Səfir: “Qarabağda istehsal edilən elektrik enerjisi İran vasitəsilə ixrac ediləcək”

SƏNAYE VƏ ENERGETİKA 19 may 2022, 13:42
Qarabağda istehsal ediləcək elektrik enerjisi İran vasitəsilə Naxçıvana, Türkiyəyə, Avropa ölkələrinə ixrac ediləcək.

Bunu “Report”a İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi deyib.

Onun sözlərinə görə, İran da bu elektrik enerjisindən istifadə edəcək: "Gələcəkdə Qarabağda elektrik stansiyalarının tikintisində İran şirkətlərinin iştirakı nəzərdə tutulur".

Səfir əlavə edib ki, İran şirkətlərinin Qarabağda həm təhsil kompleksinin, həm də xəstəxananın tikintisində iştirakı nəzərdə tutulur: “Bu istiqamətdə iş aparılır”.

Qeyd edək ki, 1994-cü il 2 iyul tarixində “Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında hidro və elektroenergetika sahələri üzrə əməkdaşlıq haqqında Memorandum” imzalanıb. Adıçəkilən Memorandumda “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının tikinti işlərinə başlanılmasına dair razılıq əldə edilib.

Adıçəkilən layihənin icrası ilə bağlı aparılan uzunmüddətli müzakirələrin nəticəsi olaraq stansiyaların tikintisi ilə bağlı “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında Saziş” 23 fevral 2016-cı il tarixdə imzalanıb.

“Xudafərin” su anbarının tutumu 1,612 milyard kubmetr, minimal həcmi isə 117 milyon kubmetr təşkil edir. Su anbarında işlər yekunlaşdırılıb.

“Qız Qalası” hidroqovşağının su tutumu 56,75 milyon kubmetr, minimal həcmi isə 7,5 milyon kubmetr təşkil edir. Su anbarında işlər 95 % tamamlanıb.

Xatırladaq ki, bu günə qədər Qarabağda 4 min meqavat gücündə 9 elektrik stansiyası açılıb. Həmçinin, beş su elektrik stansiyası tikilir və bu layihələr 2022-ci ildə böyük ehtimalla tamamlanacaq. Bununla yanaşı, Laçın və Kəlbəcərdə 100 meqavat gücündə külək elektrik stansiyaların, həmçinin, 50 meqavatlıq günəş elektrik stansiyalarının tikintisi nəzərdə tutulub.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top