Postmüharibə dövründə şəhid ailələri və qazilərə hansı dəstək göstərilib?

DAXİLİ SİYASƏT 20 iyn 2022, 19:14
Vətən müharibəsi ilə torpaqlarımızda işğala son qoyan Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tarixi Zəfərin qazanılmasında əməyi keçən hər kəsə xüsusi diqqət ayırır, ələlxüsus şəhid ailələri və qazilər dövlət qayğısı ilə əhatə olunur.

Müharibənin başa çatmasından sonra Əmək və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vasitəsilə həyata keçirilən sosial dəstək layihələri bunun təsdiqidir.

Şəhid ailələri və qazilərimizə mənzil və işlə təmin edilməsindən tutmuş sosial müavinətlərin verilməsinə qədər bütün istiqamətlərdə dəstək verilir. Bunu şəhid ailələri və qazilərin çıxışılarından da görmək mümkündür, eləcə də faktlar real vəziyyəti göstərir.

Postmüharibə dövründə sosial dəstək tədbirlərinin 100 min şəxsi əhatə etməsi, 190 min xidmətin göstərilməsi reallığın rəqəmlərdə əksi hesab oluna bilər.

Ən mühüm məqamlardan biri şəhid ailələri və qazilərin bürokratik əngəllərlə üzləşmədən, elektron sistem üzərindən proaktiv qaydada sosial ödənişlərlə təmin edilməsidir. Artıq “Müharibə veteranı” olan şəxslərə Prezidentin aylıq təqaüdünün təyin edilməsi bu ilin əvvəlində yekunlaşıb. İndiyə qədər şəhid ailələrinin üzvlərinə və qazi olan 93 min şəxsə 104 min sosial ödəniş edilib.

60 faiz artım

Buna paralel olaraq, ötən ilin əvvəlindən şəhid ailələri və müharibə əlillərinin, Milli Qəhrəmanların təqaüdləri, bu ilin əvvəlindən isə sosial müavinətlər, o cümlədən əlilliyə görə müavinətlər orta hesabla 60 faiz artırılıb. Vətən Müharibəsi Qəhrəmanlarına Prezidentin təqaüdü (2000 manat), Vətən müharibəsinin veteranlarına Prezidentin təqaüdü (80 manat) təsis olunub. Son 4 ildə şəhid ailələri, müharibə əlillərinə təqaüd və müavinətlər orta hesabla 2,5 dəfə, orta aylıq pensiya 70 faiz, yaşa görə orta aylıq pensiya 75 faiz artıb.

Mənzillə təminat

Sosial dəstək paketinin əsas hissələrindən biri də şəhid ailələri və müharibə əlillərinin mənzil təminatı proqramının icrasıdır. Bu proqram 5 dəfə genişlənib. 2021-ci ildə 3 min, postmüharibə dövründə 3500 mənzilin, ötən dövrdə ümumilikdə 12500-dən çox mənzil və fərdi evin verilməsi təmin olunub. 44 günlük Vətən müharibəsi şəhidlərinin ailələri, həmin müharibənin əlillərinin də keçən ilin əvvəlindən mənzillə təminatı həyata keçirilir. Müharibə əlillərinin avtomobillə təminat tədbirləri çərçivəsində son 4 ildə də 1500-dək, bu il 100, ümumilikdə ötən dövrdə 7450 müharibə əlili avtomobillə təmin edilib.

İşlə təminat

Şəhid ailələrinin üzvləri və qazilərin məşğulluq problemi əsaslı şəkildə həllini tapır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən müharibədən sonra 12 mindən artıq  şəhid ailəsi və qazi aktiv məşğulluq proqramlarına cəlb olunub. Onlardan 7,8 min nəfəri özünüməşğulluq proqramına cəlb edilərək, onlar üçün kiçik ailə təsərrüfatları, kiçik biznes sahələri yaradılıb.

Nazirlik tərəfindən 2021-ci ildə başladılan, şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğuna dəstək məqsədi daşıyan “Məşğulluq marafonu”na artıq 648 işəgötürən qoşularaq 4561 vakansiya təqdim edib. Marafon çərçivəsində artıq 2400-ə qədər şəxs işlə təmin olunub. Onlardan 1998 nəfəri qazi, qalanları şəhid ailələrinin üzvləridir. Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və müharibə iştirakçılarının əmək bazarının tələblərinə uyğun peşələrə yiyələnməsi də əsas hədəflərdən biridir. 2022-ci ilin 5 ayı ərzində peşə hazırlığına 1542 vətəndaş cəlb olunub ki, onlardan bir hissəsi də şəhid ailəsi üzvləri və Vətən müharibəsi iştirakçılarıdır.

Tibbi xidmət

Müharibədə yaralanmış şəxslərin müalicəsi əsaslı şəkildə aparılır, o cümlədən, əlilliyin təyin edilməsi prosesi sürətli həyata keçirilir. ƏƏSMN-nin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşları yaralı hərbçiləri evlərində və ya müalicə aldıqları xəstəxanalarda ziyarət edərək, ilkin müayinə və qeydlər aparıblar. Növbəti mərhələdə aidiyyəti qurumların nümayəndələrindən ibarət Komissiya tərəfindən həmin qazilərin əlilliyinin qiymətləndirilməsi üçün operativ sənədləşdirmə işləri yerinə yetirilib. Müvafiq sənədlər elektron sistemlərə daxil edildikdən sonra agentlik müalicə müddəti başa çatmış qazilərin əyani müayinələr əsasında əlilliyinin qiymətləndirilməsini aparıb, artıq 3 min qaziyə əlillik və sosial ödənişlər təyin olunub. Qazilərin əlillik müddətləri bitdikcə və sənədləri əlillik üzrə e-sistemə daxil edildikcə, bu qiymətləndirmələr davam edir. Ümumilikdə, son 3 ildə 160 mindən çox əlillik təyinatı həyata keçirilib, bu ilin 5 ayında da əvvəlki illərin müvafiq dövrləri ilə müqayisədə 2-3 dəfə çox - 30 min şəxsə əlillik təyin edilib.

Qazilərin keyfiyyətli reabilitasiya xidmətləri ilə təminatı həyata keçirilir. Nazirliyin 12 reabilitasiya mərkəzində 2500 qaziyə səmərəli reabilitasiya və sosial-psixoloji xidmətlər göstərilib. Vətən müharibəsində yaralanaraq əzalarını itirmiş 200 qazinin, ümumilikdə 300 müharibə əlilinin yüksək texnologiyalı son nəsil elektron protezlərlə təminatı proqramı uğurla icra olunub.

Postmüharibə dövründə 1400-dən çox müharibə əlili 19 mindən çox reabilitasiya vasitəsi ilə təmin olunub. Eyni zamanda, qazi və şəhid ailələrinin üzvlərindən ibarət 2 954 ailənin 5 min üzvünə sosial-psixoloji dəstək göstərilib.

Faktlar şəhid ailələri və qazilərimizin dövlətin tam qayğısı ilə əhatə olunduğunu əks etdirir. Dövlət öz üzərinə düşəni ən yüksək səviyyədə yerinə yetirir, biz də cəmiyyət olaraq onların daim yanında olmalıyıq. Çünki Zəfərimizin qazanılmasında iştirak edənlərin hər birini yaxından tanımasaq belə, onların hər birinə borcluyuq.

Vaqif Hüseynli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top