“Bu, xalqdan xəbəri olmayan tipik məmur yanaşmasıdır” — Partiya sədrindən Samir Şərifovun sözlərinə SƏRT REAKSİYA

GÜNDƏM 25 may 2022, 15:31
Bu gün maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “2021-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsində deyib ki, ötən ilin əvvəlində Azərbaycanda yanacağın, qazın və digər məhsulların qiymətləri artırılıb. Nazir qeyd edib ki, bu, çox ağır addım idi, amma bu gün dünya miqyasında qazın qiymətinə baxsaq, görərik ki, bizdə qiymət heç nədir.

Məsələ ilə bağlı fikirlərini Demokrat.az-a bölüşən Ağ Partiyasının sədri Tural Abbaslı bildirib ki, Azərbaycanı idarə edən məmur heyətinin böyük əksəriyyətinin Azərbaycan əhalisinin sıravi vətəndaşının yaşayışından, dərdlərindən, qayğılarından xəbəri yoxdur. Partiya sədri vurğulayıb ki, bir çox hallarda nazirlərimiz, komitə rəhbərlərimiz, ümumiyyətlə, məsul vəzifəli şəxslər problemlərə, əhaliyə, onların qayğısına statistika kimi baxırlar:

“Bizim məmurlar əhali ilə eyni dərdləri, qayğıları bölüşmürlər. Yəni, məsul vəzifəli şəxslər əhalinin problemlərinə statistika kimi baxırlar. Təbii ki, Samir Şərifov da maliyyəçidir və qazın qiymətinə statistik qiymət kimi baxır. O, statistikaya baxanda görür ki, nəinki Qərbi Avropada, hətta Şərqi Avropada da ən ucuz qaz qiymətləri bizdədir. Amma, adam reallıqları bilmir ki, Azərbaycan o dövlətdir ki, orada insanlar bir ayını cəmi 300 manata işləyir. Bu da günə 10 manat deməkdir və ayın axırında qaz pulu 80-90 manat gəlir ki, bu da vətəndaşın aylıq gəlirinin üçdə biridir. Hələ bunun digər xərclərini hesablamırıq, bundan başqa bir evdə 3-4 nəfər olur. Bunu anlaya bilmirlər və deyirlər ki, bizdə ən aşağı qiymətdir, minimumdur. Deyəndə ki, bizdə minimum əmək haqqı 300 manatdır, onda yenə başlayırlar statistikaya. Yəni, bu, əslində xalqdan xəbəri olmayan tipik Azərbaycan məmurunun yanaşmasıdır”. 

T.Abbaslı təəssüflə qeyd edib ki, nə qədər ki, ölkəmizdə real şəkildə problemlərdən xəbəri olmayan məmurlar var, o zaman qayğılarımız da, problemlərimiz də bitməyəcək:

“Qeyd edim ki, nəinki rayonlarımızda, hətta Bakının bəzi kəndlərində belə qışda qaz olduğu halda insanlar odun yandırırlar. Çünki odun almaq daha ucuz başa gəlir. Bəzilərinin xəbərləri yoxdu axı ki, insanlar böyük evlər tikdriblər və qızınmaq üçün onun yalnız bir otağından istifadə edirlər. Ona görə ki, qazla bütün evi qızdırmağa imkanları çatmır. Sonda bunu deyə bilərəm ki, nə qədər ki, bu xalqı onun qayğılarından, problemlərindən real şəkildə xəbəri olmayan məmurlar idarə edəcək, təəssüf ki, biz də qayğılar, problemlər bitməyəcək”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top