“Beynəlxalq tədbirlərin hamısı Şuşada keçirilsin” — Xalq artisti

İNCƏSƏNƏT 19 apr 2022, 13:21
“Çox istərdim ki, beynəlxalq tədbirlər, festivallar, oyunlar hamısı elə Şuşada keçirilsin. Qoy bütün dünya Şuşanı tanısın! Onsuz da bu gün hər kəs Şuşa ilə maraqlanır”.

Bunu Demokrat.az -a Dünya Azərbaycanlılarının V Qurultayının Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilməsi ilə bağlı danışarkən Xalq artisti Firəngiz Mütəllimova bildirib.

O, Şuşa barədə təəssüratlarını da bölüşüb: 



“Şuşa mənim həyatımın ən vacib hissəsidir. Təsəvvürünüzə gətirin ki, ruhumdur, qidamdır. Mən 30 il həsrətlə yatanda da, duranda da, ancaq “Şuşa, Şuşa, Şuşa” demişəm və onu hər şeylə müqayisə etmişəm. Biz Şuşada bütün fəsilləri normal yaşayırdıq. Bakıda bir də görürsünüz ki, qalın geyimdən birbaşa yay geyiminə keçirik. Amma, Şuşada bunlar tam fərqli idi. Biz orada bütün fəsilləri tam yaşayırdıq. Şuşada sakit, küləksiz qar lopa-lopa düşərdi. Yəni, nə görürdümsə, hər şeyi Şuşa ilə müqayisə edirdim. Allaha şükür ki, indi bu gün Şuşa bizim özümüzdədir. İstəyirəm ki, ən dəyərli, ən möhtəşəm, ən səviyyəli, bizə ən vacib olan bütün tədbirlər elə Şuşamızda keçirilsin. Çünki Şuşa buna layiqdir. Şuşa bilirsiniz, bunun üçün nə qədər darıxıb!?  O qədər tənha kimsəsiz qalıb ki, orada!? Bax, bu hay-huy, təmtəraq ona lazımdır. Bəzən görürsünüz deyirlər ki, hamı gedir Şuşada şəkil çəkdirir. Əlbəttə ki, bu çox lazımdır. Qoy dünya görsün ki, Şuşa bizimdir! Çünki Şuşanın özü darıxıb bunlar üçün! Bir məqamı da qeyd edim ki, biz hər il yaz gələndə orada bayrama hazırlaşırdıq.Uşaqdan tutmuş böyüyədək Cıdır düzünə gedirdik, hamı lalələrin içində təmtəraqla bayramı qeyd edirdi. Yaxşı ki, mən o günləri yaşamışam. Uşaqlığım, gəncliyimin ən gözəl çağları o dövrlərə düşüb. Təbii ki, bütün bunlar Allah-təala tərəfindən mənim üçün göndərilmiş böyük bir sərvətdir”.
 
Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top