Teatr direktoru Nüsrət Kəsəmənlinin qazi nəvəsini işə götürmədi — FOTO

SOSİAL 20 sen 2022, 12:18
Mərhum şair Nüsrət Kəsəmənlinin nəvəsi, aktyor Cavidan Kəsəmənli sosial şəbəkə hesabında yeni paylaşım edib.

Demokrat.az
xəbər verir ki, o, feysbuk hesabında Gənc Tamaşçılar Teatrının direktoru Naidə İsmayılzadənin onu işə götürməməsindən şikayətlənib. Cavidan teatrda işləmək üçün bu ilin əvvəlindən Naidə xanıma müraciət edib. Uzun müddət sonra baş tutan görüşdə direktor aktyora ştatda yer olmadığını deyib:

"Gənc Tamaşaçılar Teatrında özbaşınalıq. Hərbi xidmətdən sonra ixtisasım üzrə Gənc Tamaşçılar Teatrına müraciət etdim, son dərəcə məsuliyyətsiz rəhbərlikləri var. 4-5 dəfə məni yarıyoldan qaytardıqdan sonra, nəhayət, görüş baş tutdu. Mənə dedilər ki, yer yoxdur, olan kimi səni çağıracağıq. Qısa müddət sonra bir neçə nəfər yaşıdım olan oğlanları işə götürdülər. Yəqin, daşım ağırdır, mənə yer tapa bilmirlər. Gülməlisi isə bilirsiniz nədir? Naidə İsmayılzadə jurnalistin bu mövzu ilə bağlı sualına cavab olaraq demişdi ki, "O, müraciət edəndə teatrda yer və ştat yox idi. Teatrda kimlərsə təqaüdə çıxmalıdır ki, yer boşalsın. Bu kimi hallar teatrda uzun məsələdir. Bizim yeni siyahımız da var, kimləri qəbul edib, söhbət etmişik, kimləri gələcəkdə teatra götürə bilərik.

Bəs nə oldu? 9 ay keçib və hələ mən bildiyim neçə nəfəri özünüz ştata qəbul etmisiniz. Tutaq ki, o vaxtları yer yox idi, bəs sonra? Buna cavab vermir. Mənim təhsil əziyyətim, vətən xidmətim, müharibə iştirakçılığım sizin üçün belə ucuzdur? Nəzərə alın ki, götürdükləri heç bir aktyorda məndə olan üstünlük yoxdur. Nə təhsil, nə fiziki görünüş olaraq. Və ən əsası bir neçəsi hərbi xidmətdən yayınanlardır, əminəm, araşdırıla bilər. Dediklərimə son dərəcədə cavabdehəm".

Xatırladaq ki, Cavidan Kəsəmənli Vətən müharibəsi qazisidir.


SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top