksək diqqət yetirir: “Həyata keçirilən bir çox layihələr, gənclərin tədbirlərinə dəstək verilməsi, onlar üçün geniş imkanların yaradılması buna əyani sübutdur. Təbii ki, partiyamızda gənclərin öz bilik və bacarıqlarının üzə çıxarılması üçün geniş imkanlar yaradılıb. Partiya rəhbərliyi intellektual, fəal gənclərin bir çox təşəbbüslərini dəstəkləyir və onların cəmiyyət həyatında daha aktiv iştirak etmələrinə hərtərəfli dəstək göstərir.”

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi ilə əlaqədar ölkənin ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup YAP üzvünə partiyanın Xətai rayon təşkilatının Fəxri fərmanları təqdim olundu.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top