Deputat: “Bizim suveren hüquqlarımız Xankəndidə, Xocalıda da bərpa olunacaq”

GÜNDƏM 08 avq 2022, 15:00
"44 günlük Vətən müharibəsindən sonra Azərbaycan bölgədə yeni reallıqları diqtə edir. Azərbaycan postmüharibə dövründə, yəni iki ilə yaxın müddətdə bölgədə sülhün dayanıqlı, həmçinin tərəqqi və inkişafın olması üçün əlindən gələni etməyə çalışır və bunu əməli addımlarla sübut edir. Bu gün Qarabağ və Şərqi Zəngəzur bölgəsində Azərbaycan tərəfi ciddi işlərin görülməsini təmin edir. Yeni kəndlər, şəhərlər salınır və infrastruktur formalaşdırılır. Böyük bir ərazidə sıfırdan böyük infrastruktur qurulur ki,  bu da həm böyük maliyyə, həm böyük səbr, həm də qətiyyət deməkdir”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib. Deputat vurğulayıb ki, bu gün bütün Azərbaycan xalqı bir yumruq şəklində ölkə prezidentinin ətrafında toplaşmış və bu məsələnin həlli yolunda hər kəs öz üzərinə düşən vəzifəni yerinə yetirmək yolunda çalışır:

“Bu gün Azərbaycan prezidenti həm Moskva, həm Soçi, həm də Brüssel görüşlərində qalib Ali Baş Komandan və ölkə prezidenti kimi həm diqtə edən, həm də rasional təkliflərlə çıxış edən tərəf kimi özünü göstərmiş oldu. Təqdim olunan 5 baza prinsipi təkcə Azərbaycan, dost ölkələri üçün yox, hətta Ermənistanın özü üçün də məqbul sayılır. Ermənistan tərəfdən də bütün bunların qarşılığında rasional addımlar atmaq tələb olunur. Lakin Ermənistan tərəfinin hələ də buna əməl etməsinin, ləngitməsinin şahidiyik. Ara-sıra erməni silahlı birləşmələri, Azərbaycan ərazisində yerləşən müvəqqəti rus sülhməramlıların arxasında gizlənən erməni tör-töküntüləri atəşkəsi pozmağa, sərhəddə təxribat törətməyə çalışır. Bunlar təbii ki, yolverilməzdir. Azərbaycan tərəfi adekvat addımlarla, tutarlı cavablarla erməniləri yerində otuzdurur. Əlbəttə ki, Cənab Prezident söylədiyi kimi Azərbaycan tərəfinin səbri də hüdudsuz deyil. Təbii ki,  ermənilər yenidən müharibə istəsələr cavablarını artıqlaması ilə alacaqlar. Ermənistanın dövlət kimi mövcud olmayacağı sual altında qalır və bunu ermənilər yaxşı düşünməlidir. Biz "Qisas" anti-terror əməliyyatında bunu bir daha göstərdik. Qısa bir texnika və kiçik həmlələrlə Ermənistanın hərbi postunu, texnikasını, canlı qüvvəsini məhv etdik”.
 
Deputat əlavə edib ki, həmin əməliyyatdan sonra Azərbaycan prezidentinin müraciəti ilə Ermənistan tərəfinə konkret və aydın fikirlər çatdırıldı:

“Artıq Laçında  olan ermənilərin oranı tərk etməsini və alternativ yolun çəkilməsi ilə bu işlərin artıq həll olunmasını görürük. Ermənilər tələm-tələsik başını götürüb qaçmaqla məşğuldur. Biz bütün bunları çox normal formada silahsız, diplomatik yollarla həll olunmasını dəfələrlə təklif etmişik. Təəssüf ki, çox vaxt ermənilər sözlə yox, digər vasitələrlə daha çox tez  anlaya bilirlər. Bu, təəssüf doğursa da, belədir. Biz də onların anladığı dillə onlarla danışacağıq. Yəni, ermənilər hazırda bu əraziləri tərk etməlidirlər və edirlər də. Əlbəttə ki, bizim suveren hüquqlarımız  Xankəndi də, Xocalıda da bərpa olunacaq. Bu, 44 günlük Vətən müharibəsində Ermənistanın imzaladığı kapitulyasiya aktı ilə bitib. Azərbaycan suveren hüquqları bərpa olunub və həmin ərazidə qalan xalq Azərbaycanın qanunlarını, konstitusiyanı qəbul edərək Azərbaycan vətəndaşlığını qəbul edəcəklər. Artıq delimitasiya və demarkasiya məsələləri həll olunandan sonra bu bitmiş sayılacaq və hər ölkə rəhbəri tərəfindən sülh müqaviləsi imzalanmalı və bununla da, bölgəyə dayanaqlı sülh gəlməlidir. Bu gün bu Azərbaycanın təklif etdiyi məsələlərdir. Ermənistan da bu təklif olunan məsələlərə rasional yanaşmalı və adekvat addımlar atmalıdır. Əks halda Azərbaycan bir həmlə ilə Ermənistanı diz çökdürə bilər və Ermənistan dövlət kimi mövcud olması sual altında qala bilər. Bunları Ermənistanın hərbi-siyasi rəhbərliyi yaxşı düşünməli və adekvat, rasional addımlar atmalıdır”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top