Sərhəddə insidentlər gözlənilir: Müharibədə kimin marağı var? — AÇIQLAMA

GÜNDƏM 28 sen 2022, 20:45
“Nikol Paşinyanın Blinkenlə görüşməyi, Nensi Pelosinin Ermənistana səfəri, bir neçə gündən sonra Makronla baş tutan görüş onu deməyə əsas verir ki, Paşinyan yenidən Qərbin farvaterində üzməyi seçib. Biz bilirik ki, Paşinyan hakimiyyətə gələndə qərbyönümlü idi, amma İkinci Qarabağ müharibəsindən sonra Rusiyanın bölgədə rolunu görərək, Rusiyaya yaxınlaşmışdı. Amma son zamanlar Paşinyan yenidən öz əvvəlki xəttinə üstünlük verməyə başlayıb. Rusiyadan uzaqlaşaraq qərbyönümlü siyasət yürütməyə cəhd edir”. 

 Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Sultan Zahidov deyib. Politoloqun sözlərinə görə, Paşinyanın bu cür addım atması bir neçə səbəblə bağlıdır:

“Nikol Paşinyan sentyabrın 13-də baş verən sərhəd insidentindən sonra KTMT-ə müraciət etdi və onun çox böyük ümidi var idi ki, bu təşkilat Ermənistana yardım edəcək, lakin onun ümidləri puça çıxdı. Nə Rusiya, nə də KTMT-ə üzv olan digər dövlətlər bu məsələdə iştirak etmək istəmədilər. Bu da Putini bir növ həm Rusiyadan, həm də KTMT-dən uzaqlaşdıran amillərdən biri oldu. Paşinyan Səmərqənddəki görüşə getmədi, amma BMT-nin görüşünə getdi. Blinkenlə, Makronla görüşdü”. 

Analitik əlavə edib ki, canlı qüvvəsi İkinci Qarabağ müharibəsində yerlə-yeksan edilən Ermənistanın indiki halda şəxsi təşəbbüs göstərərək müharibəyə başlaması mümkün deyil:


“Təbii ki, onun havadarlarının müharibədə marağı ola bilər, xüsusilə də ABŞ. Bilirik ki, ABŞ Rusiya-Ukrayna müharibəsi fonunda Rusiyanın daha da zəiflədilməsində maraqlıdır. Məhz bu səbəbdən də artıq neçə müddətdir ki, ardı kəsilmədən Ukraynaya yardım edir. ABŞ Rusiyanın nəinki Ukraynada, bütün cəbhələrdə zəiflədilməsini istəyir. Rusiyanın MDB məkanında zəifləməsini, nüfuzunu itirməsini istəyir. Bu baxımdan, Rusiyaya qarşı digər yerlərdə cəbhə aça bilər. Rusiyanın həmin bölgələrdə nüfuzunun azadılması üçün müəyyən tədbirlər görə bilər ki, burada ilk növbədə Cənubi Qafqaz düşür. Cənubi Qafqazın ABŞ üçün böyük əhəmiyyəti var. Buranın tranzit potensialı baxımından, burada keçən nəqliyyat kommunikasiya enerji xətləri baxımından önəmi böyükdür. ABŞ sözsüz ki, çalışır ki, Rusiyanın nüfuzu burada daha da azalmış olsun. Bu yolda ABŞ artıq Rusiyadan üz döndərməyə başlayan Ermənistandan vasitə kimi istifadə edə bilər”. 

S.Zahidov qeyd edib ki, Qərb Rusiyanın bütün Qafqazdan çıxmasını hədəfləyir:

“Rusiyanın Qafqazdan çıxması bizim üçün də önəmli hadisə olardı. Azərbaycanın uzun illər boyu proseslərə daha fəal iştirak etməsi üçün əsas mane olan tərəflərdən biri də məhz Rusiya idi. Biz bilirik ki, Qarabağın hələ də rus sülhməramlıları qalmaqdadır.Rusiya federal təhlükəsizlik xidmətinin qüvvələrinin Ermənistan sərhəddindən, Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması bizə sərf edir. Eyni zamanda, da Azərbaycanın Qarabağ üzərində suverenliyi tam şəkildə bərpa olunması deməkdir ki, bu da bizim üçün müsbət addım olardı. İstənilən halda, hesab edirəm ki, qarşıdakı dönəmlərdə sərhəd ətrafında müəyyən insidentlər ola bilər, amma genişmiqyaslı müharibənin başlanması Ermənistan üçün böyük bir səhv olar”. 

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top