“Rusiya MDB məkanını, o cümlədən Cənubi Qafqazı işğal etmək istəyir” — ŞƏRH

GÜNDƏM 10 iyn 2022, 16:57
“Rusiya MDB məkanını, o cümlədən Cənubi Qafqazı işğal etmək istəyir”. 

Bunu Demokrat.az-a açıqlamasında siyasi şərhçi Azər Rəşidoğlu Türkiyə və Rusiyanın Cənubi Qafqazda əsas geosiyasi maraqlarını şərh edərkən deyib. Analitik qeyd edib ki, Moskva Qafqazı öz ərazisi hesab edir:

“Burada Qərb və ya başqa ölkənin təmsilçiliyini qəzəblə qarşılayır. Rusiya yüz illər boyunca bizə qarşı düşmənçilik siyasəti yürüdüb və bu gün də eyni siyasəti davam etdirir. Türkiyə də bölgədə möhkəmlənmək istəyir. Lakin Ankara işğalçılıq etmir. 44 günlük savaşda Ankara Bakıya hər cür dəstəyi verdi. Digər tərəfdən, Türkiyə bir çox məsələlərdə Qərbin dəstəyini tam olaraq əldə edə bilməyib. Ona görə də, Ankara nə Rusiya ilə münasibətini pozmaq istəyir, nə də ki, Qərblə açıq qarşıdurmaya gedir. Ankara Rusiya-Ukrayna müharibəsində neytral olmağa çalışır, hər iki tərəfə münasibətdə “açıq qapı” siyasəti yürüdür. Ankara hər iki tərəf üçün etibarlı vasitəçidir”. 



A.Rəşidoğlu qeyd edib ki, bu rolda Türkiyənin çıxış etməsi həm Qərbə, həm də Rusiyaya sərf edir:

“Türkiyə bu gün turizm və digər sahələrdə əsasən Rusiya ilə əməkdaşlıq edir. Hər il Rusiya turistlərinin Türkiyəyə səfəri qardaş ölkənin iqtisadiyyatına milyardlarla dollar mənfəət verir. Onu da unutmaq olmaz ki, Türkiyədə kifayət qədər Rusiya şirkətləri fəaliyyət göstərir. Türkiyə belə mövqe yürütməklə həm də Rusiya bazarlarını tərk edən Avropa şirkətlərinin yerini tutmağa çalışır. Türkiyə yaranan bu boşluğun fərqindədir. Ona görə də türk şirkətlərinin həmin bazara daxil olmağını istəyir. Bütün məqamlarda Rusiya üçün tərəfdaş olaraq Türkiyə daha etibarlıdır”. 

Siyasi şərhçi əlavə edib ki, Rusiya ilə Türkiyənin maraqlarının toqquşduğu regionlar var:

“Qarabağ, Suriya, İraq, Liviya kimi regionlar onların marağındadır. Türkiyə bu regionlarda Moskva ilə qarşı-qarşıya gəlməmək üçün onunla həm də əməkdaşlıq edir və bundan da qazanır. Türkiyənin güclənməsi çoxlarını narahat edir, o cümlədən elə Rusiyanın özünü”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top