“Çiçək” massivinin çiçəkli günləri nə vaxt olacaq?

SOSİAL 10 iyl 2022, 21:36
"Millət vəkili qəbul keçirib"

Bu günlərdə sosial media platformasında belə bir elana rast gəldim. Elanda deyilirdi ki, 7 iyul 2022-ci il tarixdə saat 11:00-da Binəqədi rayonu Xocasən bələdiyyəsinin inzibati binasında seçicilərlə növbəti görüş keçiriləcəkdir. İştirak etmək istəyənlər müraciət edə bilərlər. 

Açıq etiraf edim ki, son günlərdə ilk dəfə  idi ki belə məzmunda elanı oxuyurdum. Maraq doğurduğundan xəbərsiz şəkildə bu qəbulda iştirak etməyə qərar verdim. Deyilən vaxtda  Xocasən bələdiyyəsinin inzibati binasında idim.  Artıq inzibati binanın iclas zalına keçdikdə isə Milli Məclisin ən gənc və perspektivli üzvü Sabinə Xasayeva və köməkçisi Bayram Məmmədovla qarşılaşdım və niyyətimi də onlara söylədim.  Məmnun olsalar da, hiss etdim ki, gəlişim onlar üçün gözlənilməz olub.
Qəbul  iki saatdan artıq vaxt apardı. Bu müddət ərzində 21 nəfər şikayətçi qəbul olundu. Onlardan ikisi qrup şəklində idi. Qəbula gələn  şəxslərin böyük əksəriyyəti Xocasən qəsəbəsindəki  “Çiçək” massivi deyilən ərazinin illərlə yığılıb qalmış problemlərinin millət vəkili tərəfindən icitmailəşdirilməsi və həllinə dəstək məqsədi daşıyırdı. İki nəfərdən başqa qalan 19 nəfər məhz ümumi qəsəbənin problemiylə bağlı müraciət etdi.   

Vətəndaşlar əsasən Xocəsən bələdiyyəsinə daxil olan qəsəbə və yaşayış massivlərində  yeni tikilmiş fərdi evlərin sənədləşdirilməsinin, məhəllədaxili yolların asfaltlaşdırılmasının və işıqlandırılmanın başa çatdırılmasının, qəsəbələrdə kanalizasiya şəbəkəsinin qurulmasının və yeni yaşayış massivlərində kanalizasiya xətlərinin çəkilməsinin, müharibə veteranlarının asudə vaxtlarını səmərəli keçirmələri üçün müvafiq binanın tikintisinə köməklik göstərilməsinin, Çiçək yaşayış massivində tam orta məktəbin, körpələr evi-uşaq baxçasının tikintisinin plana salınmasının, qəsəbəyə su çəkilişinin təmin edilməsinin, hətta narkomaniya ilə mübarizə sahəsində əhali arasında maarifçilik və hüquq təbliğatnın gücləndirilməsinin vacibliyini xüsusi ilə qeyd etdilər.

Millət vəkili təmkinini pozmadan, demək olar ki, söylənilən bütün problemlərdən xəbərdar olduğunu xüsusilə qeyd etməsi, yenidən müvafiq qurumlara müraciət ediləcəyini bildirməsi, həmçinin edilən müraciətlərin diqqətdə saxlanılacağını ötkəm şəkildə bildirməsi diqqətimdən yayınmadı. Qəbulda həm də köməkçisi Bayram Məmmədovun məntiqli müdaxiləsi də verilən cavabları sanki tamamlayırdı.

Bələdiyyənin sədr müavinindən fərqli olaraq, qəbula sonradan qatılan Binəqədi RİH-i başçısının Xocasən qəsəbə inzibati dairəsi üzrə nümayəndəsi Teyyub  Abdullayev və Xocasən Bələdiyyəsinin sədri Nigar Məmmədovanın müəyyən problemlərə doğru-dürüst cavab vermələri onların da qəsəbənin  problemləri barədə məlumatlı olduqlarından xəbər verirdi. 

Qəbuldan gəldiyim ilk  qənaət isə bu qəbulun nazir, komitə sədri və ən nəhayət icra başçılarından fərqli olaraq əvvəlcədən hazırlıqsız təşkil edilməsiydi. Bu da yəqin ki, bütün veriləcək suallara millət vəkilinin hazır olması kimi başa düşülə bilər.
İndi isə qəbuldan gəldiyim digər qənaətləri diqqətə çatdırmaq istərdim.
 
***
Əslində qəbula gələn vətəndaşları narahat edən problemlərin vaxtilə bəzi gözüac məmurların məsuliyyətsiz addımları nəticəsində yarandığını hər kəs bilir. Xocasən qəsəbəsində hazırda  qeyri-rəsmi şəkildə  100 min nəfərə yaxın sakin yaşayır. Onların bir qismi neft şirkətinə məxsus olan ərazilərdə, müəyyən bir qismi pay torpaqlarında, bir qismi isə Abşeron rayonuna aid olan torpaqlarda məskunlaşıblar.  Hamının gözü qarşısında  konkret olaraq qeyri-qanuni, heç bir layihəyə uyğun olmayan şəklidə salınan küçələrdə hər hansı standartdan danışmaq yersizdir. 

Bu gün qəsəbələr artıq salınıb. İnfrastruktur çəkilib. Hər kəsin işığı, qazı, suyu və telefonu var. Bəs infrastruktur salınıbsa, əhaliyə bu xidmətlər müəyyən mənada göstərilirsə niyə bu xidməti göstərən orqanlar əhaliyə tələb olunan səviyyədə xidmət göstərmir və ya göstərmək niyyətində deyillər. Qəti əminəm ki, vaxtilə qanunsuz salınan ərazilərə  müəyyən maraqlar təmin edilməklə işıq, qaz və su xəttləri çəkilməsəydi yəqin ki, bu gün bu problemlərin həlli də dalana dirənməzdi. 
Artıq iş işdən keçib. Geriyə yol yoxdur. Əgər belədirsə onda heç olmasa əhalinin qarşlaşdığı problemlərin həllinə çalışmaq lazımdır. Ərazidəki mənzillərin 90 faizi sənədləşdirilmədiyinə görə bələdiyyə əmlak vergisini toplaya bilmir.  Qəsəbədə kanalizasiya xəttinin olmaması başqa bir biabırçi vəziyyət yaradıb. Üstəlik qəsəbədəki 128 küçənin 104-nə asfalt salındığı halda niyə digər məhz ortada qalan küçələrə asfalt vurulmaması, hətta uşaq bağçasının və orta məktəbin olmaması əhalinin haqlı narazılığına səbəb olur. 

Göründüyü kimi, Təhsil Nazirliyi,  “Azərsu”, “Azəravtoyol”, Əmlak məslələri  Dövlət xidmətinin yaratdığı süni problemlərə millət vəkiliylə bərabər həm nümayəndə, həm də Xocasən bələdiyyəsinin sədri cavab verməli olur.  Millət vəkili edilən müraciətləri məhz bu orqanlara yönəldəcək, onlarda müəyyən mənada standart cavab verəcəklər ki, guya həmin ərazinin layihə planlama işləri aparılır, növbəti ildə görüləcək işlərin siyahısına salınacaq. Bununla da guya problem öz həllini tapacaq. Əslində isə problemi yola vermək yox onu birdəfəlik həll etmək lazımdır. Belə başdansovdu  “yola vemələr”  əhalinin narazılığını bir qədər də  artırdığını adıçəkilən orqanlarda çalışanlar yaxşı bilməildir. 

Göründüyü kimi, reallıq odur ki, əziyyəti və problemi yaradan orqanlar  qalır kənarda, əhalinin qarşısına millət vəkili, bələdiyyə sədri və nümayəndə çıxmalı olur. Nə isə... 
Görünən odur ki,  qeyri-qanuni salınan qəsəbələrdə məskunlaşan insanların problemi tezliklə öz həllini tapmalıdır. Konkret. 

 Vüqar Tofiqli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top