Baş redaktor: “Jurnalist fikir, söz, ifadə azadlığından istifadə edərək başqasının bu hüquqlarını pozmamalıdır”

SOSİAL 19 avq 2022, 20:11
Xəbər verdiyimiz kimi, Medianın İnkişafı Agentliyinin media subyektlərinə müraciətində bildirilib ki, Agentlik qanunvericiliklə müəyyən olunmuş səlahiyyətləri çərçivəsində mütəmadi olaraq media subyektlərinin fəaliyyəti ilə bağlı təhlillər aparır və qurumun ümumi fəaliyyəti barədə hesabatlar hər ay media ictimaiyyətinə təqdim edilir.

Qeyd olunub ki, aparılan təhlillər göstərir ki, bəzi media subyektləri öz fəaliyyətlərində jurnalistikanın əsas norma və prinsiplərini pozmaqla, materialların hazırlanmasında birtərəfliliyə yol verməklə, qarşı tərəf və ya tərəflərin mövqeyini öyrənməməklə, həmçinin aldadıcı başlıqlardan istifadə etməklə “Media haqqında” Azərbaycan Respublikasının Qanununun və “Redaksiya siyasəti və peşə etikası” qaydalarının tələblərini pozur.

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi media subyektlərini belə hallara yol verməməyə, fəaliyyətlərində “Media haqqında” Azərbaycan Respublikasının Qanununa və “Redaksiya siyasəti və peşə etikası” qaydalarına riayət etməyə çağırır, bildirir ki, belə hallar təkrarlanarsa, pozuntuya yol vermiş media subyektlərinə rəsmi xəbərdarlıq ediləcək və xəbərdarlıqlar Agentliyin rəsmi informasiya resurslarında yerləşdiriləcəkdir.

Xəbərdarlığa əməl edilməyəcəyi təqdirdə isə qanunvericiliyə uyğun olaraq, növbəti tədbirlərin görülməsi təmin olunacaqdır. Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi bütün media subyektlərini peşəkar və məsuliyyətli olmağa, eyni zamanda, informasiya alan tərəflərin də hüquqlarına hörmətlə yanaşmağa çağırır”.

Demokrat.az xəbər verir ki, məsələ ilə bağlı “Pravda.az” xəbər portalının rəhbəri İlkin Pirəli KONKRET.az-a bildirib ki, Medianın İnkişafı Agentliyinin media subyektlərinə müraciəti tam məqamında atılan addım idi:

“Əslində media nümayəndələri bu cür xəbərdarlıqların edilməsinə şərait yaratmamalıdırlar. Çünki jurnalist üçün obyektivlik ən əsas prinsipdir. MEDİA jurnalistləri məsuliyyətli olmağa dəvət edir. Jurnalistin sıradan bir sosial şəbəkə istifadəçisindən fərqi olmalıdır axı.

Obyektivlik, qarşı tərəfə yervermə təmin olunmursa, dolğun informasiyadan söhbət gedə bilməz, bu, hüquq pozuntusudur. Material hazırlanırsa, qarşı tərəfin də fikrinə mütləq yer ayrılmalıdır. Belə olan halda, həqiqət üzə çıxır. İnformasiya əldə olunan kimi dərc edilə bilməz, yoxlanılmalı, əlavə mənbələrlə dəqiqləşdirilməli, konkret şəxs və ya şəxslərlə bağlıdırsa, mövqeləri verilməlidir.

Doğrudur, bəzi hallarda cavab almaq da mümkün olmur. Amma qanunvericilikdə nəzərdə tutulanlara əməl etmək lazımdır. “İnformasiya əldə etmək haqqında” qanunun 24-cü (İnformasiya sorğusunun icra müddəti) maddəsində qeyd olunub ki, informasiya sorğusu ən qısa müddətdə, lakin 7 iş günündən gec olmayaraq icra edilir. Bu müddətdə həmin informasiya öz operativliyini itirərsə, sorğuya dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavab verilməlidir. İnsan həyatı, sağlamlığı, yaxud şəxsin azadlığı üçün real təhlükə yarandığı hallarda axtarılması və hazırlanması müəyyən vaxt tələb edən informasiya 48 saat ərzində (istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü istisna olmaqla) təqdim edilir.

Əgər sorğu natamam və ya qeyri-dəqiq tərtib olunubsa, vəzifəli şəxs müəyyən edilmiş çatışmazlıqlar barədə sorğuçuya 5 iş günü ərzində məlumat verir. Bu, təkcə Azərbaycanın qanunvericiliyində deyil, beynəlxalq standartdır. Jurnalist fikir, söz, ifadə azadlığından istifadə edərək başqasının bu hüquqlarını pozmamalıdır. Tələskənliyə yol vermək olmaz, peşəkarlıq hər şeydən önəmlidir. Açıq deyək, məlumatların birtərəfli yayılmasında xüsusilə maraqlı olanlar “reket”lərdir. Bunların isə jurnalistika ilə əlaqəsi yoxdur, onlarla bağlı da dövlət səviyyəsində ciddi tədbirlər görülür. MEDİA-nın bu addımları təqdirəlayiqdir, qoşuluruq”.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
29 sen 2022, 18:25
Top