Məşhur “Təbrizin sehrli nağılları” kitabının müəllifi vəfat etdi

GÜNDƏM 27 avq 2022, 23:50
Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi, sənətşünaslıq doktoru, məşhur “Təbrizin sehrli nağılları” kitabının müəllifi Cəmilə Həsənzadə vəfat edib.

“Report”un xəbərinə görə, bu barədə C.Həsənzadənin həmkarları bildiriblər.

Qeyd edək ki, C.Həsənzadə 1947-ci ildə Bakı şəhərində anadan olub. 1968-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1973-ü ildə isə Leninqrad Rəssamlıq Akademiyasının nəzdində İ.Repin adına İnstitutu sənətşünaslıq fakültəsini bitirib. 1973-ci ildən Azərbaycan Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun elmi işçisi idi, 1983-cü ildən N.Tusi adına pedaqoji Universitetinin bədii qrafika fakültəsində, İncəsənət və Mədəniyyət Universitetində və İncəsənət gimnaziyasında dərs deyib.

1976-cı ildən SSRİ Rəssamlar İttifaqının üzvü idi.

1983-cü ildə SSRİ-ı toplularında XVI əsr Təbriz miniatür boyakarlığı" adlı namizədlilik dissertasiyasını, 2002-ci ildə "XIII əsrin sonu-XV əsrin əvvəllərində Təbriz miniatür məktəbinin yaranması və inkişafı" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. C.Həsənzadə “Müxtəsər incəsənt tarixi” (1999), "Təbriz məktəbinin XIII əsrin axırı -XV əsrin əvvəllərində yaranması və inkişafı" monoqrafiyasının (1999) və “Тебризская школа в контексте мусульманской миниатюрной живописи” (XIV - I половина XVI вв.), “Təbrizin solmaz boyaları: XIV-XVI əsr Azərbaycan miniatür boyakarlıq” kitablarının müəllifidir.

"Təbrizin sehrli nağılları" kitabı dünya incəsənəti tarixində özünəməxsus yeri olan, Orta və Yaxın Şərq xalqları incəsənətinin maraqlı və zəngin hissəsini təşkil edən Azərbaycan miniatür sənətinə həsr olunub. Azərbaycanın tətbiqi sənətinə geniş yer verildiyi kitab tariximizi, mədəniyyətimizi dünyada tanıtdırmaq baxımından növbəti uğurlu nəşrlərdən biri kimi qiymətləndirilir.
Daha əvvəl İsrailin Azərbaycandakı səfiri Corc Dik Azərbaycanın tarixi şəhəri Təbrizin tarixi, incəsənətindən bəhs edən "Təbrizin sehrli nağılları" kitabı ilə bağlı paylaşım edib. "Bu yaxınlarda mənə ərməğan edilən bu möhtəşəm kitabda Təbrizdə Azərbaycan tarixi və mədəniyyəti haqqında çox şey öyrənirəm. Bu günlərdə nə oxuyursunuz?", - səfir sosial şəbəkə hesabında qeyd edib. Bundan sonra bir sıra ictimai fəallar, tanınmış şəxslər sosial şəbəkə hesablarında "Təbrizin sehrli nağılları" ilə bağlı paylaşımlar edirlər.
Allah rəhmət eləsin!

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top